Skip to main content


İslama necə dəvət etməli − 6-cı mərhələ

Bunun üçün Peyğəmbər salləllahu əleyhi və səlləmin dəvətin 3 ilini əhatə edən gizli mərhələsində, Ərqamın evində təlim-tərbiyəsinə başladığı sahabələrə verdiyi şəxsiyyət təhsilinə baxacağıq. Bu təhsil 3 mühüm pillədən ibarətdir. Bu pillələrə dair əsas nöqtələrə toxunaq.

1-Sağlam bir əqidə: Allah Rəsulu Ərqamın evindəki ilk tələbələrinə iman və inanc əsaslarına dair çox saf və təmiz bir tövhid düşüncəsini öyrətdi. Tövhid kəliməsinin (Lə iləhə iləllah) mənasını, məzmununa və təsirinə dair bilinməsi lazım olan hər şeyi yaxşıca zehinlərinə oturtdu. Onları hər növ şirk, xurafat və batil inanclardan təmizlədi. Onlara yalnız Allah`a ibadət edib, yalnız Ona təvəkkül etməyi, arzularını vaxtilə saleh əməllər işləyən şəxslərin bütlərindən (qəbrlərindən) yox birbaşa Allah`dan istəmələrini, bütlərə (indiki pirlərə) deyil, birbaş Allah`a qurban kəsmələrini öyrətdi. Bu ilk tələbələr sağlam bir əqidəyə sahib olaraq, işin təməlini ən yetkin insandan, ən gözəl bir şəkildə öyrəndilər.

2- Əqli Təhsil: Təsəvvürdən başlayaraq ağıl və zehin dünyası vəhyin rəhbərliyində yenidən inşa edildi. Xüsusilə cahiliyyənin bütün qaranlıq və səhv düşüncələri incə tərəflərinə qədər düzəldildi. Bu yönü ilə Ərqamın evindəki təhsil əvvəlcə köhnə yanlış düşüncələrin məhvi  ilə başladı. Vəhyin təməl düşüncələriniə zidd nə qədər anlayış varsa, bunların içərisi boşaldıldı və sonra yenidən insanların anlayış və düşüncələri ilahi kəlamın mesajları ilə dolduruldu. Anlayışlar çox əhəmiyyətli idi. Çünki hər bir anlayış, insanın ölçü daşı idi. İşin başında əlindəki, yada zehin dünyasındakı ölçü vahidi səhv olan bir şəxs önünə gələn hər şeyi səhv ölçüb, biçər. Bunun üçün prioritet, bu sahəyə verildi və əvvəl təsəvvür, sonra ağıl hikmət inşa edilməyə başlandı. Çünki hikmətsiz elm həm insanın özünə, həm də cəmiyyətə fayda əvəzinə zərər verə bilər. Allah Rəsulu səllahahu əleyhi və səlləm buyurur: “Qardaşını onunla hidayətə / doğru yola çatdırdığın hikmət sözündən daha gözəl hədiyyə yoxdur.” (Darimi, Müqəddimə 32). Dəvətçi qarşı tərəfə əqli təhsil verərkən öyrəndiyi, bildiyi ayə, hədis və şərii məsələləri günümüzdəki hadisələr, müasir alimlərin rəyləri və ətraf mühitlə, zaman və məkanla sintez etməyi bacarmalıdır. Gözü yumulu olaraq bildiyni qarşı tərəfə ötürməməlidir.

