Skip to main content


Ateizm dalanı

Laboratoriya şəraitində tədqiq edilə bilməyən hər bir məfhumun inkar edilməli olduğunu iddia edən ateistlər görəsən insanın keçirtdiyi hisslər barədə nə düşünürlər?

Məsələn, insanın gülməli bir şey görərkən gülməsini, duyğulananda və ya kədərlənəndə ağlamasını, utanmasını, pərt olmasını, sevinməsini, məyus olmasını, əsəbləşməsini, sevməsini, nifrət etməsini və s. nə ilə izah edirlər? Nəyə görə insan gözü ilə gördüyü bir şeyi bəyənir və ya həmin şeyə ikrah hissi ilə yanaşır? Bu anlayışlara materialist məntiqlə heç bir tutarlı izah vermək mümkün deyil. Materialist psixologiyanı araşdırsanız, görərsiniz ki, onların insana yanaşmaları ilə hansısa texnikaya yanaşmaları arasında elə də ciddi fərq yoxdur.

“Biz elm yolundan başqa bir yol tanımırıq” deyən ateistlər iddialarına sadiq qalmaları üçün gərək ya özlərini ateist adlandırmasınlar, ya da metafizikanı inkar etməyə son qoysunlar. Çünki elm yolu sübuta yetirilməmiş bir məfhumu təkidlə inkar etməməyi, o məsələdə susmağı tələb edir. Məlum məsələdir ki, ateizmin tanrının varlığını inkar etmək üçün irəli sürdüyü iddialar öz təsdiqini tapmamış nəzəriyyələrdən ibarətdir. Elm yolunu seçmiş bir insan təsdiqini tapmamış bir mövzuda necə təkid edə bilər! Əgər təkid edirsə, deməli bu, elm yolu yox, doqmadır. Belə olan halda özlərinə “ateist” deyə bilsələr də, gərək “biz elm yolundan başqa bir yol tanımırıq” iddiasından vaz keçsinlər. Yox, əgər bu iddiadan imtina etmək istəmirlərsə, onda gərək özlərinə “ateist” deməsinlər. Çünki bu iki anlayış bir qutuya əsla sığan deyil.

Ümumiyyətlə, elmlə metafizikanı inkar etməyə cəhd etmək belə təməldən yanlışdır. Çünki metafizika heç cür elmlə izah oluna bilməz. Elmin predmeti konkret məfhumlar üzərində araşdırma aparıb nəticəyə varmaqdır. Elmi üsulla metafizik aləmə şərh vermək və ya bu aləmi topdan inkar etmək ədəbiyyatşünasın ədəbi tənqid üsullarından istifadə etməklə kimyaçını səhv çıxartmağına bənzəyir. Elm yolunu tutanlar, əgər həqiqətən elm yolunu tutublarsa, uzaqbaşı “Bu bizim tədqiqat sahəmiz deyil” deyib susmalı və elmin insanın dini inancları ilə heç bir əlaqəsi olmadığını anlamalıdırlar, nəinki metafizik varlıq olan “Teo”nun qarşısına “A” hərfini əlavə edib, bu adı özünə yaraşdırmaq. Əgər ateistlər “ateist” adından və metafizikaya şərh verməkdən imtina etmək istəmirlərsə, o zaman özlərini elmin bayraqdarları kimi yox, fəlsəfi cərəyan kimi tanıtsınlar. Zənnimcə, bu şəkildə daha səmimi görünüş əldə edərlər.