Milad bayramı münasibətilə hədiyyə almaq və ya vermək olarmı?
Sual: Qonşum bir xristiandır. O və ailəsi milad bayramı münasibətilə mənə hədiyyələr verirlər və bu hədiyyələri münasibət pozulmasın deyə geri çevirə bilmirəm!!
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) kafirlərin hədiyyələrini qəbul etdiyi kimi mən də bu hədiyyələri qəbul edə bilərəmmi?
Cavab:
Allaha həmd olsun
Birincisi: Bu məsələdə əsl olan, kafirdən onun İslama isinişməsini və təşviqini təmin etmək niyyətilə hədiyyəsinin qəbul olunmasının caiz olmasıdır. Peyğəmbərin (salləllahu əleyhi və səlləm) Misir Müqəvqisi və başqa kafirlərin bəzi hədiyyələrini qəbul etməsinu buna missal göstərə bilərik.
Buxari Səhih əsərində “Müşriklərdən hədiyyə almaq” adı altında bir başlıq qoymuş və demişdir: “Əbu Hüreyra Peyğəmbərin (salləllahu əleyhi va səlləm) belə buyurduğunu rəvayət etmişdir: “İbrahim peyğəmbər (əleyhi`s-salam) zövcəsi Sara ilə hicrət edərkən bir kəndə girdi. Orada bir kral və ya zalım bir kral var idi. Kralın əmri ilə İbrahimə (əleyhi`s-salam) hədiyyələr verildi. (Hədis burada bitir).Peyğəmbərə (salləllahu əleyhi va səlləm) də bişmiş quzu hədiyyə edilmişdi. Mücahid deyir: “Kral İbrahimə (əleyhi`s-salam) bir ağbəniz qadın (bu Həcər anamızdır), əyninə geyim hədiyyə etdi və dənizlərdə səfər etməyə icazə verdi”. Buxari bunları qeyd etdikdən sonra yəhudinin Peyğəmbərə (salləllahu əleyhi va səlləm) zəhərli quzu hədiyyə etdiyini rəvayət etmişdir.
İkincisi: Müsəlmanlara da İslama təşviq etmək niyyəti ilə kafir və müşrikə hədiyyə verməyə icazə verilir. Xüsusilə də əgər kafir onun qohumu və ya qonşudursa. Ömər (Allah ondan razı olsun) Məkkədəki müşrik qardaşına da bir geyim hədiyyə etmişdi. (Buxari 2619)
Ancaq kafirlərə onların bayramlarında hədiyyə vermək olmaz. Çünki bu, batil bayramın qəbul edilməsi və onu qeyd etməkdə iştirak etmək sayılır .
Əgər hədiyyə, yemək, şam və bu kimi bayramın qeyd olunmasında istifadə olunacaq növdən olarsa, bu ən böyük haram olar. Hətta bəzi alimlər bunun küfr olduğunu demişlər.
Zeyləi “Tabyinu`l-Həqaiq”də: (6/228) (Hənəfi alimi) demişdir: “Novruz və Mehrican münasibəti ilə hədiyyə vermək caiz deyildir. Yəni bu iki gün münasibətilə hədiyyələr haram, hətta küfürdür. Əbu Hafs əl-Kəbir (rahməhullah) demişdir: “Əgər insan Allaha 50 il ibadət etsə, sonra Novruz bayramı günü gəlib o günə ehtiram etmək niyyətilə bəzi müşriklərə bir yumurta hədiyyə versə kafir olar və əməlləri hədər olar”.
“əl-Camiu`s-Sağir”in müəllifi demişdir: “Əgər Novruz günü həmingünü təzim etməyərək bir müsəlman başqa bir müsəlmana hədiyyə verərsə insanlar bu əməli adət halına gətirmədiyi təqdirdə həmin şəxs küfr etmiş olmaz. Müsəlman bunu xüsusilə o gün etməməli, həmin gündən əvvəl və ya sonra etməlidir ki, o qövmə bənzəməsin (Kim bir qövmə bənzəyərsə, o da onlardandır)”. Başqa bir yerdə deyilir: “İnsan Novruzdan qabaq almadığı bir şeyi sırf Novruz günü alarsa və müşriklərin etdiyi kimi həmin günə təzim (ehtiram) edərsə küfr edər. Əgər o şeyi sadıcı yemək və ya içmək məqsədilə alırsa bununla o küfr etməz”.
“ət-Tac və əl-İklil”də deyilir (Maliki məzhəbi) (4/319): “İbnu`l-Qasiim xristian bayramında ona hədiyyə etməyi, yəhudiyə də onun bayramında xurma yarqağı hədiyyə etməyə bənzədərək məkruh görmüşdür”.
Hənbəli kitablarından biri olan “Əl-İqnə”də deyilir: “Yəhudi və xristianların bayramını təsdiq etmək, bu bayram niyyətilə onlara bir şey satmaq və hədiyyələşmək haramdır”.
