Skip to main content


Allah Rəsulu (ﷺ) və Raşid Xəlifələr Dövründə Ticari-İqtisadi Həyat

Allah Rəsulu (ﷺ) özü gənclik illərindən bəri ticarətlə məşğul olmuş, istər ərəblərin, istərsə də qonşu ölkələrin bazarlarına və ticarət ənənələrinə yaxşı bələd olan təcrübəli və bacarıqlı bir tacir idi. Hicrətdən əvvəl və hicrətin ilk illərində Mədinənin iqtisadi-ticari həyatına yəhudi tacirlər hakim idilər. Bazarlar onların əlində idi. Bu bazarlarda ticarətlə məşğul olan müşrik və yəhudi tacirlər qədim ənənələrə, cahiliyyə adətlərinə uyğun hərəkət edirdilər. Allah Rəsulu (ﷺ) Mədinənin bazarlarını gəzib bu bazarların müsəlmanların ticarətlə məşğul olmaları üçün əlverişli olmadığı qənaətinə gəlmişdi. İslamın iqtisadi mövzulardakı hökmlərinin tətbiq edilə bilməsi üçün müsəlmanların öz bazarının qurulmasına ehtiyac duyulmaqda idi. Bunun üçün Mədinənin Bəni Saidə məhəlləsindəki bir ərazi münasib görülərək seçilmiş və bazar nizamnaməsi tərtib edilmişdi. Bu bazarda hər tacirin daim ticarətlə məşğul olduğu yerlərin müəyyən edilməsi, yəni ayrı-ayrı şəxslərə aid dükanların olması və dükan vergisi alınması qadağan edilmişdi. Ticarət sahəsində böyük təcrübəyə malik olan Allah Rəsulu (ﷺ) bazardakı yerlərin daimi şəxslərlər tərəfindən məşğul edilməməsi və bazar vergisinin alınmamasının istər əcnəbi, istərsə də yerli tacirləri özünə cəlb edəcəyini bilirdi. Bu həm əmtəə bolluğunun, həm də sərbəst rəqabət şəraitinin yaranmasını təmin edəcəkdi. Mədinə bazarları əsasən yəhudi Bəni-Qaynuqa qəbiləsinə mənsub tacirlərin nəzarətində idi. Onlar bu bazarları qismlərə bölərək icarəyə vermişdilər və tacirlərdən vergi almaqda idilər. Allah Rəsulunun (ﷺ) Bəni-Saidə məhəlləsində qurdurduğu bazar tezliklə Bəni-Qaynuqa bazarının kasadlaşmasına səbəb olmuşdu. Allah Rəsulu (ﷺ) Bəni-Saidə bazarına nəzarət işini Ömər ibn əl-Xəttaba (r.ə) həvalə etmişdi. Məkkənin fəthindən sonra bu şəhərin iqtisadi-ticari işlərinə nəzarəti isə Səid ibn əl-Asa (r.ə) tapşırmışdı.

İslam ticarəti halal qılıb təşviq etmiş, faiz və sələmçiliyi isə mərhələ-mərhələ haram buyurub qadağan etmişdi. Ticarətin hər növü və bütün borclar sələmçiliyin ağır yükündən xilas edilmişdi. Məkkə və Taifin ticarət həyatını müşrik ərəb zadəganları faizlə zəhərləməkdə idilər. Mədinədə isə bu işi yəhudi tacirləri görürdülər. Hicri 5-ci ilin ilk aylarında (iyun-iyul 626) Ali-İmran surəsinin 130-cu ayəsi ilə sələmçilik haram buyurulmuşdu. Daha sonra nazil olan Bəqərə surəsinin 275-279-cu ayələri ilə faiz və sələmçiliyin hər növü qəti qadağan edilmişdi. Allah Rəsulu (ﷺ) vəfatından əvvəl yarımadanın hər tərəfinə, bütün qəbilə və oymaqlara mübəlliğlər göndərərək faiz və sələmçiliyini qəti qadağan olunduğunu bəyan etmişdi.

Allah Rəsulu (ﷺ) möhtəkirliyi qəti qadağan etmişdi. Möhtəkirlər əmtəəni bazardan toplayıb malın təklifini gecikdirir, beləcə süni qıtlıq yaradaraq bahalaşmaya səbəb olurdular. Ələlxüsus təməl ehtiyac maddələrinin möhtəkirliyi ilə məşğul olanlar cəmiyyətin bundan əziyyət çəkməsinə səbəb olurdular. Allah Rəsulu (ﷺ) bəzi hədislərində möhtəkiri pisləmiş, lənətləmişdi.

