Skip to main content


Azərbaycan qəhrəmanlarını tanıyaq: Yusif ibn Əbus-Sac

O, öz həmyerlisi, Afşin ləqəbi ilə tanınan əmir Heydər ibn Kavus əl-Usruşaninin əmri altındakı orduda xidmət etməyə başlamış, Azərbaycandakı xürrəmi qiyamının yatırılmasında fəal iştirak etmişdi. Bəzz qalasının xilafət ordusu tərəfindən alınmasından sonra Bizansa qaçmağa çalışan Babəki təqib edən dəstəyə Əbus-Sac Divdad başçılıq edirdi. O, Babəkin anasını, arvadını və digər ailə üzvlərini yaxalayıb Afşinin yanına gətirməyə nail olmuşdu. Babəkin özünün də yaxalanmasında iştirak edən Əbus-Sac Divdad onu Səhl ibn Smbatdan təhvil alıb Bərzəndə, Afşinin yanına gətirmişdi. Babəkin müttəfiqi Məzyərin Təbəristanda başlatdığı xürrəmi qiyamını Əbus-Sac Divdanın başçılıq etdiyi ordu yatırmışdı. Həmçinin Azərbaycanda qiyam qaldırmış Məngücur (Mingəçevir) əl-Fərqaniyə qarşı göndərilən orduya da o, başçılıq etmişdi. Babəklə gizli əlaqələri aşkarlandığı üçün zindanda öldürülən Afşin Heydər ibn Kavusa yaxın adamlardan olması səbəbiylə xəlifə Mu’təsim (833-842) dövründə Əbus-Sac Divdad irəli çəkilməmiş, heç bir mühüm vəzifəyə təyin edilməmişdi.

Xəlifə Mütəvəkkil (847-861) Əbus-Sac Divdadı İraq ilə Məkkə arasındakı yolların əmirliyinə təyin etmişdi. Bu həcc zəvvarlarının təhlükəsizliyinin təmin edən mühüm bir vəzifə idi. Bu tarixdən sonra xilafət daxilindəki hərbi-siyasi proseslərdə fəal iştirak edən Əbus-Sac Divdad 868-ci ildə Əvasim əmirliyinə təyin edilmişdi. Əvasim bölgəsi Bizansla həmsərhəd olan əraziləri əhatə edirdi və Bizansa qarşı hərbi əməliyyatlar buradan idarə olunurdu. Daha sonrakı illərdə İraq və Suriyada müxtəlif inzibati-hərbi vəzifələri icra edən Əbus-Sac Divdad 879-cu ildə İranın Cündşapur şəhərində vəfat etmişdi. Onun oğlu Əbu Ubeydullah Muhəmməd ibn Divdad da bacarıqlı sərkərdə və məmur kimi tanınmış, Abbasi xəlifələri tərəfindən Hərameyn, Təriqi-Məkkə, Ənbar vilayəti, Mosul, Qınəsreyn valiliklərinə təyin edilmişdi. Misirdə hakimiyyətə yiyələnmiş Tolonoğulları ilə Abbasilər arasındakı mübarizədə fəal rol oynamış Muhəmməd ibn Divdad 890-cı ildə xəlifə Mu’təmid (870-892) tərəfindən Azərbaycan hakimliyinə təyin edilmişdi. Xəlifə Mu’təzid (892-902) hakimiyyətə gələndən sonra Muhəmməd ibn Divdadın Azərbaycan hakimliyini təsdiqləmişdi.

Ərməniyyədə hakimiyyətdə olan Baqrati sülaləsinin yeni hakimi I Smbat 890-cı ildə atası I Aşotun taxtına yiyələnmişdi. Xəlifə Mu’təmid onun çarlığını təsdiqləmiş, lakin hökmdarlıq əlaməti olan tacı və digər hədiyyələri I Smbatın özünə yox Azərbaycan hakimi Muhəmməd ibn Divdada göndərərək bunların erməni çarına çatdırılmasını istəmişdi. Bununla xəlifə Ərməniyyə çarının Azərbaycan hakiminin vassalı olduğunu vurğulamaq istəmişdi. I Smbat hakimiyyətə gəldiyi ilk gündən bəri kiçik çaplı işğalçı hərəkətlərlə ərazisini genişləndirməyə və Bağdaddan olan asılılığını azaltmağa çalışmaqda idi. O, bu məqsədlə xilafətlə müharibə vəziyyətində olan Bizans imperatoru VI Leonla siyasi əlaqələr quraraq mövqeyini gücləndirməyə çalışmaqda idi. I Smbatın bu yöndəki fəaliyyətinin qarşısını almaq üçün xəlifə ona qarşı sərt tədbir görmək qərarına gəlmişdi. Əmir Muhəmməd ibn Divdad xəlifə Mu’təzidin əmri ilə I Smbata qarşı hərbi əməliyyata başlamışdı. Əmir Muhəmmədin Düveynə yaxınlaşdığını öyrənən ermənilər təşvişə düşürlər və katolikos II Georqu sülh danışığı üçün Muhəmməd ibn Divdadın yanına göndərirlər. O, II Georqu girov götürərək hərəkatı davam etdirir. Vijan qalası yaxınlığında 893-cü ildə baş vermiş döyüşdə əmir Muhəmmədin ordusu məğlub olur. Üç il sonra 896-cı ildə əmir Muhəmməd ibn Divdad Ərməniyyəyə uğurlu hərbi əməliyyat gerçəkləşdirir. Erməni ordusunu məğlub edərək Qars qalasını ələ keçirir. Qars qalasında I Smbatın arvadı və digər ailə üzvləri əsir götürülürlər.

