Niyə Afrikalılar acından ölür, günahkar kimdir?
Gəlin bir misala baxaq: Bir prezidentin olduğunu düşünün və o prezident əhalinin rifahının artması üçün dövlət büdcəsindən maliyyə ayrılması üçün sərəncam imzalayır. Məmurlar prezidentin sərəncamını layiqincə yerinə yetirsə insanların rifahı artar, yoxsulluq azalar. Lakin məmurlar prezidentin sərəncamına uymayıb, əmrinin əksinə hərəkət edərək sağa-sola xərcləyər və öz var-dövlətini artırarsa, hələ üstəlik millətin malına da göz dikərsə, bu pislik prezidentin deyil, məmurların pisliyidir. Afrikadakı insanların ac qalmasının da səbəbi, Allah deyil, müstəmləkəçi ölkələrdir.
Bu gün tarixi gedişat, beynəlxalq siyasət və iqtisadiyyat qaydalarından xəbərsiz insanlar rahatlıqla Afrika sakinlərinin aclığında, günahsız uşaqların acından ölməsində Allah`ı qınayır. Halbuki çoxları bütün bu zülmlərin arxasındakı acı gerçəkdən xəbərsizdir. Beynəlxalq statistika göstərir ki, mövcud dünya resursları ən az 13 milyard insana yetəcək qədərdir. Lakin bir sıra böyük güclər resursların əksəriyyətinə sahiblənib, və şəxsi biznesinin inkişafıyla məşğuldu. Beynəlxalq yardım quruluşu Oxfam araşdırmasəna görə illik dünya sərvətinin 82 faizi dünya nüfuzunun 1 faizi arasında bölünmüşdür. Halbuki Allah Quranda buyurur: “..Bəndələrimə de: ...Onlara verdiyimiz ruzidən (kasıblara) gizli və aşkar xərcləsinlər. (İbrahim, 31). İnsanlar isə xəsislik edib öz sərvətlərini paylaşmaq istəmədiyi halda Allahı qınamağı daha asan görürlər. Mövzunu daha yaxşı anlamaq üçün gəlin qısa şəkildə beynəlxaq tarixi gedişata baxaq.
1945-ci ildə ikinci dünya müharibəsində zəifləyən Avropa koloniyalarından imtina etməyə məcbur oldu və nəticədə Asiya və Afrikada onlarla yeni dövlət yarandı. Yerli xalqlar nəhayət ki, azad yaşamağa və müstəqil inkişafa doğru addımlamağa başlamışdı. Lakin yetmişinci illərdə neftin qiymətləri qalxırdı. Yeni azad olmuş Afrika ölkələrinin iqtisadi inkişafı üçün isə neft gərəkli idi. Nəticədə onlar Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ilk əvvəl çox aşağı faizlə kredit almağa başladılar. “1 dollar- 1 səs” prinsipi əsasında BVF və Dünya Bankını faktiki idarə edən ABŞ, İngiltərə və Fransa kimi ölkələr (daha çox sərmayə yatırdıqları üçün) bu yeni borclanma sistemi ilə yenidən inkişaf etməkdə olan ölkələri nəzarəti altına almağa başladılar. Tezliklə krediti faizini artırdılar. “Toussaint and Comanne” araşdırmalarına əsasən 1980-ci ildə inkişaf etməkdə olan ölkələrin borcu 567 milyard dollar idisə, 1990-cı illərdə əlavə olunmuş faizlə 1.5 trilyon borc ödənilsə də, inkişaf etməkdə olan ölkələr BVF və DB-na, yəni Qərbə hələ bir o qədər də borclu qalmışdılar. Bu ölkələr borclarını bağlamaq üçün yenidən əlavə kreditlər almağa məcbur oldular, əvəzində isə BVF və DB adı altında kapitalist Qərb bu ölkələrdə zorla “liberallaşma” strategiyası həyata keçirdi. Nəticədə inkişaf etmək istəyən Afrika ölkələri məcburən xaricdən gələn məhsullara qoyulan vergini azaltdı, üstəlik dövlətin yerli biznesin inkişafına olan maliyyə yardımına “rəqabəti zədələyir” prinsipi ilə məhdudiyyət qoyuldu. (bax Isaacs 1997: 135) Yenicə dirçəlməyə başlayan yerli şirkətlər xarici rəqabətə dözməyib iflas etdi, yüz minlərlə insan işsiz qaldı, iflyasiyanın artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti düşdü. Tibb və təhsil xərcləri “inkişaf” adıyla getdikcə artdığı üçün kasıb əhali arasında kütləvi xəstəliklər və savadsızlıq yayılmağa başladı. İnkişaf etmək istəyən bu ölkələrin qida və toxuculuq kimi ucuz idxal məhsullarına Qərb ölkələri süni tariflər qoyaraq bu ölkələrdən ixracın xeyli azalmasına nail oldular. Nəticədə gəlirləri daha çox azalan Afrika ölkələri Qərbdən əlavə maliyyə dəstəyi almağa məcbur oldular. Bunun əvəzində isə əksər yeraltı ve yerüstü sərvətlərinin Qərb şirkətləri tərəfindən sovrulmasına razılıq verməyə məcbur edildilər. (Toussant and Comanne 1995: 12; George 1995:22; Bournay 1995: 51) .
