Hicab sadəcə baş örtüsü deyil
Lakin təəssüflər olsun ki, hicab geyindiyini zənn edən bir çox müsəlman qadın son zamanlar ortaya çıxmış və hicab məfhumunu cılızlaşdırmış “baş örtüyü” ifadəsinə aldanaraq, sadəcə saçlarını, yaxud başlarını gizləməklə bu fərz əməli yerinə yetirdiklərini zənn edirlər. Kişilər də etiraf edərlər ki, qadının şəhvət oyadan, diqqətçəkici əzası təkcə onun saçı və ya başı deyil. Qadınlar, ələlxüsus qızlar, çox vaxt özlərinə kişilərin baxdığı perspektivdən baxa bilmədiklərinə görə nəyin kişilər üçün cəlbedici olduğunu bilmirlər.
Lakin aşağıda mən məsələyə heç kişilərin nöqteyi-nəzərindən də yox, bizi Yaradanın bizə verdiyi təlimatlar (Quran və sünnət) perspektivindən məsələyə yanaşmağa çalışacağam. Çünki biz insan olaraq məxluquq və xətalardan münəzzəh deyilik. Odur ki, bizi Yaradan bizi ən gözəl şəkildə tanıdığına görə, bizə əmr və qadağaların ən doğrusunu da o qoyur. Odur ki, gəlin görək Rəbbimiz hicab üçün hansı prinsip və tələbləri qoymuşdur.
Allah təala buyurur:
وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allah`a tövbə edin ki, bəlkə nicat tapasınız”. (Nur 31)
Yuxarıdakı ayənin işığında hicablı xanımlar arasında geniş yayılmış aşağıdakı halları görə bilərik: Başımı da bağlamışam. Daha nə lazımdır? Əgər yuxarıdakı ayəyə diqqətlə nəzər salsanız, görərsiniz ki, baş örtüsünün (xumur) yaxanın üstünə qədər (cuyub) örtülməsi vacibdir. “Xumur” ərəbcə “baş örtüsü” mənasını verən “ximar” sözünün cəmidir. “Cuyub” isə ərəbcə “(paltarın) yaxa(sı)” mənasını verən “caiib” sözünün cəmidir. Buna baxmayaraq, bəzi müsəlman qadınlar sadəcə başlarını örtürlər və elə zənn edirlər ki, saçlarının və bədənlərinin bir qisminin görünməsinə və boyun və sinələrinin açıqda qalmasna baxmayaraq, hicabın haqqını vermiş sayılırlar. Əslində bu tərz geyim cahiliyyə dövrü qadınlarının geyim tərzidir.
Qurtubi rahiməhullah demişdir: “İslamın gəldiyi ilk illərdə qadınlar başlarını ximarla örtər, kənarlarını isə arxaya atardılar. Beləliklə, boyunları və sinələrinin yuxarı hissəsi, həmçinin qulaqları açıq qalardı. Daha sonra Allah onlara həmin hissələri ximarla örtməyi əmr etdi”. Odur ki, üzünüzün ətrafını, boynunuzu və sinə nahiyəsini örtü ilə düzgün şəkildə qapayın. Qısaqol köynəkləri və cins şalvarlarınızı isə məhrəmlərinizə saxlayın.
Kim deyir ki, dar cins və qısa köynək olmaz?!
Dar cins və qısa köynək geyinmisinizsə, başınıza bir parça bağlamağınız sizi hicablı etməz. Hətta uzun olsa belə bədənin formasını istənilən formada bildirən dar geyimdən uzaq durmaq lazımdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ümmətimin son dövrlərində geyinmiş, lakin çılpaq qadınlar ortaya çıxacaq. Başlarında dəvə hörgücünə bənzər bir şey olacaq. Onlar nəinki Cənnətə daxil olacaq, heç onun qoxusunu belə duya bilməyəcəklər”. (Muslim)
Şəffafdırsa, deməli, hicab deyil.