898-ci ildə xəlifə Mu’təzid əmir Muhəmməd ibn Divdadı həm də Ərməniyyə canişinliyinə təyin edir. I Smbatın müqavimətini qıran əmir Muhəmməd ordusunu Gürcüstana yeridir. Gürcü çarı II Atrnerseh I Smbatın siyasətini dəstəklədiyi üçün ağır bir şəkildə cəzalandırılır. Lakin Azərbaycanda yayılan taun xəstəliyi əmir Muhəmmədin uğurlu hərbi səfərlərini yarımçıq qoyur. Epidemiya elə şiddətli olur ki, ölən insanları kəfənləyib dəfn eləmək mümkün olmur. Ordu mənsublarından, sərkərdələrdən bir çoxu, o cümlədən əmir Əbu Ubeydullah Muhəmməd ibn Divdadın öz də tauna yoluxaraq vəfat edirlər. Onun yerinə oğlu Əbül-Müzəffər Divdad keçir. Lakin 901-ci ildə Əbus-Sac Divdadın digər oğlu, əmir Muhəmmədin qardaşı Əbül-Qasim Yusif ibn Əbus-Sac qardaşı oğlunu iqtidardan uzaqlaşdıraraq Azərbaycan hakimi olur. Əmisinin yanında qalması təklifini qəbul etməyən Əbül-Müzəffər Divdad Azərbaycanı tərk edərək İraqa gedir və Bağdadda sakit həyat sürür.

Bu vaxt Bağdadda da hakimiyyət dəyişmiş, xəlifə Müktəfi’ (902-908) iqtidara gəlmişdi. Yeni xəlifə ilə əmir Yusif ibn Əbus-Sacın münasibətləri daim soyuq olmuşdu, xəlifə ona etimad etmirdi. Bununla yanaşı xəlifə mövcud vəziyyətlə barışmaq məcburiyyətində qalıb Yusif ibn Əbus-Sacın Azərbaycan hakimliyinə etiraz etməmişdi. Bununla belə xəlifə Müktəfi’ əmir Yusifin Azərbaycanda və Ərməniyyədə mövqeyinin daha artıq möhkəmlənməməsi üçün I Smbatın bilavasitə özünə vassal bağlılığı olmasını istəmişdi. O, çar I Smbata çarlıq tacı və müxtəlif hədiyyələr göndərmişdi.

Yusif ibn Əbus-Sac bu vaxt Azərbaycanda öz hakimiyyətini möhkəmləndirmək istiqamətində addımlar atmaqda idi. 902-ci ildə Ərdəbili paytaxt şəhəri edən əmir Yusif burada üzərində özünün və Abbasi xəlifəsinin adları həkk olunmuş qızıl dinarlar zərb etdirmişdi. O, çar I Smbatı Ərdəbilə dəvət etmiş və gəlib itaət ərz etməsini istəmişdi. Lakin I Smbat əmir Yusifin bu təklifini rədd etmişdi. Əmir Yusif bunu müharibə üçün səbəb sayaraq böyük bir ordu ilə Ərdəbildən hərəkətə keçib Beyləqana gəlmiş, buradan şimala doğru gedərək Borçalı və Ağbabadan keçib Arpaçay hövzəsinə enmişdi. Baqratilərin əsas istinadgahlarından biri olan Şirak vilayətinə daxil olan ordu qışın yaxınlaşması və havaların tez soyuması səbəbiylə fəal hərbi əməliyyatlar apara bilməmişdi. I Smbat bu vaxt Alagöz dağı [2] ətəyindəki Aruc qalasına sığınaraq baş verənləri müşahidə etməkdə idi. Əmir Yusif ordusunu Düveyn [3] şəhəri ərtafına apararaq burada qışlamaq qərarına gəlmişdi. Saci ordusunun Düveynə doğru hərəkət etdiyini öyrənən I Smbat əmir Yusifi təqib etməyə başlamışdı. Heç gözləmədiyi bir vaxta Yusif ibn Əbus-Sacdan sülh təklifi alan I Smbat bunu məmnuniyyətlə qəbul edib ordusunu Arpaçayın sol sahilinə çəkərək qışı orada keçirmişdi. 902-903-cü ilin qışını ordusu ilə Düveyndə keçirən Yusif ibn Əbus-Sac bahara qədər heç bir hərbi əməliyyat aparmamışdı. 903-cü ilin baharında o, çar I Smbata krallıq tacı və digər qiymətli hədiyyələr göndərmiş, I Smbat da bu hədiyyələri qəbul etmiş, müqabilə edərək o, da əmir Yusifə qiymətli hədiyyələr göndərmişdi.

