Skip to main content


Evini Cənnət edən qadının xüsusiyyətləri

Yoldaşına yoldaş olar, qarşılığını Rəbbindən gözləyər; uşaqlarına ana olar qarşılığını yenə Rəbbindən gözləyər, qonşusuna qonşu olar qarşılığını yenə Rəbbindən gözləyər. Belə bir qadın özünü dəyərsiz dünya malına sərf etməz, bezməz, usanmaz. Allah`ın hər şeyi görməsi, qarşılığını Onun verməsi, çəkdiklərinin ona kəffarə olması ona tam bir təsəllidir.
O, sıxıntılardan boğulanda “lə havlə və lə qüvvətə illə billəh” deyər. Rəbbinin əmrlərinə tabe olar, qadağalarından çəkinər. Evində Rəbbini yeganə söz sahibi edər. Rəbbi də onu qoruyur.

2) Aşağıdakı ayələri heç unutmaz:

“Ey möminlər, səbrli olun, səbr yarışında düşməninizi geridə qoyun, daima savaşa hazırlıqlı olun və Allah`dan qorxun ki, qurtuluşa nail olasınız”. (Əli İmran 200)

“Belə de: “Ey mömin bəndələrim! Rəbbinizə qarşı gəlməkdən çəkinin; Bu dünyada yaxşılıq edənlərə yaxşılıq vardır. Allah`ın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları sonsuz ödənəcəkdir”. (Zümər 10)

“İnsanların ümidsizliyə düşməsinin ardından yağışı endirən və rəhmətini yayan Allah`dır. O, əsl dostdur, tərifə layiq olandır”. (Şura 28)

“Allah daima bir çətinlikdən sonra bir asanlıq yaradır”. (İnşirah Surəsi 7) 

3) Bu hədislər onun ölçüsüdür;

Hansı qadın daha xeyirlidir? Deyə soruşanda Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Qadınların ən xeyirlisi ərinin baxdığı zaman onu sevindirən, əmir etdiyi zaman itaət edən, ərinin xoşuna gəlməyən şeylərdə ona qarşı çıxmayan qadındır.” (Nəsai, Nikah 14 (6,68))

Hər hansı bir qadın, əri ondan razı olaraq ölərsə Cənnətə girər.” (Tirmizi, Rada 10, (1161))

Dünya, nemətlərlə doludur. Dünya nemətlərinin ən yaxşısı də salehə bir qadındır”. (Müslim, Rada 64; Nəsai, Nikah 15; İbn Məcə, Nikah 5)

4) Həyatı sübh namazı ilə başlayar. Gününü sabah namazına görə planlaşdırar. Vaxtında namaza qalxar, yoldaşını və uşaqlarını qaldırar. Namaz qılmalarını gözləyər. Duasını və zikrini edər. Beləliklə, günə, Allah`ın himayəsində başlamış olar. Özü namaz qılmayacaqsa belə, ev əhli üçün yenə namaza qalxar. Davamlı olmasa da, müəyyən günlərdə səhər namazından sonra gün doğana qədər gözləyər. O vaxtı dua və istiğfarla keçirər. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Gecə qalxıb namaz qılan, zövcəsini də qaldıran, qalxmazsa üzünə su səpərək oyadan kimsəyə Allah mərhəmət etsin. Eyni şəkildə, gecə qalxıb namaz qılan, ərini də oyadan, oyanmasa, üzünə su səpərək yuxusunu qaçıran qadına da Allah mərhəmət etsin”. (Əbu Davud, Tatavvu 18, Vitr 13; Nəsai, Qıyəmu’l–leyl 5; İbn Məcə, İqamət 175)

İbadətsiz və şərəfsiz olmaqdansa ac qalmağı üstün tutar. Duaya əhəmiyyət verər. Qəlbi daralanda da, kefi yerində ikən də dua edər. İbadətdən bezməz, usanmaz.

5) İş siyahısını başqalarından öyrənməz. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Sizdən birinizin öz evində görəcəyi bir iş, Allah`ın iznilə sizə mücahidlərin apardığı cihad savabını qazandırar”. (Kənzu’l-Ummal 45146)

Onun işi qul olmaq, yoldaş olmaq, ana olmaq, evinin sahibi olmaq və Allah`a dəvətçi olmaqdır.

6) Dərin hesablar aparar. Hesaba çəkilmədən əvvəl özünü hesaba çəkər. Çıxdığı axirət səfəri üçün yetərli hazırlığı edib etmədiyini, ölümü, qəbri, məhşəri, siratı, Cənnət və Cəhənnəmi düşünər. Bunların söhbətini deyil, təfəkkürünü edər. Salehlərin, alimlərin söhbətlərini dinləyər, kitablar oxuyar. Nəfsinin əskikliklərini müəyyən edər. Tövbə edər.

