Skip to main content


İslam və Qərb dəyər sistemində Allah anlayışı

Fikirləşdim ki, İslamın bir övladı olaraq belə bir böhranlı vəziyyətdə nə edə bilərəm. Qərara gəldim ki, fikirlərimi sizlərlə bölüşüm.
İslam və qeyri-İslam, o cümlədən Qərb dəyər sistemində anlayışların təfsilatlı izahı haqqında bəzi mülahizələrim var.

Təbii ki, müasir xristian Qərbindən yazacağam. Belə ki, müasir dövrdə xristian dəyərlər sisteminə əsaslanan sivilizasiya yoxdur. İndiki dövrdə xristianların yaşadığı dövlətlər deizmə əsaslanan ultra-liberal fəlsəfəni həyat tərzi olaraq seçmişdir.

Təbii ki, Allah anlayışının müqayisəli təhlilindən başlayacağıq…
Yanlışlarım olarsa, dini dəlillərlə düzəliş verənlərə təşəkkür edirəm. Razılaşmayanlara isə deyirəm: “Dəyərlər sistemimiz fərqlidir”.

İslami dəyərlər sistemində Allah yaradır. Yaratdığı ilə əlaqəsini kəsmir, onun həyatının bütün təzahürlərində təcəlli edir. Özünü hiss etdirir. Bir müsəlman istər ticarətində, istər ibadətində, istərsə də ictimai münasibətlərində “Allah nə deyir?” sualı ilə çıxış edir və bunun cavabına uyğun davranır. Söhbət prinsipial olaraq bu dəyərləri əsas götürən müsəlman şəxsiyyətdən gedir. O, məsum və günahsız deyil, amma prinsiplərində Allah anlayışı budur. Allah müsəlmanın praktik ibadətlər baxımından, ən azı gündə beş vaxt yanındadır. İbadət sisteminin mükəmməlliyi istər Allah dostu (vəli), istər adi müsəlman olsun, insanıAllah`dan qafil etmir. Allah bir müsəlmanın həyatının hər bir tərəfində mövcuddur.

Qeyri-İslam, xüsusən Qərb fikrində Allah… Təbii ki, bu qərbli Allah`ın varlığına inanırsa. Allah onun gündəlik həyatında praktiki olaraq mövcud deyildir. Onun anlayışında Allah yaradır və heç nəyə qarışmır. Onun arvadı ilə, uşaqları ilə, cəmiyyətlə münasibətlərini mənfəət tənzimləyir. Allah`a əsaslanan əxlaq anlayışı yoxdur, onda cəmiyyət də qarşılıqlı rifahın yaranmasına söykənən etika anlayışı vardır. Onun həyatında ibadətlər sisteminin davamlılığına ayıracağı vaxt da yoxdur. Çünki əsiri olduğu kapitalizm ona bu işi lazımsız görür. Yaxın mənfəət prinsipi onun üçün uzaq cənnətdən daha yaxşıdır. Onun üçün kilsə arada bir gedib ürək boşaltmaq üçündür. Psixoloji sarsıntılar zamanı bu qərbli üçün Ziqmund Freyd daha yaxındır, nəinki keşiş. Axı onun keşişi, xüsusilə, son hadisələrdə öz davranışı ilə onun nəzəriyyəsinin bir oyunçusuna çevrilmişdir…
Allah anlayışlarımız fərqlidir. Əgər xristian dəyərləri ilə yaşayan bir cəmiyyət olsa idi, yaxınlığımız daha çox olardı. Amma Qərbdə o dəyərləri öz nəzəriyyələri ilə Ziqmund Freyd, Karl Marks və digərləri çoxdan öldürdü. Adam Smitt isə evini yıxdı. Çünki müasir kapitalizmin ilk nəzəriyyəsi mütləq üstünlüklər idi…. Bu düşüncə indi də hakim deyilmi?! Öz ana xətti ilə…
Azər Hüseynov
(Məqalə azerimuslims.com saytından götürülmüşdür)