905-ci ildə əmir Yusif I Smbatdan ödəməyi öhdəsinə götürdüyü illik xəracın hamısını bir dəfəyə ödəməsini tələb etmişdi. I Smbat bunu etmədiyi təqdirdə müharibə hədəsiylə qarşılaşacağını bildiyi üçün tabeliyindəki işxanlara (erməni feodalları) Sacilərə ödədiyi illik xəracın dərhal toplanmasını əmr etmişdi. Məbləğ qısa zamanda toplanaraq Ərdəbilə göndərilmişdi. Bu hal Ərməniyyəni maliyyə baxımından zəiflətdiyi kimi işxanların da I Smbatdan narazılığın artırmışdı.

Yusif ibn Əbus-Sac

Yusif ibn Əbus-Sac hakim erməni ailələri arasındakı ərazi anlaşmazlıqlarından da məharətlə istifadə etmişdi. Van gölü hövzəsinə hakim olan Ardzruni sülaləsinə mənsub Xaçik Qagik ilə Baqrati sülaləsinə mənsub I Smbat arasında daim çəkişmə var idi. Qagik yardım üçün əmir Yusifə müraciət edəndə o, bunu məmnuniyyətlə qəbul etmiş və Qagiki Ərdəbilə dəvət etmişdi. Qiymətli hədiyyələrlə Ərdəbilə gələn Qagik əmir Yusif tərəfindən yaxşı qarşılanmış, başına tac qoyularaq “kral” titulu verilmişdi. Bu himayəçiliyin əvəzində Xaçik Qagik Sacilərə vassal bağlılığını və illik xərac ödəməyi öhdəsinə götürmüşdü. Beləcə ermənilərin biri Ardzruni, digəri isə Baqrati sülalələrinə mənsub iki çarı olmuşdu. Bu iki çar ailəsi bundan sonra öz aralarında iqtidar mübarizəsində olacaqdılar.

I Smbat əmir Yusifin qəzəbindən qorxduğu üçün Xaçik Qagikə qarşı açıq mübarizə aparmaqdan çəkinirdi. Bununla belə o, Xaçik Qagik kimi Ərdəbilə gələrək əmir Yusifə vassal bağlılığını və sədaqətini ərz etməkdən çəkinərək öz yerinə erməni katolikosu VI Ovanesi göndərmişdi. Əmir Yusif katolikosu xoş qarşılayıb qonaq etsə də onun geri qayıtmasına izn verməyərək Ərdəbildə saxlanmasını əmr etmişdi.

908-ci ildə iqtidara gələn xəlifə Muqtədir (908-932) Bağdadın cənubi Qafqazdakı mövqeyini möhkəmləndirmək məqsədiylə etimad etdiyi əmir Yusif ibn Əbus-Sacı Azərbaycan və Ərəməniyyə hakimi olaraq təsdiq etmişdi. Bu vaxt Xaçik Qagikin qardaşı Qurgen Ərdəbilə gələrək əmir Yusiflə I Smbata qarşı başladılacaq yeni hərbi kampaniyaya qoşulmaq niyyətini ərz etmişdi. Yusif ibn Əbus-Sac 909-cu ildə böyük bir ordu ilə Naxçıvana gəlmişdi. Qısa müddət sonra Xaçik Qagik də öz hərbi dəstəsi ilə gəlib əmir Yusifə qoşulmuşdu. Yusif ibn Əbus-Sacın ilk hədəfi I Smbatla müttəfiqlik edən Sünikin (Zəngəzur) xristian-alban feodalları olmuşdu. Əmir Yusif 909-cu ilin aprelində ordusunu şərqi Sünikə yeritmişdi. Şərqi Sünik knyazı Smbat ərazinin yüksək dağlardan ibaət olmasına güvənərək müqavimət göstərmişdi. O, hər ehtimala qarşı anası Şuşan və arvadı Sofini digər ailə üzvləri ilə birlikdə Əlincə qalasına göndərmişdi. Saci ordusu Sünik knyazının ordusunu əzərək qısa müddətdə şərqi Süniki ələ keçirmişdi. Qərbi Sünikin (Göyçə gölünün cənubu) alban knyazı II Qriqor da məğlub olub sülh istəmiş və Düveynə, əmir Yusifin yanına gələrək itaətini ərz etmişdi.

Vaspurakan və Sünik hakimlərinin Yusif ibn Əbus-Saca itaət etmələri ilə Baqrati çarı I Smbat təklənmişdi. I Smbatın sülh təklifinə əmir Yusif ibn Əbus-Sac illik xəracın dərhal və bir dəfəyə ödənməsini tələb etməklə cavab vermişdi. I Smbat məğlubiyyətə uğramaqdan canını qurtarmaq üçün bu tələbi çətinliklə də olsa qısa müddətdə yerinə yetirmiş, tələb olunan məbləği toplayıb göndərmişdi. Lakin buna baxmayaraq o, müharibədən canını qurtara bimləmişdi. Yusif ibn Əbus-Sac ordusunu I Smbatın üzərinə göndərmişdi. I Smbat müqavimətin mənasız olduğunu anlayıb sığındığı Gelark qalasını tərk edərək Gürcüstana qaçmışdı. Gürcü Baqati çarı II Atrnerseh Yusif ibn Əbus-Sacdan qorxduğu üçün ona yardım etməkdən imtina etmiş, I Smbat Abxaziyaya qaçmışdı. Saci ordusu I Smbatı təqib edərək Gürcüstana girmiş və bir sıra yerləri ələ keçirmişdi. Lakin I Smbatı yaxalamaq mümkün olmamışdı. Qış yaxınlaşanda ordu hərbi səfəri dayandıraraq Tiflisə, oradan da Düveynə qayıtmışdı.