7) Əsla əşyanın köləsi deyildir. Qəbirə daşınmaz şeylərlə ömür çürütməz. Evi üçün zəruri olanları təmin edər. Muncuq yığıcı olmaz, mebelpərəstlik etməz. Əşyaya sərf etdiyi vaxtın, onlara verdiyi könlün hesabını düşünər. Yaşamaq üçün mal tələb olunduğunu bilər; Amma mal üçün yaşamaz.

8) Mətbəxə sitayiş etməz. Nəfsləri bağlayacaq qədər bişirər, yeyər. Ömrünü mətbəxdə keçirməkdən qorxar. Yeməyi doymaq üçün bilər. Zövq üçün, göstəriş üçün mətbəxdə qalmağının zərər olduğunu bilər.

9) Boş vaxt onun düşmənidir. Yad kişilərdən çəkindiyi kimi boş vaxtdan da çəkinər.

“Bu halda boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmaya-davam et”. (İnşirah 7) İstirahət yeri olaraq qəbri seçər. Məhdud bir ömrü, saatlarla davam edən dost söhbətlərində və bazarlıq səfərlərində xərcləməz. Yuxuya qarşı həssasdır. Vaxtında və müntəzəm yatar. Ruhu ilə bədəninin ehtiyacları arasında balanslı davranar. Birini digərinə əzdirməz.

10) Cahil qalmağın təhlükəli olduğunu bilər. Quran öyrənər, oxuyar. Hədis oxuyar, dinləyər. Fiqh məlumatı vardır. Xüsusən qadınlara aid məlumatları fərz elmlər kimi öyrənər. Ümumi mədəniyyətə laqeyd yanaşmaz. Əqidəsini, əməlini zay edəcək işlərdən çəkinər.

11) Pis nümunə olmaqdan qorxar. Uşaqlarına, qonşularına və yaxın qohum-əqrəbasına pis nümunə olub, onların günahlarını daşımaqdan qorxar. Geydiyi paltarı təqlid edəcək uşağının, bacısı və ya qardaşı uşaqlarının ona necə bir vəbal yükləyəcəyini düşünər. Allah`dan qorxar.

12) Uşaqlarını Allah`ın əmanəti olaraq bilər. Onları olduğu kimi qəbul edər. Başqa uşaqlarla öz uşaqlarını müqayisə etməz. Onların məsuliyyətini unutmaz. Onlar üçün hesab verəcəyini yaxşı bilər. Onları, ölümündən sonra özü üçün bir sədəqəyi-cariyə (davam edən, daim savab qazandıran sədəqə, daim insanlara fayda verən xeyirli işlər) kimi yetişdirər.

13) Allah`ın sevdiyi qullarını imtahana çəkdiyini bilər. Həyat yoldaşı, uşağı, qohumları, zalım güclərin təzyiqi ilə sınanarkən bunu düşünər. Xəstəliklə məşğul olarkən, kasıblığın altında əzilərkən bunu düşünər.

14) Ölər, amma harama girməz. Allah`ın haramlarından heç vaxt güzəştə getməz. Əgər güzəştə gedəcəksə, zövqlərindən güzəştə gedəcək. Haram işləri bu və ya o səbəblə yumşaltmaz . Toya qədər, nişana qədər ciddi görünüb, o gün isə zəif görüntü verməz.
Fasiqlikdən qorxar. Şeytanın kiçik dəliklər açaraq böyük qalaları dağıtdığını bilər.

15) Səbir dəryasıdır. Dərdlərə qarşı məğlub olmaz. Ağlamaq əvəzinə təfəkkür edər. Şeytana zəmin yaratmaz. Hər dərdin daha ağırı ola biləcəyini bilər. Ana olduğu üçün səbir edər. Həyat yoldaşı olduğu üçün səbir edər. Gəlin olduğu üçün səbir edər. Qadın olduğu üçün səbir edər. Və ən nəhayət qul olduğu üçün səbir edər. Dünya səbir yeri olduğu üçün də səbir edər.

16) Həyat yoldaşını razı salar Bilər ki, həyat yoldaşını  məmnun edərsə Allah təala ona Cənnət verər. Kişiləri razı salmaq asan olsaydı, əvəzinin Cənnət deyil bir öpüş olması lazım olacağını dərk edər. Həyat yoldaşının könlünü xoş etməyin Cənnəti qazanmaq qədər dəyərli olduğunu bilər. Kişiləri qadınların dünyaya gətirdiyini, onların qadınların qucağında böyüdüyünü unutmaz. Çətin işin qadını olar. Ərinin onu sevib evləndiyi günkü halını görmək istədiyini bilər. İlk günlərdəki münasibəti istəmə haqqı vardır. Özünün də ilk günlərdəki qədər cazibədar və şirin olması lazım olduğunun şüuru ilə yaşayar. Onun üçün gözəlləşər, gözəl qalar, bəzənər. Həyat yoldaşının gözünə cəlbedici gələn rəngləri, ətirləri üstün tutar. Onu tərifləməkdən çəkinməz. Onun axşam evə gəlişinə xüsusi qayğı göstərir. Ona fərqli olduğunu hiss etdirər. Qaşqabaq tökməz. Xüsusən də uşaqların qarşısında onunla mübahisə etməz. Ev işlərini həyat yoldaşından dəyərli hala gətirməz.

