Skip to main content


​Təfsir elmi

Terminoloji tərifindən də məlum olduğu kimi təfsir elminin əsas predmenti Allah`ın kəlamı olan Qurani-Kərimdir. Təfsir elmi vasitəsi ilə biz Qurani -Kərimdə olan ayələrin nuzul səbəblərini (ayəninin nazil olmas səbəbini), dəlalət etdiyi mənanı, oradan çıxa biləcək hökmləri, mütləq  və müqayyəd  olan ayələrin izah edilməsini, bəzi şəri hökmlərin təfsilatını və s. öyrənirik.

Təfsir elmi Qurani-Kərim nazil olduğundan mövcuddur. Qurani -Kərimdə təfsir ilk öncə elə Quranın digər ayələri vasitəsi ilə edilir. Yəni təfsirin ilkin mənbəyi Quranın özüdür. Sonra isə əsas mənbə olaraq Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədisləri ikinci mənbə olaraq götürülür. Bundan sonra isə səhabələrin ayələr haqqında olar rəyləri əsas önəm kəsb edir. Quranın bu şəkildə təfsir olunması “ ət Təfsirul- Məsur” adlanır. Təfsirul-Məsur deyildikdə yəni Quranı kərimin –quranla, hədislə və səhabə sözü ilə izahı anlaşılır. Bəzi alimlər isə tabiinlərin rəylərini də bu çərçivəyə daxil edirlər.

Təfsir elminin tarixi yuxarıda da qeyd etdiyimiz kimi, elə Muhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) zamanından başlayır. Ona görə də alimlər ilk təfsirçi olaraq Məhəmməd peyğəmbəri (sallallahu aleyhi va səlləm) görürlər. Bundan başqa səhabələr içərisində öz təfsirləri ilə məşhur olanları da çox idi. Bunlardan ən öndə gedənləri raşidi xəlifələr, İbn Məsud, İbn Abbas (radiyallahu anhum) və s. idi. İbn Abbas (ra) öz təfsirləri ilə xüsusi ilə məşhurdur. Onun bir ləqəbi də Tərcumanul Quran” yəni Quranın tərcüməçisidir. Tabiinlərdən isə təfsirçi olaraq tanınan ən məşhurları bunlardır: Mücahid, İkramə, Qatadə, Həsən Əl Basri,Zeyd bin Əsləm, Tavus və s.

Təfsir elminin əhəmiyyəti çox böyükdür.  Quranın  anlaşılması , doğru şəkildə tətbiq olunması , şəri hökmlərin təfsilatları ilə örgənilməsi bir sözlə Quranın örgənilərək yaşanması üçün təfsir elminin rolu əvəzsizdir. Uca Rəbbimiz buyurur:

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ

(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. ( Sad 29)

Ayədən də  göründüyü kimi Allah st Öz kitabını endirməkdə olan kimmətlərdən biri də o ayələrin düşünülüb anlanılması, mənasını başa düşməsi və orada olan keçmiş ümmətlərin həyatlarından və s. misallardan ibrət götürülməsidir. Bunlara isə biz yalnız təfsir vasitəsi ilə nail ola bilərik.    

Başqa bir ayədə isə Allah təala Quranı dərk edib anlamayanları qınayır və onu anlamağa cağırır.

َفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا

Məgər onlar Quranı tədəbbür etməzlərmi ( düşünüb dərk etməzlərmi)? Yoxsa qəlbləri qıfıllıdır? (Muhəmməd 24)

Səhabələrin həyatı ilə tanış olsaq onların təfsir elminə böyük əhəmiyyət verdiklərinin şahidi olarıq.  Beləki rəvayətlərlər yolu ilə örgənirik ki, səhabələr 10 ayə öyrənər, onları tamamı ilə anlamadan və həyatlarına tətbiq etmədən digər ayələrə keçməzdilər.

Təfsir elmini qaydalarla örgənən elm isə usul- Ət Təfsir adlanır. Təfsir usulu elmi təfsir elminə yanaşma qaydalarını örgənir. Orada əsasən elmi qaydalar əsasında ayələrə yanaşma üsulları təhlil olunur.

Qurani-Kərimin təfsirinə bağlı bir çox alimlər tərəfindən dəyərli əsəsrlər qələmə alınmışdır. Təfsir əsərləri əsasən iki yanaşma üsulu ilə təlif olunur. “Təfsirul Məsur” yəni rəvayətlər yolu ilə və “Təfsiru Ər Ray” yəni müxtəlif əsaslanmalara istinad  edilən rəylərlə  təlif olunan təfsir. Bundan başqa müəyyən mövzulara bağlı , fiqhi əhkamları əhatə edən , ədəbi yanaşmalarla və s. mövzularda təfsir növləri mövcuddur.

Ən tanınmış və qəbul olunan təfsir kitablarına aşağıdakı əsərləri misal gətirmək olar- “ Təfsir Ət Təbəri”, Təfsir İbn Kəsir, “Təfsir Əl Bağavi”, “Təfsirul Cələleyni”  “Ədvaul Bəyən”,” Təfsiru əs Sadi” və s.

İslam ümməti arasında ən tanınmış təfsir alimlərinə isə aşağıdakıları misal gətirmək olar- Təbəri, İbn Kəsir, Qurtubi, Şanqiti , Əs Sadi və s.

      Təfsir elminini əhatə edən mövzuları ayrı ayrılıqda və daha geniş şəkildə inşəAllah növbəti yazılarımızda davam etdirəcəyin. Bu isə təfsir haqqında qısa və ümumi məlumat idi.