I Smbatın belə biabırçı məğlubiyyətindən sonra iri erməni feodalları Yusif ibn Əbus-Sacın qəzəbinə tuş gəlməmək üçün bir-bir Düveynə gələrək ona itaətlərini ərz etmişdilər. Hətta I Smbatın mənsub olduğu Baqrati sülaləsinə mənsub knyazlar da əmir Yusifə itaətlərini ərz etmək üçün Düveynə gəlmişdilər. Bunladan biri də I Smbatın qardaşı Şapuxun oğlu sparapet Aşot idi.

Saci ordusunun qışlamaq üçün Araz çayı hövzəsinə çəkilməsini fürsət bilən I Smbat yenidən öz ölkəsinə qayıtmışdı. 910-cu ilin baharında Yusif ibn Əbus-Sac erməni çarına son zərbəni endirmək üçün ordusunu hərəkətə gətirmişdi. I Smbat oğulları Aşot Erkat və Muşeqin əmrindəki ordunu Yusif ibn Əbus-Saca qarşı göndərmişdi. Azərbaycan və erməni orduları Alagöz dağı ətəklərində qarşılaşmış və burada baş vermiş şiddətli döyüş ermənilərin məğlub olaraq qaçması ilə bitmişdi. Muşeq əsir alınmış, Aşot Erkat isə qaçıb canını qurtara bilmişdi. Digər əsirlərlə birlikdə Düveynə gətirilinə Muşeq burada əvvəlcə zindana atılmış, sonra isə qərbi Sünik knyazı II Smbatla birlikdə edam edilərək öldürülmüşdü. Alagöz zəfəri ilə Şirak bölgəsi xaric Ərməniyyə bütünlüklə Sacilərin tabeliyinə keçmişdi. I Smbat qaçıb Kapuit-Berd qalasında gizlənmişdi. Qala bir il mühasirədə saxlandı. Lakin sərt dağlıq ərazidə olduğu üçün alınması mümkün olmadı. Buna baxmayaraq Yusif ibn Əbus-Sac mühasirənin fasiləsiz davam etdirilməsini əmr etmiş, ərzaqla təmin oluna bilməsinlər deyə qala yaxınlığındakı bütün kəndlər talan edilərək dağıldılmışdı. I Smbat və katolikos VI Ovanes yardım üçün Bizans imperatoru VI Leona müraciət etmişdilər. Lakin Bizans imperiyasında hakimiyyət dəyişikliyi baş vermişdi. VI Leon ölmüş, yerinə imperator Aleksandr (912-913) keçmişdi. Cəmi bir il hakimiyyətdə qalan Aleksandr yardım istəyinə müsbət cavab verə bilməmişdi. Nəhayət ərzaq ehtiyatı tükənən I Smbat qaladakı ermənilərin canlarına toxunulmaması şərti ilə təslim olmaq istədiyni bildirmişdi. Onun irəli sürdüyü şərt qəbul olunmuş və I Smbat gizləndiyi qaladan çıxaraq əmir Yusifin olduğu düşərgəyə gətirilmişdi. Edam olunacağından qorxan I Smbat fürsət taparaq düşərgədən qaça bilmişdi. Lakin bir müddət sonra Şirak bölgəsindəki kəndlərdən birində, gizləndiyi yerdən tapılaraq geri gətirilmişdi. Yusif ibn Əbus-Sac I Smbatı 913-cü ildə Düveyn zindanına saldırmış, bir il sonra 914-cü ildə isə onu edam etdirmişdi.

914-cü ildə Yusif ibn Əbus-Sac şərqi Sünik knyazı Smbatın anası, arvadı və digər ailə üzvlərinin sığındığı Əlincə qalasını mühasirəyə almışdı. Mühasirədəkilər alınmazlığı ilə tanınan qalanın möhkəmliyinə arxayın olaraq inadla müqavimət göstərmiş, təslim olma təlkifini rədd etmişdilər. Əmir Yusif qaladakı ermənilərdən biri ilə əlaqə quraraq onu pulla ələ almış və qala qapılarını gizlicə açdırmağa nail olmuşdu. Əlincəyə daxil olan Saci ordusu buradakı müqavimətçiləri qılıncdan keçirmiş, knyaz Smbatın anası Şuşan, arvadı Sofi və kiçik oğlunu əsir edib Düveynə gətirmişdi.