“Afrikanı soymaq” adlı sənədli filmin direktoru Kristofer Guldbrandsenin bildirdiyinə görə Afrika ölkələri ikinci dünya müharibəsindən sonra azadlığa çıxsa da bugün faktiki Qərb ölkələrinin, daha dəqiq desək Qərb şirkətlərinin istismarı altında əzilir. Məsələn, Zambiya əhalisinin 80 faizi işsizlikdən əziyyət çəkdiyi halda BVF və Dünya Bankının dəstəyi ilə İsveç şirkəti “Glencore” hər il bu ölkənin mis mədənlərindən milyardlarla pul çıxarır və bu pul ölkə xaricinə daşınır və əhali öz sərvətlərindən məhrum qalır. (Stealing Africa- Why poverty?,Christoffer Guldbrandsen, documentary film)
Hətta Qərb yazarları və analitikləri etiraf edir ki, bu gün miqrant böhranı yaşayan Avropa əslində buna özü səbəb oldu. Müstəmləkə qaydalarına razı olmayan Qəddafini devirərək İngilətə, ABŞ və başqa dövlətlər yeni hökumətiylə sərvətləri bölüşmək üçün az qala qaçaraq Liviyaya gəldilər. Fransa bir neçə il öncə qərb sisteminə qarşı çıxan Mali üsyanını amansızlıqla yatırdı. Qərb Somalidə boyun əyməyən hökuməti devirərək onilliklərdir davam edən xaosa səbəb oldu. Qərb bu gün Suriyanın neft yataqları, strateji limanları üzərinda ağalıq mübarizəsindədir və bütün bunlar nəticəsində xarabaya çevirdiyi bu bölgələrdən milyonlara qaçqın axınına səbəb olub.
Bəs niyə Allah bu pisliklərə mane olmur?- sualına gəldikdə isə hər kəsin qədərinin öz səylərinə bağlı olduğunu öyrənmişik. Əgər Allah hər şeyə müdaxilə etsəydi, Cəhənnəmə atılan kimsənin “məni sən Cəhənnəmə atdın” deməyə haqqı olardı. Belə bir ədalətsizliklə qarşılaşmamaq üçün Allah insanlara iradə verib və qarşısına yaxşı və pis olmaqla iki seçim qoyub. Ona görə də, insanlar yaxşı və pisi öz iradələri ilə seçirlər. Allah`ın pisliklərə indi müdaxilə etməməsinin onlarla maraqlanmaması demək deyil, sadəcə olacaq, böyük bir məhkəməyə saxladığını göstərir.
Allah`ı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar. (İbrahim 42)
Gəlin başqa misala baxaq: Məsələn, yolla gedərkən bir dilənçi görürsünüz və bu dilənçi çox xoşbəxtdir. Çünki siz görməmişdən beş dəqiqə əvvəl birisi ona 20 manat verib. Dilənçi də bu pulla qida alıb indi kef çəkir və üzü gülür. Gecə saat üçdə Apple-ın baş icraçı direktorunun otağına girib onun saatdan asılı olmayaraq bitkin və yorğun şəkildə çalışdığını görürsünüz. Baxdığımız an üçün ədalətsizlik vardır. Dilənçi çox xoşbəxtdir, bir şirkətin baş icraçı direktoru isə bitkin bir vəziyyətdədir. Əgər hadisəyə an etibarilə baxsaq, yanılarıq. Çünki bir ayın sonunda şirkətin baş icraçı direktoru külli miqdarda pul qazanarkən həmin dilənçi isə bəlkə də, bir qəpiyə möhtac ola bilər. Nəticə etibarilə baxanda ədalət öz yerini tapır. Eynilə də, indi an etibarilə baxanda bəzi insanlar sıxıntı və xəstəliklər içində zülm görürlər, amma bəzi insanlar rahatlıq içində xoşbəxt şəkildə yaşayırlar. Suriyadakı məzlumun axirətdə alacağı mükafat o qədər böyükdür ki, yaşadığı çətinliklər heç olacaq. Əziyyətin sonundakı mükafat nə qədər böyük olarsa, əziyyəti də o qədər çox unutdurar. Buna isə ədalətsizlik deyilə bilməz. Zalım izzətində, məzlum isə zillətində bu dünyanı tərk edir. Deməli, böyük bir məhkəməyə göndərilir. Kiçik hadisələr, kiçik məhkəmələrdə dərhəl cəzalandırılarkən böyük cinayətlərə isə böyük məhkəmələrdə baxılır. Eynilə də, zalımın etdiyi zülmlərin cəzası bu dünyaya sığmadığı üçün onun qarşılığı da mütləq Haqq məhkəməsində olacaq.