Allah Rəsulunun (ﷺ) iqtisadi-ticari sahədə qadağan etdiyi fəaliyyətlərdən biri də inhisar idi. Məlum olduğu kimi Mədinə də Məkkə kimi şimal-cənub ticarət yolunun üzərində yerləşirdi. Şam diyarından Yəmənə və əks istiqamətə hərəkət edən ticarət karvanları, eyni zamanda yarımadanın müxtəlif yerlərindən gələn tacirlər Mədinə bazarında bir müddət dayanırdılar. Bəzi yerli tacirlər karvanların şəhərə yaxınlaşdığı xəbərini alan kimi dərhal yola çıxır, karvan şəhərə daxil olmadan bəzi malların hamısını səyahət edən tacirlərdən ucuz qiymətə alır, sonra Mədinə bazarlarına gətirərək istədikləri qiymətə satırdılar. İstehsalçının və istehlakçının bu kimi möhtəkirlik və inhisarçılıqdan qorunması məqsədiylə Allah Rəsulu (ﷺ) karvanların, həm də kənd təsərrüfatı mallarını şəhərə gətirən ayrı-ayrı şəxslərin Mədinə bazarına daxil olmadan mal satmasını qadağan etmişdi. Bu cür satışların qarşısını almaq və qadağanı təsirli şəkildə tətbiq edə bilmək üçün Mədinəyə gələn yollara xüsusi adamlar təyin edilmişdi. Beləcə tacirlər Mədinə bazarına daxil olur, oradakı qiymətləri öyrənir və mallarını bazarın müəyyən etdiyi qiymətə sata bilirdilər. Bu tədbir iri sərmayə sahiblərinin müxtəlif əmtəələri öz inhisarları altına almalarının qarşısını almışdı. Həm də daha az sərmayəyə sahib olan tacirlərin də eyni əmtəəni bazara çıxarmasına imkan yaradaraq sərbəst rəqabət şəraiti yaratmışdı. Allah Rəsulu (ﷺ) heç vaxt narx tətbiq etməmiş, sərbəst rəqabətə, tələb və təklifə uyğun olaraq qiymətləri bazarın müəyyənləşdirməsinə üstünlük vermişdi. Bununla belə qiymət müəyyən edərkən tacirin əxlaqi normalara əməl etməsini tövsiyə etmişdi. Fahiş, yəni ifrat baha qiymətə mal satan tacirlərə xəbərdarlıq edilir, xəbərdarlıqdan nəticə çıxarmayanlar cəzalandırılırdılar.

Allah Rəsulu (ﷺ) hiylənin insanı dünyada və axirətdə ağır məsuliyyət altında qoyan haram, pis və yanlış bir davranış olduğunu bildirmişdir. Ticari fəaliyyətlərdə hiyləyə əl atanlar üçün (مَنْ غَشَّنَا فليْسَ مِنَّا) “Bizi (müsəlmanları) aldadan bizdən (müsəlman) deyildir” buyurmuşdur (Muslim, “Səhih”, İman, 164). Allah Rəsulu (ﷺ) bu sözü bir buğda tacirinin satdığı buğdanın içinə əlini salaraq alt qatlardakı buğdanın nəm olduğunu gördüyü vaxt demişdi. O, tacirdən bunun səbəbini soruşanda tacir yağışın buğdanı islatdığını demiş, Allah Rəsulu (ﷺ) da ona müştərilərin də bilməsi üçün buğdanın alt hissəsini üstə çıxarmasını tapşırmışdı. Peyğəmbər (ﷺ) alış-veriş vaxtı malını sata bilmək üçün and içməkdən insanları çəkindirmişdi. Allah Rəsulundan (ﷺ) nəql olunan bir hədisdə o, Allahın nifrət etdiyi üç növ adamdan bəhs edərək bunların etdiyi yaxşılığı başa qaxanc edən, geydiyi paltarlara təkəbbürlülük edən və yalandan and içərək malının dəyərini artırıb satışını asanlaşdırmaq istəyən tacir olduğunu bildirmişdi (Müslim, Səhih, İman, 171; Əbu Davud, Sünən, Libas 28; Tirmizi, Sünən, Buyu’, 5).

Peyğəmbər (ﷺ) ehtisabı, yəni bazarların və ticarət yerlərinin yoxlanılmasını tez-tez özü həyata keçirirdi. Ümumiyyətlə isə bu işi üçün möhtəsiblər təyin olunurdu. Yuxarıda Ömər ibn əl-Xəttabın (r.ə) Mədinə, Səid ibn əl-Asın (r.ə) isə Məkkə möhtəsibliyinə təyin edildiyini qeyd etmişdik. Ömər ibn əl-Xəttab (r.ə) istər xəlifə olana qədər, istərsə də xəlifə olduqdan sonra bu işi ciddi nəzarət altında saxlamışdı. İslam dövlətinin ərazisində ticarətlə məşğul olan istər müsəlman, istərsə də qeyri-müsəlman tacirlərin İslamın bu mövzudakı əmr və qadağalarını, qanunlarını yaxşı bilməsi tələb olunurdu. Bu səbəbdəndir ki, Ömər ibn əl-Xəttab (r.ə) belə demişdir: (يَبعْ في سُوقِنَا إّ مَنْ قَدْ تَفَقَهَ في الدِّينِ) “Bazarlarımızda dinimizi anlayıb qavrayanlar satışla məşğul olsunlar” (Tirmizi, Sünən, Vitr, 21). Qur’anın haram buyurduğu xəmr (sərxoşluq verən hər cür maddə), donuz əti və ondan hazırlanan məmulatlar, leş (ölü heyvan əti), Allahdan başqasının adına kəsilmiş heyvanın əti, büt, istər vəhşi, istərsə də əhilləşdirilmiş yırtıcı (pişik, it və s.) heyvan ətinin satılması da qadağan edilmişdi. Sadəcə satışla deyil bir sıra haram yollarla qazanc əldə edilməsini də İslamın hökmləri qadağan etməkdə idi. Bunlardan sehrbazlıq, falçılıq, rəqqasəlik, nəğmə oxuyaraq gəlir əldə etmək, müğənni cariyələrdən gəlir əldə etmək, fühuşdan (fahişəlikdən) və ya buna vasitəçilik edərək gəlir əldə etmək, qumar oynamaq və oynatmaq, faiz almaq, vermək və vasitəçi olaraq gəlir əldə etmək, müsəlmanlarla müharibə vəziyyətində olanlara silah-sursat sataraq gəlir əldə etməyi sadalaya bilərik.