914-cü ildə Yusif ibn Əbus-Sac I Smbata yardım edən gürcü Baqratilərini də cəzalandırmaq qərarına gəlmişdi. O, ordusunu Gürcüstana yeritdi. Kaxetiya knyazı I Kvirike Yusif ibn Əbus-Sacın hüzuruna gəlib təslim oldu və itaətini ərz etmişdi. Yusif ibn Əbus-Saca Kuvel qalasını ələ keçirərək müqavimətçiləin lideri Qobronu edam etdirmiş, Kaxetiya və Samsxe-Cavaxetiyanı fəth edərək geri, Azərbaycana qayıtmışdı.

Yusif ibn Əbus-Sac Baqratiləri itaət altına almaqla məşğul ikən 914-cü ildə  ruslar Azərbaycana soxulmuşdular. 500 gəminin hər birində 100 nəfər olmaqla 50 mindən çox rus əsgəri Xəzərsahili vilayətlərə qəfil hücum etmişdilər. Həmin vaxt Xəzər dənizinə tökülən İdil  (Volqa) çayı Xəzər xaqanlığının nəzarətində olduğu üçün ruslar xaqanın icazəsi ilə gəmilərini Xəzər dənizinə endirə bilirdilər. Bunun müqabilində isə onlar talan etdikləri qənimət mallarının yarısını xaqana verməyi vəd edirdilər.  Həmin il Gilan, Deyləm, Təbəristan sahillərinə qəfil hücum edən ruslar yaşayış məntəqələrini zəbt edərək talan edir, əhalini əsir götürürdülər. Ruslar qarət etdikləri mallar və əsirlərlə Abşeron yaxınlığındakı adalara çəkilmişdilər. Yusif ibn Əbus-Saca vassal bağlılığı olan Şirvanşah Əli ibn Heysəm əsgərlərini qayıqlara mindirərək həmin adalara hücum etmişdi. Lakin bu dəniz döyüşü rusların qələbəsi ilə bitmişdi. Bir neçə ay bu adalarda qalan rusların dənizdə quldurluq etmələri səbəbiylə Xəzər dənizindəki ticarət iflasa uğramışdı. Nəhayət onlar gəmilərinə minib Xəzər dənizinin şimalına yollanmışdılar. Xəzər xaqanlığına çatanda xaqanın ordusunda xidmət edən muzdlu müsəlman əsgərlər ruslarla vuruşmaq üçün səfərbər oldular. Mənbələrdə  bu hərbiçilər “əl-Larisiyyə”  [اللارسيه] adlandırılırlar. Onlar xaqana “müsəlman qardaşlarımıza hücum edib onların qanını tökmüş, qadınları və uşaqları alçaltmış bu milləti bizim öhdəmizə burax” deyərək ruslarla vuruşmaq niyyətində olduqlarını bildirdilər. Yəhudi dinində olan Xəzər xaqanı onları bu fikirlərindən daşındırmaq istəsə də bacarmamışdı, çünki özü də onlardan çəkinirdi. Lakin xaqan rusları ölkəsindəki müsəlmanların onlarla vuruşmaq üçün hazırlaşdıqları barədə xəbərdar etmişdi. 15 min yaxşı silahlanmış süvari əl-larisi ruslara hücum etdilər. Ruslar gəmilərdən sahilə çıxıb onlarla döyüşə girişdilər. Üç gün davam edən döyüş müsəlmanların qələbəsi ilə bitdi. Azərbaycan və İrandan sağ qayıda bilmiş 30 min rusun sadəcə 5 mini əl-larisilərin qılıncından canını qurtara bilmişdi. 25 minə yaxını isə öldürülmüş və dənizdə batırılmışdı. 5 min nəfər isə gəmiləri ilə Volqa boyunca şimala üzərək burtasların ölkəsinə (indiki Çuvaşiya) daxil olmuşdular. Burtaslar onlara hücum edib ağır itgi verdirmişdilər. Onların geri qalanlarını isə müsəlman bulğarlar qılıncdan keçirmişdilər.

