Skip to main content


İslamda şeirin hökmü

Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir: “Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl- veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməlləredən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər”. (Şuəra 224-227).

Əbu Hüreyrə radiyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Şair tərəfindən deyilmiş ən doğru söz, Ləbidin bu sözüdür: “Allahdan başqa nə varsa, fanidir”. Umeyyə ibn Əbu Saltə gəlincə isə o, az qalmışdı ki, müsəlman olsun”. (Buxari 5795) Ləbid ibn Əbu Rəbiə İslama qədərki dövrdə məşhur şair olmuş və sonradan İslamı qəbul etmişdir. O, müsəlman olduqdan sonra: “Mənə Quran yetər!” demişdir. Ləbid hicrətin 41-ci ilində, yüz qırx yaşında vəfat etmişdir. Umeyyə ibn Əbu Salt əs-Səqəfi isə İslam dininin gəldiyi dövrlərdə yaşamış, lakin İslamı qəbul etməmişdir. Buna rəğmən o, öz şeirlərində həqiqətləri əks etdirmiş və haqqı bəyan etmiş, etiqadı müsəlman əqidəsinə yaxın olmuşdur. Elə bu səbəbdən də Peyğəmbər salləllahu əleyhi və səlləm onun barəsində bu sözü söyləmişdir.

Həmçinin, rəvayət edilir ki, Şərid demişdir: “Mən Peyğəmbərin tərkində yol gedərkən, ona Umeyyə ibn Əbu Salt əs-Səqəfinin şeirindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda, o mənə: “Davam et!” deyə buyururdu. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə buyurdu: “O, az qala ki, müsəlman olacaqdı”.

Cundub ibn Sufyan əl-Bəcəli demişdir: “Döyüşlərin birində Allah Rəsulu salləllahu əleyhi və səlləmin ayaq barmağı daşa dəyib yaralandı və ondan qan axmağa başladı. Bu zaman O buyurdu: “Sən ancaq qanayan bir barmaqsan! Sənə üz vermiş bu müsibət Allah yolundadır!”

Cabir ibn Səmurə demişdir: “Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyə dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi”. (Tirmizi 2854). Burada “cahiliyyə dövrünə aid olan şeylər” deyildikdə, həmin dövrdə söylənilmiş, həm də batil mənalar ifadə etməyən, bəyənilən şeirlər nəzərdə tutulur.

 

Peyğəmbər salləllahu əleyhi və səlləmin səhih hədislərindən məlum olur ki, hikmətli şeir parçalarını həm demək, həm dinləmək, həm də tərif etmək olar. Ələlxüsus da İslam dinini yaymaq və ya onu müdafiə etmək məqsədilə münasib yerlərdə və uyğun məqamlarda şeir demək icazəli əməllərdəndir.