Peyğəmbər (ﷺ) ticarətdə düzgünlüyə təşviq etmiş, dürüst davranan tacirlərin axirətdə peyğəmbərlər və şəhidlərlə birlikdə olacağını bildirmişdir.

(لتّاجِرُ ا‘مِينُ الصَّدُوقُ مَعَ النَّبِييِّنَ والصِّدِّقِينَ والشُّهَدَاءِ والصَّالِحِينَ)

Etibarlı və dürüstlüyü tərk etməyən tacirlər peyğəmbərlər, sıddıqlar, şəhidlər və saleh insanlarla birlikdə olacaqlar” (Muslim, Səhih, Buyu’, 194). Öz alıcısı və borclusu üçün şərtləri əlverişli hala gətirənlər üçün isə Peyğəmbər (ﷺ) xeyir-dua etmişdir. Hüzeyfə ibnü’l-Yəmanın (r.ə) bununla bağlı nəql etdiyi hədisdə Allah Rəsulu (ﷺ) belə buyurmuşdur:

أَنَّ رَجُلا مَاتَ فَدَخَلَ الْجَنَّةَ ، فَقِيلَ لَهُ : مَا كُنْتَ تَعْمَلُ ؟ فَإِمَّا ذَكَرَ وَإِمَّا ذُكِّرَ ، فَقَالَ : إِنِّي كُنْتُ أُبَايِعُ النَّاسَ ، فَكُنْتُ أُنْظِرُ الْمُعْسِرَ ، وَأَتَجَوَّزُ فِي السِّكَّةِ أَوْ فِي النَّقْدِ ، فَغُفِرَ لَه

Ölüb cənnətə daxil olan bir şəxsdən soruşacaqlar “cənnətə girmək üçün dünyada hansı əməli işlədin?” O, belə cavab verəcək “mən insanlara ticarət malı satardım, maddi darlıqda olanlara möhlət verər, vəziyyətləri düzələnə qədər borclarını ödəmələri üçün onları gözləyərdim, nəğd satarkən də alacağımın bir qismini bağışlayardım”. Bundan ötürüdür ki, uca Allah onu bağışlamışdı” (Müslim, Səhih, Kitabu’l-Musaqat, 2927).

Ölçü alətlərində hiyləyə əl atanlar həm Qur’anda, həm də hədislərdə ağır ifadələrlə pislənmişdirlər. (وَيْلٌ لِلْمُطَفِّفِينَ) “Vay halına çəkidə və ölçüdə aldadanların!” (Mutəffifin surəsi 1). Allah Rəsulu (ﷺ) keyfiyyətsiz, çürük və xarab malın bazara çıxarılmasını qadağan etmiş, bu cür malın keyfiyyətli mala qarışdırılaraq satılmasının qarşısını almaq üçün tədbirlər görmüşdü. Malının qüsurunu bilə-bilə gizlədən satıcı hədislərdə qınanmaqdadır. Qiymət öldürmək və ya qaldırmaq üçün bəhs qızışdırmaq da qadağan olunan əməllərdən idi. O, uzunluq, çəki kimi ölçü vahidlərini sabitləmiş və bunların daim nəzarətdə saxlanılmasını təmin etmişdi.

İstifadə olunmuş mənbələr

Bəlazuri, Ənsab-ul-Əşraf, I, Qahirə1959

İbn Əbdilbərr, əl-İsti’sab fi Mə’rifət-il-Əshab, II, Qahirə 1328.

İbn Əbi Şeybə, Kitab-ul-Musənnəf, I, Beyrut 1987

İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi Təmyiz-is-səhabə, I, Qahirə 1328.

İbn Hişam, əs-Sirət-un-Nəbəviyyə, I, Qahirə 1955.

İbn Kəsir, əl-Bidayə vən-Nihayə, IV, İstanbul 1983.