Hənəfilərin sözlərində də bildirildiyi kimi bir müsəlmanın bir müsəlmana bu bayram üçün bir hədiyyə verməsi caiz deyildir. Şeyxu`l-İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) dediyi kimi: “Hər kim adətdən kənar olaraq bu bayramlarda müsəlmanlara bir hədiyyə versə hədiyyəsi qəbul olunmaz. Xüsusilə də əgər həmin hədiyyə onların bayramalarında istifadə edilən bir şeydirsə. Məsələn, Milad bayramında şam və bu kimi şeylər hədiyyə etmək, oruclarının sonundakı kiçik cümə axşamı günü yumurta, süd və ya qoyun hədiyyə etmək bu qəbildən olan şeylərdir. Həmçinin bu bayramlarda müsəlmanlardan heç kimə bayram münasibətilə hədiyyə verilməz. Xüsusilə də qeyd etdiyimiz kimi əgər bu şeylər onların bayramlarında istifadə edilən şeylərdirsə və onların bayramları münasibətilə istifadə olunursa bu şeylərdən hədiyyə olmaz”. (İqtidau`s-Siratə`l-Mustəqim: 1/227)
Üçüncüsü:
Kafirin bayram günü ondan hədiyyə almağa gəldikdə isə bunda bir qəbahət yoxdur və bu onların bayramında iştirak etmək və bayramlarını qeyd etməyi qəbul etmək də hesab edilmir. Əksinə, İslama isinişmə və dəvət niyyətilə yaxşılıq kimi qəbul edilir. Allah təala müsəlmanlara qarşı döyüşməyən kafirlərə qarşı ədalətlə davranmağa və onlara yaxşılıq etməyə icazə verərək deyir: “Allah din barəsində sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki Allah ədalətli olanları sevir”. (Mumtəhinə 8)
Lakin yaxşılıq və ədalət sevgi və məhəbbət demək deyil. Belə ki, kafirə sevgi və məhəbbət, eləcə də onu dost və yoldaş qəbul etmək caiz deyildir. Allah təala buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır”. (Mucadilə 22) Allah təala buyurur: “Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz”. (Mumtəhənə 1) Allah təala buyurur: “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Əli İmran 118)
Allah təala həmçinin buyurur: “Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz” (Hud 113) “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz cədvəl”. (Maidə 51)
Şeyxu`l-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bayramları günü onlardan bir hədiyyə qəbul edilməsinə gəlincə, Əli bin Əbi Talibə (Allah ondan razı olsun) Novruz hədiyyəsi gətirildi və qəbul etdi”.
İbn Əbu Şeybə nəql edir ki, bir qadın Aişə anamızdan (Allah ondan razı olsun) soruşdu: “Bizim məcusi süd analarımız var və öz bayramlarında bizə hədiyyə verirlər, (biz nə edək?)” O dedi: “O gün üçün kəsdiklərinə (qurbanlıqlar) gəldikdə isə, ondan yeməyin, ancaq başqa şeylərdən yeyin”.
Əbu Bərzədən rəvayətlə deyilir ki, onun məcusi tanıdıqları ona Novruzda və Mehricanda hədiyyələr verirdilər. Buna görə ailəsinə deyirdi: “Həmin hədiyyələrdən meyvələri yeyin, qalanların geri qaytarın”.
Bütün bunlar, bayramda onların hədiyyələrini qəbul etməyə mane olacaq heç bir şeyin olmadığını göstərir. Əksinə bayramda və digər günlərdə hökmü eynidir. Çünki bu, onların küfr rituallarında onlara dəstək vermək deyil.
Sonra Şeyxu`l-İslam xəbərdarlıq edərək demişdir: “Halal olsa belə sırf bayrmaları üçün kəsdikləri qurbanlıqlarından yemək caiz deyil”. Bundan sonra isə demişdir: “Kitab əhlinin bayramında hədiyyə və ya satın alma yolu ilə onların yeməklərini yemək caizdir. Yalnız bir şərtlə ki, onlardan alınan şey bayramlarında kəsdikləri qurbanlıq ət olmasın . Məcusilərin qurbanlarına gəlincə isə bunun hökmü məlumdur – cumhura görə haramdır”. (“İqtadau`s-Sirat`l-Mustəqim” 1/251)
Nəticə budur ki, xristian qonşunuzun onların bayram günlərində sizə verdikləri hədiyyəsini qəbul etməyinizə bu şərtlərlə icazə verilir:
Birincisi: Bu hədiyyə onların bayramı üçün kəsdikləri qurbanlıq olmamalıdır.
İkincisi: Hədiyyə onların bayram günü onları təqlid etmək üçün istifadə olunan, şam, yumurta və bu kimi şeylərdən olmamalıdır.
Üçüncüsü: Övladlarınıza vəla və bəra (dostluq və düşmənlik) əqidəsi aydın olsun ki, qəlblərinə bu bayram sevgisi yerləşməsin.
Dördüncüsü: Hədiyyəni qəbul etməkdə məqsəd (kafirə) sevgi və dostluq deyil, onu İslama dəvət etmək və qəlbinin (İslama) isinməsi olmalıdır.
Hədiyyənin qəbulunun caiz olmaması halında isə hədiyyə qəbul edilməməli, qəbul edilməmə səbəbinin izahı verilməlidir. Məsələn; “Hədiyyənizi yalnız bayram üçün kəsilən qurban olduğu üçün qəbul etmədik və onu yemək bizə halal deyil”, “bu şeyləri yalnız şənlikdə iştirak edənlər qəbul edir. Biz isə bu bayramı qeyd etmirik. Çünki bu, dinimizdə haramdır və bizdə doğru olmayan etqadı ehtiva edir” və sair. Bu, onları İslama dəvətə giriş olmaqla bərabər onların üzərində olduqları küfrün təhlükəsinin izahıdır.
Müsəlman, dini ilə fəxr edən, hökmlərini yerinə yetirən, buna görə heç kimdən utanmayan və qınanmaqdan qorxmayandır. Utanmağa ən layiq olan aləmlərin Rəbbi olan Allahdır.