Yusif ibn Əbus-Sac Ərməniyyəni bütünü ilə fəth etdikdən sonra diqqətini Azərbaycanın cənubuna yönəltmişdi. Rey (Tehran) şəhəri və civar məmləkətlər bu vaxt Samanilərə bağlı hakim tərəfindən idarə olunurdu. Yusif ibn Əbus-Sac Azərbaycanın cənubundakı Rey, Qəzvin, Zəncan və Əbhəri də öz hakimiyyəti altına almaq niyyətində idi. Yusif ibn Əbus-Sac xəlifə Müqtədirin vəziri Əli ibn İsaya müraciət edərək bu məmləkətlərin onun idarəsinə verilməsi barədə xəlifənin fərman verməsini xahiş etmişdi. Tezliklə Yusif ibn Əbus-Sac vəzirdən buna dair fərman alaraq hərəkətə keçir. Bu zaman Reyi Abbasi xilafətinə bağlı olan Samani hökmdarı Nəsr ibn Əhmədin canişini Məhəmməd ibn Əli Suluk adlı birisi idarə edirdi. O, Reyə hücum edən əmir Yusifın qoşunları qarşısında dayana bilməyərək şəhəri təslim etmişdi. 916-cı ildə Reydən başqa Zəncanı, Əbhəri və Qəzvini ələ keçirmiş əmir Yusif ona tabe  ərazini Əli ibn İsanın təqdim etdiyi xəlifə fərmanına əsasən genişləndirdiyini xəlifəyə bildirmişdi.  Bu vaxt vəzir Əli ibn İsa vəzifəsindən azad edilərək həbs edilmiş, onun yerinə əvvəlki vəzir İbn əl-Furat təyin edilmişdi. İbn əl-Furat zindandakı Əli ibn İsa ilə görüşüb sözügedən fərman haqqında soruşanda sabiq vəzir hər şeyi inkar edərək belə bir fərman göndərmədiyini söyləmişdi. İbn əl-Furat xəlifəyə bu haqda məlumat verəndə xəlifə sərkərdələrindən Xaqan əl-Muflihini 20 minlik ordu ilə Yusif ibn Əbus-Sacın üstünə göndərmişdi. Rey yaxınlığında baş vermiş döyüş Xaqan əl-Muflihinin məğlubiyyəti ilə nəticələnmişdi. Xəlifə Muqtədir ordusunun əmir Yusif qarşısında məğlubiyyəti xəbərini alandan sonra Bizanz cəbhəsindən yeni qayıtmış əmir Munis əl-Xadimi 918-ci ildə Yusif ibn Əbus-Sacın üstünə göndərmişdi. Əmir Munisin Azərbaycana doğru yola çıxdığı xəbərini alan əmir Yusif məktub yazaraq Rey və ətrafının ona həvalə edilməsi müqabilində xəlifənin xəzinəsinə 700 min dinar ödəməyə hazır olduğunu bildirmişdi. Əmir Munis onun bu məktubunu xəlifəyə çatdırmışdı. Xəlifə Muqtədir bu təklifə Yusif ibn Əbus-Sacın Bağdada gəlib hüzuruna çıxması tələbi ilə cavab vermişdi. Yusif ibn Əbus-Sac Bağdada gedəcəyi təqdirdə həbs ediləcəyini bildiyi üçün ələ keçirdiyi Rey və ətraf vilayətləri tərk edərək Ərdəbilə getmişdi. Reyə gələn Munis əl-Xadim bu şəhərin, eləcə də Qəzvin, Zəncan və Əbhərin idarəsini əmirlərindən Vasif əl-Begtemura həvalə etmişdi. Əmir Munis əl-Xadim xəlifənin əmri ilə Yusif ibn Əbus-Sacı yaxalamaq üçün Təbrizə, oradan da Ərdəbilə doğru üz tutmuşdu. Yusif ibn Əbus-Sac ordusu ilə əmir Munisin qarşısına çıxmış, iki ordu Sərab şəhəri yaxınlığında qarşılaşmışdı. Yusif ibn Əbus-Sacın sərkərdələrindən Əli ibn Vasif və Səbuk əl-Muflihinin səyləri nəticəsində Munisin ordusu məğlub olmuş, əmir Simə ibn Buveyh digər bəzi əmirlərlə birlikdə əsir düşmüşdü. Əmir Munis bu məğlubiyyətdən sonra Zəncan şəhərinə geri çəkilmişdi. Yusif ibn Əbus-Sac əmir Səbukun təkidinə rəğmən qaçanları təqib etməyə izn verməyərək əsirlərlə birlikdə Ərdəbilə qayıtmışdı. O, əsirlərə xoş rəftar etmiş, hətta əsir əmirlərə hədiyyələr təqdim edərək onları yanında əsir kimi deyil, qonaq kimi saxlamışdı. Əmir Munis Bağdada məktub yazaraq baş verənlər barədə məlumatlandırmış və xəlifədən bundan sonrakı təlimatları gözləməyə başlamışdı. Bu vaxt Yusif ibn Əbus-Sac Zəncandakı əmir Munisin yanına öz adamlarını göndərərək əvf edilməsini və münasib şərtlərlə sülhün əldə olunmasını istədiyini bildirmişdi. Əmir Munis əl-Xadim xəlifə ilə əmir Yusif arasında barışıq əldə olunmasını arzu etdiyi üçün onun bu istəklərini xəlifəyə çatdırmışdı. Lakin xəlifə Muqtədir ona Zəncanda gözləməsini və tezliklə köməkçi qüvvələr göndərəcəyini bildirmişdi. Bir müddət sonra xəlifənin əmir Əbül-Heyca Abdullah və əmir Əbul-Ə’la Səidin başçılığ altında göndərdiyi əlavə qüvvələr Zəncana gəlib çatmışdı. 919-cu ildə Ərdəbil yaxınlığında tərəflər arasında baş vermiş döyüş Yusif ibn Əbus-Sacın ordusunun məğlub olması ilə nəticələnmişdi. Yusif ibn Əbus-Sac döyüş vaxtı atından yıxılaraq yaralanmış və əsir düşmüşdü. Əmir Əbul-Heyca Abdullah əl-Həmdani onu Munis əl-Xadimin yanına gətirmişdi. Əmir Munis Yusif ibn Əbus-Sacı hörmətlə qarşılamış, onun üçün xüsusi çadır ayırıb yaralarının müalicəsi üçün həkim təxsis etmişdi. O, əmir Yusifə xəlifənin yanında onun üçün şəfaətçi olacağını və ağır cəza verilməməsi üçün əlindən gələn hər şeyi edəcəyini söyləmişdi. 919-cu ilin payızında Yusif ibn Əbus-Sac Bağdada gətirilmiş, xəlifə Müqtədirin əmri ilə ev dustağı edilmişdi. Onun hakimiyyəti altında olan ərazilərə valilər təyin edilmişdi. Azərbaycan əmir Muhəmməd ibn Ubeydullah əl-Faruqiyə, Rey, Dəmavənd, Qəzvin, Əbhər və Zəncan əmir Əli ibn Vəhsudana, İsfəhan, Qum, Kaşan və Savə şəhərləri isə Əhməd ibn Əli Süluka həvalə edilmişdi. Lakin bir müddət sonra Yusif ibn Əbus-Sacın məmlüklərindən Səbuk əl-Muflihi ağasının sadiq adamlarını öz ətrafında toplayaraq Muhəmməd əl-Faruqini məğlub edib Azərbaycanın bir hissəsini yenidən ələ keçirmişdi.

