Skip to main content


Quşlar

Süzdükcə asimanda uzun rah ilə quşlar,
Çox qissəni xatırladır hər aqilə quşlar.

Adəm babanın vardi iki övladı, yoldaş,
Qətl etdi həsəddən dolayı qardaşı qardaş,
Sonra düşünüb baxdı onun meyidinə çaşbaş,
Basdırmağı öyrətdi o gün Qabilə quşlar.

Şahi Suleymana hüdhüd edirdi xidmət,
Bir gün xəbər gətirdi Səbadan, orda millət,
Allahdan özgə, qeyrisinə edir ibadət.
Gör bir necə də razi deyil batilə quşlar.

Həzrəti Isa palçığı əlinə götürdü,
Qüdrətli olan Allahin izniylə üfürdü,
Palçıq quş olub uçdu və hər kəs bunu gördü.
Örnəkdi bu, hər bir anlayan cahilə quşlar.

Qəlb mutmainliyi Ibrahimin arzusuydu,
Dörd quş götürüb, parçalayıb dağlara qoydu,
Səsləndi həmin quşlara, quşlar onu duydu,
Canlandı, dirildi, yenə gəldi dilə quşlar.

Yusuf neçə illər qara zindanə qarışdı,
Gəldi iki dostu ona röyanı danışdı,
Birsi dedi, quşlar başımın üstə yığışdı,
Dimdikləyirdi verməyərək fasilə quşlar.

Peyğəmbərin doğulduğu ilk ilin baharı,
Düşmənlər hücum etmiş idi Məkkəyə sarı,
Allah isə vermişdi əzəldən bu qərarı,
Meydan oxudu Əbrəhəyə, həm filə quşlar.

Etdim bu qədər qissələri misralarda cəm,
Çün istəyirəm anlayasan ey bəni Adəm,
Bir möcüzə tək xəlq olunubdur bütün aləm,
Dünyayə gəlməyibdi hədər, nafilə quşlar.

Muhəmməd Cureyc