Saçınızı və bədəninizi qapamaq üçün şifon və ya digər şəffaf parçalardan istifadə etmək OLMAZ. Hər şey örtülməli, dərinin rəngi isə görünməməlidir. Bir gün Peyğəmbərimiz salləllahu əleyhi və səlləmə qalın paltar hədiyyə etdilər. O həmin paltarı Usəmə ibn Zeydə bağışladı, Usəmə isə öz növbəsində onu zövcəsinə verdi. Allah Rəsulu salləllahu əleyhi və səlləm ondan paltarı niyə geyinmədiyini soruşduqda, Usəmə bildirdi ki, onu zövcəsinə bağışlayıb. Belə olan halda Allah Rəsulu salləllahu əleyhi və səlləm Usəməyə dedi: “Ona de ki, onun (paltarın) altından “ğulalə” geyinsin. Qorxuram ki, o (paltar) onun bədən ölçülərini büruzə verər”. (Əhməd, Əbu Davud) (Qeyd: Ərəbcə “ğulalə” bədənin formasını bildirməmək üçün paltarın altından geyinilən qalın parçaya deyilir).
Hicab diqqət çəkməməlidir
Qadının paltarı kişilərin diqqətini cəlb edəcək şəkildə olmamalıdır. Allah Quranda açıq-aydın “zinətlərinizi (gözəlliyinizi) nümayiş etdirməyin” deyə əmr edir. Lakin, subhanAllah, bəzi müsəlman qadınlar elə geyinirlər ki, hicab adlandırdıqları şeyi geyinməsələr, daha az diqqət çəkərlər. Dövrümüzdə hicab geyimləri adı altında satılan paltarların əksəriyyəti məhz kişilərin diqqətini çəkmək üçün dizayn olunub. Ona görə də üzərində “Hicab Geyimləri” yazılıb deyə satılan paltarların heç də hamısı zinətlərinizi örtməyəcək. Bu xüsusda diqqətli olun! Allah təalə buyurur: “Evlərinizdə qərar tutun! İlkin cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin...” (Əhzab 33)
Kosmetikalanmaq, ətirlənmək də olmaz?
Kosmetika da Allahın bizə nümayiş etdirməyi qadağan etdiyi zinətlərdən sayılır. Baş və bədəninizi düzgün formada qapadığınız halda dodaqlarınıza parlaq qırmızı boya yaxmısınızsa və ya gözlərinizə “tuş” çəkmisinizsə, bağışlayın, amma bu o deməkdir ki, siz hələ də təsəttürlü deyilsiniz. Bir-birindən gözəl ətirlərinizi isə evinizdəki əriniz üçün saxlayın. Hətta məscidə getdikdə belə ətirlənmək olmaz. Allah Rəsulu salləllahu əleyhi və səlləm demişdir: “Ətirlənən və ətrini kişilərə hiss etdirmək üçün onların yanından keçən hər bir qadın zanidir (zinakardır)”. (Nəsai və Tirmizi; Şeyx Albani bu hədisə “həsən” demişdir)
Göz oxşayan cəvahirat və cingildəyən bilərziklər
Səs çıxardan və cingildəyən hər bir şey (istər qızıl zinət əşyaları, istər tıqqıldayan ayaqqabılar, istərsə də paltarın üstündə balaca zınqırovlar və s.) hicabın prinsiplərinə ziddir. Çünki adı çəkilən əşyalar əks cinsin diqqətini çəkən vasitələrdir. Yuxarıdakı ayədə “…gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər” dedikdə Allah məhz bunu nəzərdə tutur.
Naməhrəmlərlə qəhqəhə çəkmək, zarafatlaşmaq və görüşmək
Bəzi müsəlman qadınlar zənn edirlər ki, şəriətə müvafiq şəkildə örtünüblərsə, kişilərin əhatəsində oturub söhbət eləməkdə, gülməkdə, zarafatlaşmaqda və s. bir problem yoxdur. Lakin bu heç bə belə deyil, hətta qarşısında oturan kişi “şeyx” olsa belə. Allah buyurur: “…(yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın” (əl-Əhzab 32). Odur ki, onlarla yalnız xüsusi ehtiyac olduqda danışın. Belə olduqda da onlarla kobud olmamaq şərti ilə, nəzakətli, lakin ciddi tonla danışın.
Naməhrəmlərə gözünü zilləmək və ya onlarla maraqlanmaq hicab ədəbindən deyil
Yuxarıdakı ayədə Allah qadınlara “gözlərini aşağı diksinlər” əmrini verir. Niyə? Çünki tək bir baxış min sözdən çox məna verə bilər. Ona görə də, əgər örtünmüsünüzsə, gözlərinizi aşağı dikin, həyalı olun və fitnədən uzaq durun. İnternetdə və ya telefonda “çatlaşmaq” da hicab ədəbindən deyil. “Biz sadəcə dostuq” deyə bir anlayış yoxdur. Virtual şəkildə olsa belə naməhrəmlərlə danışmaq icazəli deyil. Qeyri-məşru münasibətlər, zinalar, dağılan evlər, nikahdan kənar cinsi münasibətlər, evdən qaçan gəlinlər və s. hadisələri, yəqin ki, burda nəql etməyimə lüzum yoxdur. Ona görə də İslam təkcə haramları yox, həm də harama aparan yollara girməyi də qadağan edir. Allah (Subhanahu və Təalə) buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (İsra 32)
Hətta yeriş tərzinə belə fikir ver!
