Skip to main content


Ateistin həyatındakı ilahi dəyərlər – 3-cü hissə

Açıqdır ki, ümumi olaraq insanlar  əxlaqlı olmağa meyillidirlər. Hətta heyvanlarda belə daxili əxlaqi instiktin olmasına dair bir çox örnəklər mövcuddur. (D. Robb: “Does morality come from an innate awareness, or is it a learned construct?” Aug 19, 2015) Məhz bu xüsusiyyətin insanlarda doğuşdan olması mərkəzi bir sistemin insanlara bu xüsusiyyəti kodlaşdırdığını  göstərir. Əks halda yeni dünyaya gəlmiş körpənin öz iradəsilə özündə əxlaq formalaşdığını kim iddia edə bilər?

Doğuşdan əxlaqi xüsusiyyətlərin var olduğunu müasir psixologiya və idraki elmlər sahəsindən gələn bir çox məlumatlar da dəstəkləyir. Bir çox filosoflar “empati hissinin” (başqasının hisslərini anlama və reaksiya vermə, hisləri bölüşmə) əxlaqın ən təməl ünsürlərindən biri olduğunu söyləmişdir. Dondi və Simion kimi psixoloqlar yeni doğulmuş körpələrin başqa körpələrin ağlamasına verdikləri reaksiyaları təcrübə edərək,  doğuşdan “empati” kimi bir çox kompleks  ünsürlərə sahib olduğumuzu sübut etdilər. Bir sıra fərqli təcrübədə, yeni doğulan körpələrin, başqa körpələrin ağlamasını eşidincə ağlamağa başladıqları və stress xüsusiyyətləri göstərdikləri müəyyən olunmuşdur. Bu reaksiyaların həqiqətən ağlamağa qarşımı, gələn səsə qarşımı olduğunun başa düşülməsi üçün yeni doğulan körpələrə eyni şiddətdə başqa səslər, sintetik ağlama və ya öz ağlamaları dinlədilmiş, ancaq körpələr əsasən digər körpələrin ağlamasına reaksiya verərək ağlamağa başlamışlar. Süni ağlamaq səslərinə isə reaksiya verməmişlər. (F. Simion, M.Dondi: “Can Newborns Discriminate Between Their Own Cry and the cry of Another Newborn Infant”, Developmental psychology, 1999, Vol 35. N2, 418-426)

Hamlin, Wynn (Yale Universiteti), Bloom və digər bəzi psixoloqlar, bir yaşdan aşağı körpələr üçün; içində kömək edən (“yaxşı” kuklalar), maneə törədici (“pis” kuklalar) və neytral kuklaların olduğu təcrübələr aparıblar. Uşaqlara kuklalar seyr etdirildikdən sonra onlar, yardımçı və əngəlləyici kuklalar arasında seçim etmək üçün təşviq edildilər və diqqətə çarpan dərəcədə körpələrin yardımçı kuklaları seçdikləri müşahidə olundu. Uşaqlar yardımçı ilə neytral kuklalar arasında kömək edən kuklaları, əngəlləyici ilə neytral kuklalar arasında isə neytral olanı seçdilər. (C. T. “Ahlak Allaha götürürmü?” Avqust 12, 2012)

Filosof Canerin əxlaqın doğuşdan gəlməsi ilə bağlı fikirlərinə baxaq: “Uşaqlara işgəncə edilməsi pis və yalnışdır” və ya “Kasıblara kömək etmək yaxşı hərəkətdir və doğrudur” şəklindəki əxlaqi mühakimə tamamilə doğuşdan vardır. Yaxşı-pis, doğru-yanlış, ədalətli-ədalətsiz başda olmaqla empati,  qəsdli-qəsdsiz ayrı-seçkilik etmək kimi əxlaqın təməllərini meydana gətirən və ya əxlaqi dəyər və hərəkətlərdə əhəmiyyətli yeri olan ünsürlərin - hamısı və ya bir qismı - doğuşdandır. (Ahlak Felsefe ve Allah, İstanbul: İstanbul yayınevi Yaran, C.S. (2012). Din Felsefesine Giriş, İstanbul: Dem Yayınları)

Yaxşı, bəs necə olur ki, anadangəlmə insanlarda bu xüsusiyyətlər stadart olaraq mövcuddur? Bunlar ki, sonradan insanın öz istəyi ilə qazanılan təcrübələr deyil. Deməli Ateizm anlayışı bu kimi  hadisələri Allahsız bir sistemdə izah etməkdən acizdir, əks halda hər kəsə eyni əxlaq anlayışını doğuşdan kodlaşdıran bir Gücü “təsadüf anlayışı” ilə necə izah etsinlər?