Həyat yoldaşı üçün cəlbedici bacarıqlar öyrənər. Onun sevgi və məhəbbətini artıran işləri inkişaf etdirər. Həyat yoldaşının qarşısında, qadınlar arasında ən yaxşı olduğunu sözləri ilə deyil, ona qarşı davranışları ilə sübut edər. Üzr istəyər; əgər üzrü haqsızlığından irəli gəlirsə uyğun olanı etmiş olar. Haqlı olduğu halda üzr istəyibsə, bu onun üçün böyük bir əcr qazanmasına vəsilə olar. Həyat yoldaşına dərd danışacağı, şikayət edəcəyi zaman münasib vaxtı gözləyər. Həddindən artıq qısqanclıq etməz. Şeytanın qısqanclıq hiyləsi ilə onu, həyat yoldaşının gözündə dözülməz hala salacağını düşünər. Məhz həyat yoldaşının ana və atasına qarşı onu əsla qısqanmaz. Evindəki çətinlikləri, atasının evi də olsa başqa bir evə daşımaz. Həyat yoldaşını, boşanmaq nöqtəsinə çatmadan şikayət etməz. Həyat yoldaşının ehtiyaclarına qarşı soyuq yanaşmaz. Belə bir hərəkətin mənəvi cəhətdən mələklərin lənətinə, maddi baxımdan da ərinin gözünün kənara sürüşməsinə səbəb olacağını bilər. Allah`ın rizasını qazanmaq niyyəti ilə hərəkət edəcəyi təqdirdə, daimi ibadət vəziyyətində olacağını unutmaz. Şübhə oyandıracaq mühitlərdən uzaq durar.
Həyat yoldaşının evdən uzaq qalacağı vaxtlarda, yola çıxmadan əvvəl ona qarşı şirin dilli, gülər üzlü olar və onu o halda yola salar ki, həyat yoldaşı, ayrı qaldığı günlərdə onun üçün darıxar. Bilər ki, qadın təbəssüm üçün, sevilmək üçün yaradılıb. Təbəssümü olmayan qadın sevilməz, sadəcə bəzi zərurətlərə görə səbr edilər. Evin xoşbəxtliyindən qadın, dolanışığından da kişi cavabdehdir. Kişi günəşin altında işləməkdən şikayət etməyəcəyi kimi, qadın da xoşbəxtliyi təmin etməyin çətinliyindən şikayət etməyəcəkdir.

17) Hicabı dekorasiya kimi deyil, Allah`ın əmri olaraq görər. Hicabla oynamaz; onunla bağlı fiqh elminə diqqət edər. Əbu Hüreyrə radiyallahu anhunun rəvayət etdiyinə görə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Cəhənnəmliklərdən özlərini dünyada hələ görmədiyim iki qrup var: Biri dana quyruqları kimi qırmanclarla insanları döyən bir toplum. Digəri də geyinmiş olduqları halda çılpaq kimi olan və başqa qadınları da özləri kimi geyinməyə həvəsləndirən, başları dəvə güvəninə bənzəyən qadınlardır. Məhz bu qadınlar Cənnətə daxil olmadıqları kimi, bu qədər məsafədən qoxusunu belə almazlar”.
(Müslim)

Hicab Fiqhi:

Hicab necə olmalıdır? Hicab bir ibadətdir. Necə və nə qədər olacağını da digər ibadətlər kimi Allah və Rəsulu müəyyən edir. Zövqlərə, zamana və məkana görə dəyişilməz. Bu beş meyar hicabın əsas normalarıdır:

Üz və əl xaricində açıq bir yer qalmayacaq. Boş (geniş) olacaq, bədənin formasını ortaya çıxarmayacaq. Şəffaf olmayacaq. Kişilərə məxsus bir geyim olmayacaq. Hicabın özü bir zinət materialı olacaq şəkildə cəlbedici olmayacaq. Çünki Quran hicabı əmr edərkən qadının zinət və cazibəsinin örtülməsini istəmişdir. Zinət zinətlə örtüləndə, qarşı cinsin diqqətini çəkməsi baxımından bəzən daha cəlbedici bir görüntü ortaya çıxa bilər. O zaman “geyinmiş çılpaqlar” törəyər. Örtünməyin konkret bir rəngi və forması yoxdur. Ölçüləri vardır. Mömin salehə qadın bunu unutmaz: Hicab, Allah`ın əmri olduğuna görə, şeytan üçün də bir aldatma və tələ mövzusudur. Mömin, Allah`ın əmrləri ilə şeytanın tələləri arasında dayananda cihad mövqeyində dayanmış olar. Hicab bir cihad növüdür. Uğrunda fəda edilməyəcək bir dəyər olmalıdır.

(suffagah.com)