Skip to main content


Uşaq tərbiyəsində “pozitiv rəftar”ın əhəmiyyəti

Bir gün azan oxunarkən, bir dəstə uşaq oxunan azanı və müəzzini lağa qoyurlar. Peyğəmbər salləllahu əleyhi və səlləm uşaqların bu halını görür və uşaqları yanına çağırır. Oxunan azanı kimin lağa qoyduğunu soruşur. Uşaqlar içlərindən birini göstərirlər. Peyğəmbər salləllahu əleyhi və səlləm uşağa tərəf çevrilib onun səsinin nə qədər gözəl olduğunu söyləyir. Arxasınca da uşağa azan oxumasını buyurur. Lakin uşaq azan oxuya bilmir və buna görə də utanıb xəcalət çəkir. Allah Rasulu salləllahu əleyhi və səlləm təbəssümlə azanı əvvəlcə özü oxumağa başlayır. Sonra uşağa tərəf çevrilərək “Buyur, təkrar et” deyə buyurur. Uşaq eşitdiyi qədər azan oxuyur. Uşaq oxuyub qurtarınca Peyğəmbər salləllahu əleyhi və səlləm ona bir kisə pul verir.

Özünü cəzalandırılacağını gözləyən uşaq belə bir mükafatla qarşılaşdığı üçün mat qaldığı halda Peyğəmbər salləllahu əleyhi və səlləm mübarək əlini uşağın alnına qoyur və saçlarını sığallayır. Sonra əlini uşağın sinəsinə gətirib ona “Allah səni mübarək şəxslərdən etsin, Allah sənə bərəkət bəxş etsin” deyərək dua edir.

Uşaq o ana qədər ürküb qorxduğu Peyğəmbər salləllahu əleyhi və səlləmə qarşı sonsuz sevgi hissi bəsləməyə başlayır. Biraz əvvəl çirkin bir davranışı ilə Peyğəmbərimizin hüzuruna gələn bu uşaq saf ürəyi ilə Allah Rəsulu salləllahu əleyhi və səlləmə: “Məni Məkkəyə müəzzin təyin edə bilərsinizmi?” deyə soruşur. Peyğəmbər salləllahu əleyhi və səlləm gülümsəyərək uşağın bu istəyini də rədd etmir. (Kutub`u-Sittə 16/597)

Bu örnəkdən aydın olur ki, Peyğəmbər salləllahu əleyhi və səlləm uşağın pis davranışına deyil, gözəl səsinə diqqət yetirərək onu müsbət istiqamətə yönəldir. Bu davranışa müasir pedaqogikada “pozitiv uşaq tərbiyəsi” deyilir ki, bu da müsbət rəftar edərək uşağı müsbət davranışlara sövq etmək üçün istifadə edilən bir anlayışdır. Çünki xətasından dolayı danlanan, cəza verilən, yəni neqativ tərbiyə tətbiq olunan bir uşaq qürurunu qorumaq üçün ya pis hərəkətlərinə davam etməyə meyillənəcək, ya da yaşıdığı xəcalət onun şəxsiyyətində dərin yaralar aça biləcəkdir. Lakin pozitiv rəftar uşaqların yaxşı əməllər etməyə daha həvəsli olub, pis əməllərin zərərindən daha çox uzaq qalmasına səbəb olmaqdadır.

Unutmayaq ki, uşaqlar bəzən xəta etsələr də, bu xətaları qəsdən bir pislik etmək niyyətilə etməzlər. Ona görə də onlar bir xətaya görə böyüklərə qarşı tətbiq olunan bir rəftara məruz qalmağa layiq deyillər. Uşaqlığını yaşayan uşağın üzərinə bağırmaq, hətta döymək istəyən bir valideyn, hisslərini cilovlamağı bacarmalı, qəzəbləndikdə bu hissin uşaqla əlaqəli olmadığını, öz duyğusundan irəli gəldiyini bilməlidir. Unutmayaq ki, Allah təala buyurur: “Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allah`dan) kömək diləyin. Çünki Allah səbr
edənlərlədir.” (Bəqərə 153)

"İslamda Usaq tərbiyəsi" kitabından bir parça