Skip to main content


Sual 17- Allah bizim Cənnətə və Cəhənnəmə gedəcəyimizi bilirsə, bizi niyə imtahan edir?

Fikirləşin ki, gözünüzü açar-açmaz Cəhənnəmdə alovlar içərisində yanırsınız. Sən, “mənim günahım nədir ki, məni bura atdınız?” – deyə soruşanda sənə, “dünyaya gəlsəydin, filan filan günahları edəcəkdin, buna görə də səni bir-başa Cəhənnəmə atdıq” – deyə cavab versəydilər, buna etiraz edərdin. Çünki burda böyük bir ədalətsizlik var və sənin də buna etiraz etmək haqqın var. Yəni Allah`ın bizim aqibətimizi bilməsi bizi yaratmasına və imtahan etməsi üçün maneə deyil. Əvvəl də qeyd etdiyimiz kimi, nəticəni bilmək onun həyata keçirilməsini dəyişdirmir. Məsələn, universitetə daxil olmamışdan əvvəl “Sən ağıllısan. Sən tibb universitetinə get. Sən axmaqsan, sən getmə” – deyilsə, böyük haqsızlıq, ədalətsizlik olar. Eyni zamanda da imtahan etmədən mükafat və cəza verilməsi ədalətsizlikdir və ədalətə yaraşmır.

Bəzən insanlar “Allah həyatımı belə yazıb, mən də onun yazdığı həyatı yaşayıram” – deyirlər. Unutmayaq ki, Allah yazdığı üçün biz yaşamırıq. Biz o cür yaşayacağımız üçün Allah elə yazıb.

İndi göstərəcəyimiz nümunədə bunu daha yaxşı başa düşəcəksiniz. Yüksək bir təpədə oturduğunuzu fərz edin. Təpənin altında bir maşın yolu var və təpənin digər tərəfində çökəklik var. Bir maşın gəlir və sürücü çökəklikdən xəbərsizdir. Sizin hesablarınıza görə 5 dəqiqə sonra sürücü çökəkliyə düşəcək və siz bu qaçılmaz hadisəni sezdiyiniz üçün əlinizdəki dəftərə “bu maşın 5 dəq sonra çökəkliyə düşəcək” – deyə qeyd edirsiniz və qeyd etdiyiniz kimi hadisə baş verir. Bu sürücüyə desəniz ki, “bu əlimdəki dəftərə siz çökəkliyə düşmədən öncə ora düşəcəyinizi yazdım” desəniz, o sürücünün də sizə “sən yazdığına görə belə oldu. Bu qəzanın səbəbi sənsən” demək haqqı varmı? Əlbəttə ki, belə bir söz demək haqqı yoxdur. Eynilə də, Allah`ın bizim edəcəklərimizi görməsi və yazmasının bizim nəticəmizə təsiri yoxdur. Yəni, biz öz iradəmiz, öz seçim haqqımızla öz yolumuza gedirik və sonda mükafat və cəzanı öz seçimlərimizdən dolayı qazanırıq. Qısaca desək, etdiyimiz səhv seçimlərdən ötrü eynən sürücünün səni günahlandıra bilmədiyi kimi, biz də Allah`ı günahlandıra bilmərik.

Peyğəmbər salləllahu əleyhi və səlləm səhabələrə onlardan hər birinin istər Cənnətdəki, istərsə də Cəhənnəmdəki yerinin artıq müəyyən edildiyini (yazıldığını) deyəndə onlar soruşdular: “Onda taleyimizə ümid edib, hər işi başlı-başına buraxaq?” Bu zaman Peyğəmbər salləllahu əleyhi vəsəlləm “Xeyr, hər bir uğur ona layiq olana çatır. Siz əməlinizlə doğrunu və istiqaməti axtarın” — cavabını verdi. (Kutubi Sittə 4797, Tirmizi/Qədər 8, 2142)

Bir öncəki suala keçmək üçün bax: Sual 16- Lə iləhə illəllah demək kifayətdirmi?

Bir sonrakı sual üçün baxın- Sual 18- Allah bizi sevirsə, niyə bizim günah işləməyimizə icazə verib sonra bizi Cəhənnəmdə yandırır?