Skip to main content


Baxmadın Haqqa

Ziyanlar törədib ziyankar oldun,
Haqqa lal, haqqa kor, haqqa kar oldun,
Sən öz inkarınla inadkar oldun,
Bir dəfə qəlbini açmadın haqqa,
Bir an nur gözüyle baxmadın haqqa.
 
Dəlilsiz sübutsuz inkar eylədin,
Onsuz da yox idi dəlil, deyərdin.
Lağ edib gülərdin çox əylənərdin,
Azanlar oxundu, qaçmadın haqqa,
Bir an nur gözüylə baxmadın haqqa.
 
Yaşadın haramla zaman ötürdün,
İlləri gözündə duman ötürdün..
Necə bu illəri asan ötürdün?
İnkara oturdun, qalxmadin haqqa,
Bir an nur gözüylə baxmadın haqqa.
 
Bir insan rəsmini sən ələ sandın
Allah yaratmamış, belə də qandın,
Bir söylə, sən özün necə yarandın?
Bu qədər çatmadı yaddaşın haqqa?
Bir an nur gözüylə baxmadın haqqa.
 
Bir də nur gözünü son dəfə işlət,
Bilirsən, verilib hamıya möhlət,
Gəlməmiş bizlərə hələ qiyamət,
Çagırır bu Kamran sirdaşın haqqa,
Ölüm yetişməmiş son qoy nahaqqa..
 
Kamran Karani