Filosof R. Kılıç əxlaqi dəyərin doğuşdan gəlməsi haqda deyir: Vicdanın “olması lazım olanı” insana təlqin etdiyini nəzərə alsaq, naturalist və ya materyalist düşüncə bu duyğunun səbəbini açıqlaya bilmir. Vicdanın bütün insanlarda ortaq, obyektiv, universal bir duyğu olduğunu qəbul etdiyimizdə hələ “niyə insanlar belə bir duyğuya sahibdirlər?” sualını cavablandırmağımız lazım olacaq. İnsanların bu duyğuya doğuşdan sahib olduğunu söylədikdə isə bu açıqlanmağa möhtac görünməkdədir. Bu vəziyyətdə insana belə bir duyğunun ancaq Allah tərəfindən qoyulmuş ola biləcəyini qəbul etdiyimizdə bu, Allah təalanın varlığı üçün də bir dəlil olacaq. ( Kılıç, R. (2007). Din ve Ahlâk Felsefesi, Ankara, Ankara Üniversitesi Yayınları)

Əxlaqi (instinkt) dəyərlərin insan və heyvandakı halı

İnsanların yaranmasını və əxlaqi dəyərlərin formalaşmasını ateizm düşüncəsiylə təkamül nəzəriyyəsinə bağlasaq o zaman yanan evdən körpəsini xilas etməyə çalışan ananın hərəkəti hansı məntiqlə izah olunacaq? Bu hərəkət sadəcə təkamül nəticəsində övladını xilasetmə şüurunun formalaşmasındanmı qaynaqlanır? Yaxşı, ailə bağını qoyaq kənara. Əsgər yoldaşlarını xilas etmək üçün özünü qurban edən əsgərin etdikləri hansı məntiqlə izah olunacaq?  Burada “təkamülün” formalaşdırdığı iddia olunan ailə bağı ki, yoxdur.  Məntiq ilk öncə şəxsi maraqları qorumağı diqtə edir, ateizm də məntiqə dayanaraq bu əsgərin hərəkətini necə izah edəcək? Yaxşı, deyək ki insan şüurludur seçimini özü edir, bəs təhlükə anında yuvasını və minlərlə qarışqanı xilas etmək üçün özünü qurban verən qarışqa damı məntiqlə şüurla bu seçimi edir? Məşhur Filosoflardan biri bu barədə deyir: “Bir çox heyvandakı fövqəladə ana şəfqətinin varlığı, balası təhlükədə olduğunda canını təhlükəyə ataraq göstərdiyi cəsarətli qarşı duruş, pişiklər kimi bəzi heyvanların təmizlik vərdişləri və s. vicdan və əxlaq dəyərlərinin tam təhsillə açıqlana bilinməyəcəyi göstəricilərdəndir” (İbid, Caner (2012)). Yəni bunun arxasında mərkəzi bir gücün olduğu danılmazdır.  

Filosof John Hickin dediyi kimi: “Təhlükə anında nəslini xilas etmək üçün özünü qurban verməyə sövq edən şey güclü instiktin təzyiqi altında olur. Fərz edək ki, qarışqa bu instinktə qarşı çıxır və öz-özünə soruşur: Niyə kimisə xilas etmək üçün intihara getməliyəm? Bu həyatda sahib olduğum ən dəyərli şey həyatımdır.” (Bill Pratt “WHAT KIND OF MORALITY COULD EVOLUTION HAVE GIVEN US?” FEBRUARY 11, 2011, Tag John Hick) Aydındır ki, Filosof ironikayla bunun mümkün olmayacağını bildirməyə çalışmışdır. Demək ki, yaradılış etibarilə hətta heyvan belə birisi tərəfindən ehtiyac durumunda doğrunu etmək üçün kodlaşdırılmışdır.

Məsələnin ironik tərəfi odur ki, əgər ateizm doğru bir şeydirsə və  mənəvi dəyərlərin mənbəyi təkamüldürsə, o zaman insanlar nəyə görə mənəvi həyat yaşamalıdırlar? Əgər müəyyən qədər gücü olan insan bu mənəvi dəyərlərə qarşı çıxar və istədiyi həyatı yaşaya bilərsə, bunu nəyə görə etməməlidir? Həyat qəbirdə bitəcəksə Stalin, Hitler, Pol Pot, Kim İr Sen və əlləri milyonlarca insanın qanına bulaşmış digər diktatorlar nəyə görə öz rifahı və sağ qalmasını təmin etmək üçün insan öldürə bilməzdi? Ateizm buna cavab verə bilməz. Qeyd etdiyimiz bütün insanların ateist olması da diqqətimizdən qaçmamalıdır.

İnsanın şüuru olduğu üçün onun seçim şansı vardır. Əgər seçim varsa azad iradə qarşılığında mükafat və cəza da olmalıdır. Bunlar olmasa iradənin olmasının da əhəmiyyəti qalmır. Çünki məntiq nəticə etibarilə heçə çevriləcək, torpağa qarışacaq bir ölümü sevib özünü kiməsə qurban verməyin əhəmiyyətsiz olduğunu deyir. Axı ölüb həyatını bitirirsənsə bir yaxşılıq etsən nə faydası və ya pislik etsən nə ziyanı? Hamının sonu eynidirsə əxlaqi davranıb davranmamağın nə mənası var? Təbiidir ki, ateizm fəlsəfəsi bu vəziyyəti izah edə bilmir. Toronto Universitetinin fəlsəfə üzrə mütəxəssisi R.Z. Fredman deyir: “Din olmadan şəfqət etikasının tutarlılığı (əsaslı olması) müəyyənləşə bilməz” (R.Z. Friedman, “Does the ‘Death of God’ Really Matter?” International Philosophical Quarterly 23 (1983):322)

2.ci hissəyə keçid: Ateistin həyatındakı ilahi dəyərlər - 2-ci hissə

1.ci hissəyə keçid: Ateist həyatındakı İlahi dəyərlər- 1-ci hissə