Yusif ibn Əbus-Sacın Bağdadda ev dustağı edildiyi üç il ərzində Azərbaycanda, eləcə də bütün cənubi Qafqazda vəziyyət təhlükəli hal almışdı. I Smbatın Alagöz döyüşündən qaçaraq canını qutarmış oğlu Aşot Erkat əmir Yusif ibn Əbus-Sac təhlükəsinin bu şəkildə aradan qalxmasını fürsət bilərək Şirak vilayətini yenidən ələ keçirmişdi. O, buradakı bir sıra yerlərə hücum edərək azsaylı müsəlman qarnizonlarını məğlub edə bilmiş, bir çox insanı öldürmüş və əsir götürmüşdü. Onun bu şəkildə fəallaşmasından ümidlənən katolikos VI Ovanes özünün dini-mənəvi nüfuzundan istifadə edərək bütün erməni işxanları və naxararlarını ixtilaf və düşmənlikləri bir tərəfə qoyub Aşot Erkatın ətrafında birləşməyə çağımışdı. Demək olar ki, bütün iri erməni feodalları katolikosun bu çağırışına qulaq verib Aşot Erkatın çarlığını tanımışdılar. Hətta Gürcü Baqrati çarı I Atrnerseh və Ardzuruni çarı Xaçik Qagik də Aşot Erkatı erməni çarı olaraq tanımışdılar. Ermənilərin hamısının bir yerə toplanmasının belə onların Yusif ibn Əbus-Sacın ordusu qarşısında davam gətirmələrinə yetməyəcəyini bilən katolikos VI Ovanes yardım üçün Bizans imperatoru VII Konstantinə və yunan (Bizans) pravoslav kilsəsi patriki I Nikolas Mistikusa müraciət etmişdi. Katolikos VI Ovanes imperatora yazdığı məktubunda onu səlib yürüşünə təşviq edir və deyirdi: “Tanrının əsgəri, romalıların İsa tərəfindən taclandırılmış qüdrətli imperatoru, kömək üçün bizə ordularınızı göndərin, bizi bu vəziyyətdən xilas edin və qisasımızı alın”. İmperator erməni çarı II Aşotu və katolikosu ittifaq müqaviləsi bağlamaq üçün Konstantinopola dəvət etmişdi. Yunan pravoslav kilsəsi ilə monofizit-qriqorian erməni kilsəsi arasında dərin əqidə ixtilafı var idi. Buna görə də katolikos məzhəb dəyişməsi üçün ona göstərilə biləcək təzyiqlərdən ehtiyat edərək özü Konstantinopola getməmiş, çar II Aşot Erkat isə imperatorun dəvətinə əməl etmişdi. Konstantinopolda təmtəraqla qarşılanan çar II Aşotla imperator arasında dostluq münasibəti qurulmuş, Aşot xilafətə və Sacilərə qarşı Bizans vassallığını qəbul etmişdi. İmperator onu hədiyyələrlə təltif edib ölkəsinə yola salmış və onunla birlikdə Bizans qarnizonu da göndərmişdi. Əmir Səbuk əl-Muflihi Düveyni ələ keçirmək istəyən bu Bizans hərbi dəstəsini məğlub edərək şəhərdən uzaqlaşdıra bilmişdi.