Allah təala buyurur: “Rəbbinin yoluna, hikmət və gözəl öyüd-nəsihətlə dəvət et... (Nəhl 125). Buna praktik örnək olaraq, Həbəşistan səfərinə Allah Rəsulu salləllahu əleyhi və səlləm elmli, hikmətli bir şəxsi; Cəfər ibn Əbu Talibi  göndərməsinə baxa bilərik. İlk dəfə Həbəş Kralı Nəcaşinin qarşısına çıxan Cəfər hikmətli bir şəkildə əvvəlcə insanların İslamdan əvvəlki həyatlarının necə pis, haqq tanımayan, qohumluq münasibətlərinə fikir verməyən,güclü olanın zəifi əzdiyini, zinakar olduğlarını lakin İslamın insanları necə paklaşdırdığını və əvəzində necə əxlaqlı, qohumluq əlaqələrini saxlıyan, insan haqlarını qoruyan, zinadan qorunan təmiz bir cəmiyyətə çevrildiklərini bildirir. Cəfər krala İslamın yeganə haqq din olduğunu, xristianlıqdakı bir çox inanc səbəbiylə artıq bu dində qalmağın yolverilməz olduğunu deyə bilərdi. Hətta dəlil kimi bir çox ayə və hədis deyə bilərdi. Bu kimi fikirlər haqqı bildirsə də zaman və məkan etibarilə bunların deyilməsi uyğun deyildi. Əks halda bu fikirlər o zaman üçün bütün xristinları bir ovuc müsəlmana düşmən edər, bəlkə də onları kafir Məkkəlilərə təslim edərdilər (ən doğrusunu Allah bilir).  Lakin O, Məryəm surəsinin ilk ayələri deyir və İsanın Allah`ın Məryəmin bətninə qoydugu bir ruh olduğunu bildirir. Məryəm surəsindəki hadisələrin eynilə onların bildikləri elm ilə üst-üstə düşdüyü üçün xristian rahiblər və kral ağlamağa başlayır və Nəcaşi nə olursa olsun Cəfər və yoldaşlarını ərəblərə təhvil verməyəciyini bildirir. (M.M.Gadban “Fikhus Sıre” (“Allah Rəsulunun həyatı və Dəvəti”, Ravza yayınları, 16.cı bölüm, səh.215-216 ).

Yuxarıdakı nümunədən görüldüyü kimi müsəlman dəvətçi müvəffəqiyyətli olması üçün hər bildiyini dərhal qarşı tərəfə ötürməməlidir. Ayə və hədislər uyğun zaman və məkanda deyildikdə daha təsirli olur. Bu, dəvətin uğurlu olması üçün başlıca faktordur. Allah Rəsulu məhz tələbələrini bu şəkildə yetişdirərək onları da hikmətli bir dəvətçi etmişdir. Məhz bu hikmətli dəvət sayəsində Allah Musab ibn Ümeyrin dəvətinə bərəkət vermiş, Musab az bir qismi istisna bütün Mədinənin müsəlman olmasını təmin etmişdir. Anlayışlara doğru mənaları vəhyin işığında inşa etdirən hər bir tələbə, əqli mənada ciddi bir məsafə qət edərək, sağlam bir əqidənin üzərinə, doğru strukturlar inşa etməyə başladı.

3-Ruhi Təhsil: Bu dönəmdə əqli təhsilin yanında ciddi bir ruhi təhsil də verilirdi. Xüsusilə nəfs tərbiyəsi, iradənin möhkəmləndirilməsi, maddi dünyadan əvvəl mənəvi dünyanın abadlıq və inşasına olduqca əhəmiyyət verilirdi. Ruhi təhsilin ən yaxşı yolu isə insanın daim özünü hesaba çəkməsi və istənilən problemli məsələdə əvvəlcə özündə yalnışı axtarmasıdır. Ömər radıyallahu anhuHesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin. Özünüzü ən böyük görüş üçün hazırlayın. Qiyamət günündə hesab, ancaq dünyada özünü sorgulayanların üçün asan olar” deyə buyurur. (Tirmizi, Qiyamə, 25) Dəvətin gizli dönəmində təhəccüd namazının əmr edilməsi, Quran ayələrinin Allah Rəsulunun həyatındakı yeri və bunun ilk tələbələrin həyatlarına necə əks olunduğu unudulmamalıdır.

Ərqamın evində Allah Rəsulunun tələbələrində İslami şəxsiyyət formalaşdırarkən təqib etdiyi bu 3 pillə əslində enən 3 surənin praktik qarşılığı idi:

1. Ələq surəsinin enən ilk beş ayəsi bir tərəfdən möhkəm bir əqidə formalaşdırarkən, digər tərəfdən də ağılları tərbiyə edirdi. İlk enən beş ayədə əvvəl məlumatın və həqiqətin mütləq qaynağının hara olduğu ifadə edilir;  5 ayədə, 6 dəfə elmə və məlumata dair sözlər istifadə edərək məlumatın mütləq qaynağına diqqət çəkilirdi. Məlumatın qaynağına, yəni islamiləşdirilməsinə bu şəkildə toxunan ilk ayələr, həmsöhbətin sağlam bir əqidəyə yiyələnməsilə, həm Uluhiyyətdə, həm də Rububiyətdə tövhidin inşa edilməsini istəyirdi. İlk 5 ayədə keçən Allah`ın 3 adı ilə həmsöhbətlərində sağlam bir əqidənin meydana gəlməsinə səy göstərilir:

Rəbb-Rububiyətdə tövhidə,

Xaliq-Uluhiyyətdə tövhidə,

Əkrəm- Ruzi tövhidinə işarə etməkdədir.

