Skip to main content


Ağlınıza gəlməyən sədəqə növləri

 Qazandığımız hər ruzi, aldığımız hər nəfəs, bədənimizin hər üzvü Allahın sonsuz rəhmətinin təcəllisidir. Daim xəta edən bəndələrinə fasiləsiz bəxş edən Allahı tanlyaraq Ona şükrü çox görməyək. Əkinsə şükür insanın Allaha qulluğunun ən gözəl isbatıdır. Sədəqə isə Allahın bəxş etdiyi nemətlərə qarşı insanın şükrüdür. Bəzən insanlar düşünür ki, sədəqə vermək üçün gərək hökmən maddi vəziyyət gərək yaxşı ola. Halbuki sədəqə yalnız pulla verilmir, pulunuz olmadan da xeyli edə biləcəyiniz sədəqə növləri vardır. 

Əbu Zərr radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu əleyhi və səlləmin səhabələrindən ibarət bir qrup insan Ona belə dedi: “Ey Allah`ın elçisi! Zənginlər savabları apardılar. Onlar bizim qıldığımız kimi namaz qılır, oruc tutduğumuz kimi oruc tuturlar. Malmülklərinin artıq qalanından sədəqə verərlər”. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Məgər Allah təala sizə sədəqə üçün nə isə verməyib? Hər bir “Sübhənallah” sədəqədir. Hər bir “Allah`u Əkbər” sədəqədir. Hər bir “Əlhəmdulilləh” sədəqədir. Hər bir “Lə iləhə illəllah” sədəqədir.

Yaxşı işi əmr etmək (əmr bi`l-məruf) sədəqədir. Pis işdən çəkindirmək (nəhyu əni`l-munkər) sədəqədir. Sizdən birinizin öz zövcəsi ilə yaxınlığı sədəqədir”. Onlar dedilər: “Ey Allah`ın Rəsulu! Şəhvətin olmasında kiməsə savab var?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Necə bilirsiniz? Əgər onu harama yönəltsə, günah yazılarmı? Eləcə də halala yönəltsə, ona savab yazılar”. (Müslim)

Hədisdən də gördüyümüz kimi sədəqə vermək təkcə pul ilə olmur. İnsanların ağlına belə gəlməyən və ya gəlsə belə kiçik gördükləri sədəqə növləri vardır ki, aşağıda onların bəzilərini sizə xatırladacağıq.

1. Bir neçə hicab və səccadə alıb məscidə qoyun, hər kim onları istifadə edib namaz qılarsa sizin üçün savab yazılar.

2. Aylıq maaşınızın bir qismini ilk öncə ehtiyacı olan qohumlara daha sonra kasıb yetimlər üçün istifadə edin.

3. Bir qab alıb otağınıza qoyun. Günah işlədiyiniz təqdirdə ona bir manat və yaxud bir miqdar pul atın. Ayda bir dəfə isə onu açıb ehtiyac sahiblərinə verin və bunu hər ay təkrarlayın.

4. Evinizdə otağınızın pəncərəsinin önünə quşlar üçün bir qab su və ya yemək qoyun və bunu adət edin.

5. Yeni bir paltar alın paketin içinə qoyub kasıb bir işçiyə hədiyyə edin.

6. Evə giriş və çıxış duasını iki kağıza yazın. Evin girişinə, liftə və çıxışlara asın. Oradan keçənlər onu oxuduqca savab qazanar və siz də savab qazanarsınız.

7. Çöldə, prospekt və küçələri süpürən işçilərə bir miqdar sərin su və ya meyvə suyu verə bilərsiz.

8.Qapınıza gələn dilənçini əsla əliboş göndərməyin. Az da olsa yemək vəya pul bəxş edin. Unutmayın ki, siz də az qala hər gün Allah`ın qapısını döyürsünüz.

9. Bir neçə ədəd Qurani Kərim alın və məscidə qoyun. İnsanlar oxuduqca siz savab qazanacaqsınız. Hər hərf üçün on savab yazıldığını nəzərə alsaq sizə nə qədər savab yazılmış olacaq.

10. Küçədə su içmək istəyən bir heyvan gördükdə onun su içməsinə kömək edin.

11. Müsəlmanların ürəyində sevinc və xoşbəxtlik yaradın. Bunu bir gülümsəmə, gözəl bir söz, kiçik bir yardım ilə edə bilərsiniz. Xüsusilə psixoloji problemləri olanlar üçün bunu edin. Bu barədə peyğəmbər s.a.s buyurur: "Gözəl söz sədəqədir" (Buxari)

12. Oturanlara salam vermək, onlara gülümsəmək və gözəl söz söyləmək də bir sədəqədir.

13. Sizə zülm edənlərə, pislik edənlərə, qeybətinizi edən müsəlmanlara yatmadan əvvəl haqqınızı halal edərək və onları bağışlayaraq sədəqə verə bilərsiniz.

14. Evdə bişirdiyiniz yeməkdən qonşuya da hədiyyə edin. Beləcə həm sədəqə vermiş, həm də qonşuluq münasibətlərini gözəlləşdirdiyiniz üçün ikiqat savab qazanmış olarsınız inşəAllah.

15. Sizə borcu olan şəxs çox sıxıntıdadırsa və bu durum düzəlmirsə borcun bir qismini və ya hamısını ona hədiyyə edin. Beləcə həmin şəxs rahat nəfəs alacaq. Siz isə Həm Allah`ın təşviqinə qatılmış, həm də dostunuzu rahatlığa qovuşdurduğunuz üçün ikiqat savab qazanmış olacaqsınız. (Bəqərə 280)

16. Hər kəsin istifadə etdiyi yerlərdə ağac əkin. Ucqar kəndlərdə su quyusu qazdırın. O ağac yaşadıqca, o bulaq mövcud olduqca və insanlar ondan faydalandıqca sizin sağ əməl dəftəriniz heç durmayacaq.

17.İmkanı olmayan şəxsə qarşılıq ummadan hər hansı bir fəndə və ya xarici dil, yaxud da başqa bir fəndə köməklik edin.

18. Yolu bağlayan daş, ağac parçası və s kimi insanların hərəkətinə mane olan şeyləri oradan uzaqlaşdırın. Bu barədə Peyğəmbər s.a.s buyurur: Əbu Zərr deyir: Allahın elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: "Qardaşının üzünə təbəssüm etməyin sənin üçün bir sədəqədir, yaxşlığı əmr edib pislikdən çəkindirmək sədəqədir, yolunu azmış birinə yol göstərmək sənin üçün bir sədəqədir, gözü görməyənə göstərmək sənin üçün sədəqədir, yoldan tikanı, daşı, sümüyü aradan qaldırmaq sənin üçün sədəqədir, öz qabından qardaşının qabına tökmək sənin üçün sədəqədir."ət-Tirmizi, (1956)

Sədəqə növlərini sadalamaq istəsək bu siyahını daha da uzatmaq təbii ki, mümkündür. Çümki Allah təala üçün etdiyiniz hər bir əməldə sizin üçün savab vardır. Mövzunun sonunu isə digər bir hədislə yekunlaşdıraq. “Yer üzündə olanlara mərhəmət et ki, göydəki də sizə mərhəmət etsin!” (Tirmizi/Birr 16)