Skip to main content


Uşaqlardakı heyrətamiz 5 xüsusiyyət

1. Onlar ruzi narahatlığı, qorxusu hiss etməzlər- Bu gün insanlar maddi sıxıntı qorxusuyla rüşvət alır, bankdan faizlə pul götürür, pulla qiymət yazan müəllimlər, uşaqların yeməyini oğurlayan bağça müdirləri kimi sahib olduğu vəzifəsini sui istifadə edir, halal qazancı az qala ozünə sığışdırmırlar. Nəticədə cəmiyyət bu kimi halları artıq normal qəbul edir və halal ruzi, qazanca daha az önəm verirlər. Halbuki Quranda Allah təala buyurur:

Kim Allah`dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah`a təvəkkül etsə, (Allah) ona kifayət edər. (Talaq 2-3)

2. Xəstələndikdə və ya başına bəla gəldikdə Uca Allah`dan kiməsə şikayət etməzlər- Təəssüf ki, insanlar bəzən hansısa səbəblə uğursuzluğa düçar olduqda yol verdiyi xətaları araşdırıb özünü inkişaf etdirmək əvəzinə, Allah`ı günahlandırır və sanki bununla təsəlli tapırlar. Halbuki Allah təala buyurur:

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.(Şura 30)

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Kimdə bu üç şey varsa, dünya və axirət xeyrinə qovuşmuş sayılır; qəzaya riza göstərmək, bəlaya səbr etmək, rahatlıqda dua (şükr) etmək”. (Deyləmi) Deməli, bəlaların nemət olması, o bəlaya səbr etməyə və Allah təalanın göndərdiyi qismətə razı olmağa bağlıdır. Bəlaya səbr etmək, peyğəmbərlərin xislətlərindəndir.

3. Tək başına yemək yeməyi sevməzlər- Ailə ilə isti münasibətdə olmaq, onlara sevgi göstərmək, onlarla birgə vaxt keçirməkİslamın və insanlığın ən gözəl dəyərlərindəndir. Bu dəyərləri qorumaqla insanlığı dirçəltmiş oluruq. Bir hədisdə deyilir: “Qohum-əqrəbaya edilən infaq üçün, həm sədəqə, həm də qohum-
əqrəbanı qoruyub onlarla maraqlanmağın savabı vardır”. (Tirmizi/Zəkat 26)

4. Xəta etdikdə qorxar və gözlərindən yaş axıdarlar- İnsan xətakardır. Lakin insanlığın ən gözəl halı xəta etsə də, xətasını boynuna alması, peşmançılıq hissi keçirərək, doğru həyata addımlaması və xətrinə dəydiklərilə halallaşmasıdır. Yersiz qürur və özünübəyənmə sonda yalnız insanın özünə ziyan gətirər.

(Adəm və Həvva) Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq! – dedilər. (Əraf 23)

5. Savaşdıqları zaman kin tutmadan tez barışarlar- İnsanlarla münasibətdə hər zaman mənfi vəya müsbət hallar yaşana bilər. Bu qaçılmazdır, lakin önəmli olan müsbət dəyərləri qoruyub saxlaya bilməkdir. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin; ey Allah`ın qulları qardaş olun. Bir müsəlmana üç gündən artıq (din) qardaşı ilə küsülü qalması halal olmaz”. (Buxari/Ədəb 57-58)

Başqa bir hədisdə deyilir: “Kim haqsız olduğu bir münaqişəni tərk edərsə, ona Cənnətin kənarında bir ev qurular. Haqlı olduğu bir münaqişəni tərk edənə isə Cənnətin ortasında bir ev qurular. Kim də əxlaqını gözəlləşdirərsə Cənnətin uca yerində bir ev qurular.” (Tirmizi/Birr 58 (1994), Əbu Davud/Ədəb 8 (4800)

Allah təalanın bəlkə də bizə övlad bəxş etməsinin səbəblərindən biri odur ki, həyatda qarşılaşdığımız hər cür düşmənçilik, ikiüzlülük, xəyanət və müxtəlif bəlalar nəticəsində itirdiyimiz saf dəyərləri uşaqlara baxaraq yenidən dirçəldək. Allah bizdən istədiyi saf bir müsəlman şəxsiyyətini qoruyub saxlaya bilək.

Saf müsəlman halını yaşamaq ümidiylə...