Rəbb, Xaliq və Əkrəm − Bu üç ad Allah`ın 99 adına daxil olmaqla tövhidin 3-cü qolu olan Əsmaül Hüsna tövhidinə dəlalət edir. Deməli nazil olan ilk beş ayə Ərqamın evində verilən təhsilin ilk iki maddəsi olan sağlam əqidə və əqli təhsilin təməlini meydana gətirirdi.

Bundan sonrakı prosesin nə olacağını enən Muzzəmmil və Muddəssir surələri müəyyənləşdirəcəkdi. İslamın ilk illərində tətbiq edilən təhsil sisteminin üçüncü pilləsi olan Ruhi təhsil bir istiqaməti ilə nəfs tərbiyəsi, digər bir istiqaməti ilə iradənin təhsilidir. Ələq surəsindən sonra nazil olan ayələrdə Allah ilk həmsöhbəti olan Rəsuluna “Ey örtüyə bürünən! Gecə bir az irəliləyincə qalx” deyirdi (Muddəsir 1). Qalx deyən ayələr Peyğəmbərimizə qalxıb nə etməsini söylədiyi kimi, qalxması səbəbini də söyləyirdi: “Həqiqətən, biz sənə çox ağır bir məsuliyyət verəcəyik” (Muzəmmil 5). Bu ağır məsuliyyətin altında əzilməmək və haqqı ilə bu məsuliyyəti daşımaq üçün əvvəlcə möhkəm bir əqidə və əqli bir təhsilə, sonra isə ruhi bir təhsil və intizama ehtiyac vardır.

Təhsilin üçüncü pilləsi işin ən çətin qismi idi; çünki gecələri qalxmaq, yuxunu müəyyən bir tərbiyəyə tabe etmək, hər kəsin edəcəyi iş deyil. Ruhi təhsil insanı əxlaqını gözəlləşməsinə, nəsihəti təhqir kimi yox, sirf onu Cənnətə aparacaq əməl kimi anlamasına gətirib çıxarırdı.  Bunu ancaq iradəsi güclü olan fərdlər edə bilərdi. Onsuz da ilahi kəlamda iradəni hədəf alaraq müsəlmanları inşa edirdi. Muzzəmmil surəsindəki ayələr Allah Rəsuluna və tələbələrinə deyirdi: “Gecələri qalxın, hər kəs yuxuda ikən siz oyaq olun! Çünki siz çox ağır bir öhdəlik ilə qarşı-qarşıyasınız. Risalət iddiası elə ucuz bir iddia deyil. Bu işin içərisində şifahi və hərəkəti hücumlara məruz qalmaq olacaq; evdən, ailədən, işdən, yoldaşdan hətta canından keçməli olacaqsan. Bu qədər çətinlik dolu halların öhdəsindən ancaq iradəsi güclü və yaxşı bir ruhi təhsil almış olanlar gələ bilər. Allah yolunda iddiası olanlar məhz gecələrin bərəkəti ilə yetişir.

Beləcə dəvətçi dəvət etdiyi şəxsi Allah`ın endirdiyi ayələrə uyğun və Rəsulunun mübarək tərbiyə metoduyla tərbiyələndirərsə, sağlam əqidəli, sağlam düşüncəli və sağlam ruhlu bir nəsil ortaya çıxar. Dəvətçi dəvət etdiyi şəxsdə bu üç halı cəm edərsə o zaman Allah`ın izni ilə dəvətinə tam müvəffəq olacaqdır. Unutmayaq ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur:  “Allah`a and olsun ki, sizdən birinizin əli ilə Allah`ın bir kəsi hidayətə yönəltməsi, onun üçün qırmızı dəvələrdən (ərəblərin ən qiymətli malı) daha xeyirlidir”. (Buxari 3701; Muslim 2406). Allah hər birimizin dəvətinə bərəkət versin, dilimizdəki düyünləri açsın, ən gözəl şəkildə dəvət edənlərdən etsin. Amin.

(Davamı növbəti mərhələdə)...  İslama necə dəvət etməli – 7-ci mərhələ

öncəki mərhələ üçün baxın-  İslama necə dəvət etməli – 5-ci mərhələ