Unutmayın ki, siz ən son modanı podyumda nümayiş etdirən maniken deyilsiniz. İffətli və həyalı şəkildə yeriyin ki, sizə hörmət etsinlər. “Səhih Muslim”də keçən hədisdə Rəsulullah (Salləllahu aleyhi və Səlləm) demişdir: “İndiyə qədər görmədiyim iki sinif Cəhənnəm əhli var…. (onlardan biri) geyinmiş, lakin çılpaq olan, cazibəli yerişlə yeriyən qadınlardır…” (Hədis uzun olduğu üçün burada yalnız mövzuya aid olan qismi götürülmüşdür).
Naməhrəmlərlə əllə görüşməyin!
Bu hicab prinsiplərinə ziddir. Naməhrəm kimsə ilə əllə görüşmək caiz deyil. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm buyurub: “Sizdən birinizin başına iti dəmirin girməsi naməhrəm qadına toxunmasından yaxşıdır” (Hədisi Təbərani nəql etmişdir. Şeyx Albani bu hədisə “Səhih” demişdir). Düşünməyin ki, əllə görüşməkdən imtina etmək kobudluqdur. Sadəcə qarşı tərəfə dininizin bunu sizdən tələb etdiyini nəzakətli şəkildə izah etsəniz, sizi başa düşəcəklər.
Kişilərin əhatəsindən uzaq durun.
Bəzən görürsən ki, müsəlman qadınlar heç bir lüzum olmadan kişilərin söhbətinə müdaxilə edir, onların öz aralarında etdikləri zarafatlara reaksiya verir və ya ciddi bir ehtiyac olmadan kişilərlə dolu olan koridorda dayanırlar. Bu cür hərəkətlər yolverilməzdir. Sizcə Allah hicabı nəyə görə fərz edib? İki əks cinsi bir-birindən ayıraraq, günaha təhriki maksimum azaldaraq fitnənin qarşısını almaq üçün, elə deyilmi? Bəs elə isə yuxarıda qeyd etdiyim davranışları hicabın harasına qoyaq? . “Allah Rəsulu salləllahu əleyhi və səlləm məsciddən çıxan qadınların kişilərə qarışaraq eyni yolda getdiklərini görüb, onlara belə dedi: “Yol verin (yəni yolun qırağı ilə gedin)! Çünki yolun ortası ilə getmək sizə yaraşmır”. Bundan sonra qadınlar yolun qırağındakı divarlara elə yaxın gedərdilər ki, paltarları divarlara ilişərdi”. (Əbu Davud).
Sənin hicabın həm də bacının zinətlərini örtməlidir.
Bəzi xanımlar hicab geyinmələrinə baxmayaraq, unudurlar ki, digər hicablı müsəlman qadınların xarici görünüşünü və gözəlliyini ərlərinin, qardaşlarının və s. yanında vəsf etməməlidirlər. Unutmayın ki, sizin hicabınız müsəlman qadınlarınızın da zinətlərini örtəcək qədər “geniş” olmalıdır. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm demişdir: “Heç bir qadın başqa bir qadınla görüşdükdən sonra onu (həmin qadını) öz ərinə onu görürmüş kimi (əri o qadını görürmüş kimi) təsvir etməsin”. (Muslim).
Gördüyünüz kimi hicab sadəcə baş örtüsü yox, danışmaq, yerimək, özümüzü aparmaq tərzidir. Daha doğrusu, hicab özlüyündə həyata fərqli yanaşmadır. O, bütöv bir həyat tərzidir. Hicab qadın üçün dinin özüdür ki, var! Odur ki, hicabınıza ciddi yanaşın və qeyri-adekvat davranışlarla dininizi hörmətdən salıb, zay etməyin! Allah bizi doğru yola yönəltsin və Öz dinini düzgün şəkildə anlamağı və yaşamağı bizə nəsib etsin! Amin!