Skip to main content


Allah`ın gənclərdən istəyi – dəvət


     Bu ayə bizə əslində iman etmişiksə getməli olduğumuz yolu-dəvət və təbliği göstərir. Demək gerçək iman sahibi, imanının gərəyi olaraq öz nurunu ətrafa yaymağı özünə borc bilir. Özü kimi ailəsi və cəmiyyətinin də islah olması, onların da Allah`ın sevgili bəndələri olmasına çalışmalıdır. Lakin bunun üçün müsəlmana qüvvətli, bol, daim enerji verən, qəlbi dolduran və bütün hüceyrələrə işləyən, nəfsini idarə edən bilən, ağlına, qəlbinə, iradəsinə hakim olan güclü bir İMAN lazımdır. Belə bir imana sahib olan mömin dünya məsələlərini onu narahat və daim məşğul edəcək şəkildə gözündə böyütməz. Çünki qəlbinin dərinliklərindən bir səs ona belə deyər: “Durma, Allah üçün daha çox çalış, O ki səni Sevir, Səni Qoruyur, hətta qəlbindən keçənləri bilir, Sənə çox bəxş edir, Elə isə Sən də əməllərinlə-dəvətinlə Ona layiq olmağa çalış, Onu sevindir!”

     Deməli Bu İman sönük, insanlardan qopmuş, “yalnız öz işim və öz həyatım, başqasından mənə nə” dedizdirəcək bir iman deyildir. Əksinə hərəkətli, imanını praktikada göstərən, Allah`a dəvətdə çox həvəsli və təşəbbüskar bir imandır. Elə bir imandır ki, canını və malını Allah yolunda fəda etməyə sövq edir, atdığı hər addım onu Allah`a daha çox yaxınlaşdırır, qəlbi sevinc və imandan dolub-daşır. Artıq o, islami dəvəti həyatı, malı və canından daha önəmli görməyə başlayır. Bunu daha yaxşı anlamaq üçün bir misala baxaq.

     İman bir avtomobili və təyyarəni hərəkətə gətirəcək iman gücünə bənzəyir. Təsəvvür edin ki, hər iki nəqliyyat vasitəsindən xəbəriniz yoxdur və bir şəxs qalxıb iddia edir ki, təyyarənə 100 dəfə kiçik bir motor itələmə qüvvəsi ilə onu havaya qaldıracaq və avtomobili yüzlərlə kilometr hərəkət etdirəcək. Siz buna yalnız avtomobil uzun məsafə qət edib, təyyarə səmaya qalxdıqdan sonra inana bilərsiniz. Elə imanın gücü də iman sahibinin Allah yolunda dəvətə, xeyir işlərə səy göstərməsiylə ortaya çıxar. Təyyarənin uçmasına
səbəb olmayan motorun az-çox bir əksikliyinin olması bilindiyi kimi, Allah yolunda dəvətə- bildiyini cəmiyyətinə də öyrətməyə sövq etməyən iman az-çox əskikdir.

     Müsəlmanların dəvət və təbliğdən uzaq qalması nəticəsində bütün dünyada insanlar yenidən şirk və bütpərəstliyə geri qayıtmışdır. Lakin bu gün bütpərəstlik əksər halda daş qoyub ona sitayiş etmək deyildir. Bugünkü bütpərəstlik insanın pula, ateistik fəlsəfələrə, vəzifəyə və ya ilahlaşdırılıb müqəddəsləşdirilən şəxslərə yönəlməsi, bunları həyatın mənası, məqsədi və qayəsi, bəzən isə ibadət tərzi olaraq görməsi və bütləşdirdiyi dəyərlərə çatma yolunda hər yola əl atması, haramları halal görməsidir. Yenidən Allah`a dəvət edən həvəsli, yorulmaq bilməyən imana sahib olmaq ümidiylə...