Regionda vəziyyətin belə bir hal aldığını görən xəlifə Muqtədir Yusif ibn Əbus-Sacı həbsdən azad edib yanına gətirmiş, ona xələt geydirərək qiymətli hədiyyələrlə təltif etmişdi. Bundan başqa daha əvvəl sahib olduğu Azərbaycan və Ərməniyyə ilə birlikdə Rey, Qəzvin, Zəncan və Əbhər hakimliyi də xəlifə tərəfindən Yusif ibn Əbus-Saca verilmişdi. Xəlifə əmirlərindən Vasif əl-Begtemuru da yardımçı qüvvələrlə Yusif ibn Əbus-Sacla birlikdə Azərbaycana yola salmışdı. Yusif ibn Əbus-Sac 922-ci ildə Azərbaycana gəlib çatanda sadiq adamlarından biri olan türk mənşəli əmir Səbuk əl-Muflihinin artıq vəfat etdiyini öyrənmişdi. Yusif ibn Əbus-Sac 925-ci ilə qədər Rey, Zəncan, Əbhər və Qəzvin üzərindəki hakimiyyətini möhkəmləndirmək üçün çalışmışdı. Bir müddət sonra xəlifə Muqtədir onu yenidən İraqa çağırmışdı. Getdikcə böyüməkdə olan batini-qərməti qiyamını yatırmaq işini xəlifə digər bəzi sərkərdələrlə birlikdə Yusif ibn Əbus-Saca həvalə etmişdi. Yusif ibn Əbus-Sac İraqdakı batini-qərməti qiyamını yatırarkən döyüşlərdən birində, Kufə şəhəri yaxınlığında 928-ci ilin yanvar ayında şəhid olmuşdu. Onun ölümündən sonra qardaşı oğlu Əbul-Müsafir Fəth ibn Muhəmməd əs-Saci Azərbaycan və Ərməniyyə hakimli olmuşdu.

Yusif ibn Əbus-Sac 27 illik hakimiyyəti dövründə qərbdə Ani, Düveyn və Arpaçaydan şərqdə Xəzər dənizinədək, cənubda Zəncan və Əbhərdən şimalda Dərbənd və Tiflisədək olan Azərbaycan coğrafiyasını özünə tabe edərək vahid hakimiyyət altında birləşdirmişdi.  Yusif ibn Əbus-Sac şimal sərhədlərinin, ələlxüsus Dərbənd keçidinin möhkəmləndirilməsinə böyük diqqət yetirirdi. Çünki şimaldan müdaxilələr əsasən bu keçiddən olurdu.

Sacilərin hakimiyyəti dövrü Azərbaycanda elm və mədəniyyətinin inkişaf etdiyi dövrlərdən biridir. Bu dövrdə Ərdəbil, Bərdə, Bərdic, Tiflis, Əbhər, Düveyn, Zəncan, Dərbənd kimi şəhərlərindən sadəcə Azərbaycanda deyil, bütün İslam dünyasında tanınmış alimlər yetişməkdə idi. Bunlardan məşhur hədis alimi Əbu Bəkr Əhməd Bərdici, mühəddis Əbül-Hüseyn Yaqub Ərdəbili, mühəddis Əbul-Həsən Müzəffər Səlmasi, fəqih Əbu Abdullah Əhməd Zəncani, mühəddis Əbu Osman Səid Bərdəi, mühəddis Əbul-Həsən Məhəmməd Bərdəi, mühəddis Muhəmməd ibn Əbu İmran Dərbəndi, mühəddis Şueyb ibn Muhəmməd Düveyni Sacilər dövründə Azərbaycanda yetişmiş alimlər idilər. Gəncliyi Məkkə şəhərində keçmiş Yusif ibn Əbus-Sac yaxşı təhsil almışdı və ərəb dilini mükəmməl bilirdi. Cəsur və bacarıqlı sərkərdə olan Yusifin aydın və səlis nitqə sahib, bəlağətlə danışan natiq olduğu, hətta ərəbcə şeer də yazdığı qeyd olunur.

meqale 1 s3

Hicri 311-ci ildə Ərdəbildə Yusif ibn Əbus-Sac tərəfindən zərb etdirilmiş qızıl dinar. Qızıl sikkənin ön üzündə “Lə iləhə illəllah, vəhdəhu, lə şərikələhu. Əbul-Abbas əmirəl-mu’minin”, arxa üzündə: “Muhəmməd Rəsulullah, əl-Muqtədir Billəh, əl-vəzir Əbul-Həsən, Yusif ibn Divdad” sözləri həkk olunmuşdur. 4.64 qr ağırlığındakı qızıl sikkə Londonda, şəxsi kolleksiyaların birində saxlanılır. 

İstifadə olunmuş ədəbiyyat

İbn Cərir ət-Təbəri, Tarixi-Təbəri, III.

İbn Miskəveyh, Təcarib-ul-Uməm, I.

İzzəddin İbnul-Əsir, əl-Kamil fit-Tarix, VIII.

Komissiya, Azərbaycan Tarixi, II.

Nəsirov, E. Orta əsrlərdə yaşamış Azərbaycanlı alimlər.

Yıldız, H.D, Azerbaycanda Hüküm Sürmüş Bir Türk Hanedanı, Sacoğulları, III.

  1. Usruşana/Ustruşana-aşağı Türküstanda (Mavəraünnəhr) yerləşir, Səmərqənd, Xocənd, Cizaqın cənubundakı dağlıq bölgənin qədim adı idi.
  2. Alagöz dağı (ermənicə Alagats) indiki İrəvan şəhərinin 40 km şimal-qərbində yerləşən, hündürlüyü 4090 m olan dağdır.
  3. Düveyn (ermənicə Dvin) qalıqları indiki İrəvanın 16 km cənub-şərqində yerləşən qədim Azərbaycan şəhəri.