Skip to main content


Bax…

Bizə Avropa verən ənənəyə, adətə bax,
Soyunaq, özgür olaq ay camaat niyyətə bax.
 
Torpaqla xəlq olanda birinci Adəm babamız,
Əncirin yarpağınaycan yox idi bir əbamız,
Bənzəməkçün ona bəlkə soyunur el-obamız,
Ta qədim nəslə sadiq olan qanda fitrətə bax.
 
Yolva düz baxırsan ki, qaçmıya göz sağa-sola,
Digəlki, önvə çıxır cavannan da betər "xala",
Bunlara baxmayasan neyniyəsən ki, az qala,
Adamı zorla məcbur edir, məndəki ətə bax.
 
Edərək şalvar adıyla kalkotka icadını,
Xalqa arsızca nümayiş etdirirlər qadını,
"Kişilər" fəxr eliyir görüb çılpaq arvadını,
Sən müasir kişiyə məxsus olan qeyrətə bax.
 
Yeni moda əsrində dəblə ayağlaşmaq üçün,
Avropanı səslədik bizlə qucağlaşmaq üçün,
Lazımdı çox illər bu haldan uzaqlaşmaq üçün,
Düşmüşük gör nə hala, biyabırçı vəzyətə bax.
 
Küçəyə çıxma amandır, çoxu çılpaq kimidir,
Yoxdu insani dəyər, qadın oyuncaq kimidir,
Başını aşağı salır, guya utancaq kimidir,
Eyliyən tükləri biz-biz bu acı dəhşətə bax.
 
Nəfsinə zülm edir insan həyatda var olanı,
İtirir get-gedə qısqanclığı biar olanı,
Sənə söhbət eylədim mən hələ aşkar olanı,
Nəbadə risk eliyib sən gecələr xəlvətə bax.
 
Bihəyalıq eyləmə, savab qazanmırsansa,
Gəl sənə hədis deyim, sözümə inanmırsansa,
"Eylə dünyadə istədiyvi utanmırsansa",
Varsa vaxtın, birazca düşün, sözdə hikmətə bax.
 
AbdulHayy