Skip to main content


Qeyri–İslami bayramlarda hazırlanan yeməklərin hökmü

Allah Rasulu sallallahu əleyhi va səlləm bizə illik bayramları bildirmişdir. Ənəs ibn Malik radyallahu anhu rəvayət edir ki, cahiliyyə dövründə Mədinə əhalisinin il ərzində seçib bayram etdiyi iki gün var idi və onlar bu bayramı oynayaraq qeyd edirdilər. Allah Rəsulu sallallahu əleyhi va səlləm oraya gəldiyi (hicrət etdiyi) zaman onlara dedi: “Sizin oynayaraq qeyd etdiyiniz iki gününüz vardır ki, Allah  təala sizin üçün onu daha xeyrlisi - Ramazan və Qurban bayramları ilə əvəz etdi”. (Əbu Davud -  Albani səhih olduğunu bildirmişdir)

Göründüyü kimi İslam dini il ərzində müsəlmanlar üçün yalnız iki bayramı - Ramazanın bitməsi ilə qeyd olunan Fitr, Həccin bitməsi ilə qeyd olunan Qurban bayramını təyin etmişdir. Artıq üçüncü bir bayramın qeyd olunması İslam dini tərəfindən qəbul olunmur. Belə ki, peyğəmbər sallallahu əleyhi va səlləm buyurmuşdur: “Kim bizim işimizə ondan olmayan bir yenilik gətirərsə o rədd olunar”.

Bununla yanaşı dinimiz qeyri-islamı bayramlara olan münasibətimizi və onların hazırladıqları yeməklərin hökmünü, yaxud onların öz bayramları münasibəti ilə təqdim etdikləri hədiyyənin qəbul edilib edilməməsi baxımından olan müamiləni bizlərə açıq-aşkar izah etmişdir.

Uca Rəbb`imiz buyurur:  

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. (Maidə 3)

Digər bir ayədə isə deyilir:

إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ

Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!  (Əli İmran 19)

وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Əli İmran 85)

Allah təalə buyurduğu kimi Rəbb`imiz bizə dinini-İslamı tamamlayıb və bəşəriyyətdən yalnız İslam dini çərçivəsində olan müamilələri qəbul edəcəyini, bundan kənar olan istənilən davranışın isə batil olduğunu bildirmişdir. Ona görə də bir müsəlmanın qeyri-islami olan və İslam dininə ziddiyyət təşkil edən görüşləri, düşüncələri, əməlləri inkar etməsi və ondan uzaq olması və onlara olan münasibətini islamın ona təyin etdiyi prinsiplər əsasında qurması lazımdır.

İlk öncə onu bilmək lazımdır ki, qeyri-islami bayramların təbrik edilməsi qəti şəkildə qadağandır. İbn Qayyim rahimahullah demişdir:“Onların bayramları  yaxud (onlara xas) orucları münasibəti ilə  təbrik edərək, “bayramın mübarək”, “bayramın xoş olsun” və sair kimi küfr şüarlarına xas olan bir təbrikləşmə ittifaqla haramdır. Bunu deyən şəxs əgər küfürdən xilas olsa ən azından böyük haramlardan işləmiş olar. Bu ona bənzəyir ki, sən xaça səcdə edən birini bu münasibətlə təbrik edirsən. Şübhəsiz ki, bu əməl Allah qatında şərab içməkdən, insan öldürməkdən, zina etməkdən və s. bu kimi günahlardan daha şiddətli bir günahdır”. (Əhkəmu əhli zimmə  səh. 441)

İbn Qayyimin rahimahullah də sözündən məlum olduğu kimi içərisində küfr elementləri olan bayramları təbrik etmək onların küfrünə riza göstərməkdir ki, bu o sözün sahibini küfrə salar, ən azından bu əməl digər böyük günahlardan daha şiddətlidir. Ona görə də bir müsəlman o bayramları nəinki qeyd etmək, digərlərini bu  münasibətlə təbrik etməkdən belə həzər etməlidir.

 Qeyd olunan bayramlarda bişirilən qidalara isə münasibət islami yönümdən aşağıdakı kimidir. Alimlər orada ətləri və şirniyyatlarla meyvələri hökm baxımından bir-birindən ayırmışlardır. Belə ki, ət yeməkləri məlum olduğu kimi şəri əsaslara dayanmadan kəsildiyi üçün və ən əsası şirk üzrə kəsilmə ehtimalı olduğu üçün yeməklərin yeyilməsini qəti şəkildə qadağan etmişdirlər. Ancaq hədiyyə olaraq verilən şirniyatlara və meyvələrə gəlincə İbn Teymiyyə rahimahullah özünün  “İqtida siratu`l-mustəqim”  kitabında belə deyir: “Onların bayram günlərində verdikləri hədiyyələrin qəbul edilməsinə gəlincə bizə gəlib çatmışdır ki, Əli ibn Əbu Talib radiyallahu anha  novruz bayramı hədiyyəsi göndərilmiş o isə onu qəbul etmişdir. İbn Şeybə “Musannaf” kitabında rəvayət edir ki, Cərir Qabusdan,  o isə öz atasından rəvayət etmişdir ki, bir qadın Aişə radyallahu anhədən soruşdu: “Bizim məcusilərdən olan süd analarımız vardır ki, onlar bizə öz bayramlarında hədiyələr göndərirlər.  O dedi: “O gün üçün kəsdiklərindən yeməyin, ancaq göndərdikləri meyvələrdən yeyin.” O həmçinin rəvayət edərək deyir: “Vəkii bizə Həsən bin Həkimdən o da anasından, o isə Əbu Bərzədən rəvayət edir ki, Onun məcusi sakinləri var idi və onlar öz bayramları olan Novruz və Mehracanda ona hədiyyələr verərdilər. O isə öz ailəsinə əmr edərək deyirdi ki, meyvələri yeyin qalanlarını isə geriyə qaytarın”. Bu isə o mənaya gəlir ki, onların bayramı bu münasibətlə verdikləri hədiyyənin qəbuluna  maniyə deyildir. Əksinə onun hökmü bayramda da qeyri gündə də eynidir. Çünki bu onların küfr şüarlarına yardım etmək anlamına gəlməz. Həmçinin kitab əhlinin yeməklərini onların bayramlarında  yeyilməsində,  hədiyyə olaraq götürülməsində yaxud alınmasında bayramları üçün kəsmədikləri müddətcə heç bir problem yoxdur”. (İqtida siratu`l-mustəqim: 1\251)

İbn Teymiyyə rahimahullahın dediyindən məlum olur ki, meyvə şirniyyat kimi şeyləri qəbul etməkdə və yeməkdə heç bir problem yoxdur. Ancaq bayram üçün kəsilən ətləri yemək caiz deyildir.

Əlbətdə bir müsəlmanın üzərinə düşən Allah`dan haqqı ilə qorxması əgər onları yeməyi tərk etməkdə məsləhət vardırsa tərk etməsi lazımdır.