Skip to main content


Yəqinlik və onun insana faydaları

Bunun səbəbini Allah təala Bəqərə surəsinin 45-46 cı ayələrində izah edir:

“Səbir etmək və namaz qılmaqla Allah`dan kömək diləyin. Həqiqətən bu, Allah`a itaət edənlərdən başqa hamıya ağır gəlir. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlarını və ona qayıdacaqlarını yəqinliklə bilirlər”.

Bu ayələrdə Allah təala ibadətin Ona itaət edən insanlardan başqalarına ağır gəldiyini bildirir. Səbəbini isə sonrakı ayədə bildirərək bunu insanın Rəbbi ilə qarşılaşacağına olan yəqinliyinə, əminliyinə bağlayır. Bəli, insanın 60-70 illik dünya həyatını imtahan səbəbi olaraq görməsi, həyat missiyasını bitirdikdən sonra Rəbbi ilə qarşılaşacağına inanması, etdiklərinin qarşılığını görəcəyinə inanması ona bu yolda səbir, iradə, enerji verən səbəbdir. Bu hal, semestrin sonunda oxuduqlarından imtahan verəcəyi şüurunda olan tələbə ilə imtahan verməyəcəyini düşünən tələbənin halına bənzəyir. Bu iki tələbənin iradə, səbir, çalışqanlıqları və imtahan nəticələri tam fərqli olacaqdır. Rəbbinin əzabından qorxub Onun rəhmətini arzu edən, həyat missiyasını tamamladıqdan sonra Rəbbinin mükafat olaraq iman edən qullarına verdiyi Cənnəti özünə dərd edən insanlar bu yəqinliklərini necə artıracaqları sualını da özlərinə verəcəklər. Allah təala İbrahim əleyhisalamı misal verərək belə buyurur:

“Beləliklə, Biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun”. (Ənam 75)

İbrahim əleyhisalamın nümunəsindən göründüyü kimi yəqinliyin dərəcəsi, rəbbani bilgidən, onun keyfiyyətindən və davamlılığından asılıdır. Düşünə bilərsiniz ki, axı biz peyğəmbər deyilik və bizə səltənətdə gəstərilməyib. Əslində belə deyil. Hər gün gördüyümüz öz bədənimizin quruluşundan belə acizanə qafil olduğumuz halda, Allah təala bizə öz yaradılışımızı və yaradılış qayəmizi digər maxluqatın yaradılışı, yerlərin və göylərin yaradılışı və səltənəti haqda bilgilər toplusu- Quranı bizə göndərdi. Bu ele bir kitabdır ki, zülmətlər içində qalan Adəm oğluna kainatdakı yerini və səbəbini göstərən, onu yaradan Rəbbindən bir hidayət və nurdur. Yəqinliyimizi artırmaq üçün Qurandan möhkəm yapışmağımız lazımdır. Allah təala buyurur:

“Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allah`dan qorxasınız!” (Bəqərə 63)

Bu yerdə izah etmək istədiyimiz xususi bir nüans var. Bir çox insan Allah inancı, yaradıcını dərk etmək şüuru ilə Allah`la qarşılaşacağına yəqinliklə inanmaq şüurunun eyni oldugunu düşünür. Bunlar funksiya olaraq bir birlərindən ayrı olan inanclardır. Beləki Allah inancı, yaradıcının varlığını dərk etmək qabiliyyəti, Allah tərəfindən bizim fitrətimizə yerləşdirilmiş bir şüurdur. Bu qabiliyyəti əldə etmək üçün insanın heç bir əziyyət, xüsusi çalışma ortaya qoymasına ehtiyac yoxdur. Allah inancının özündə olduğunu hiss edib bunu başqa insanlardan fərqli üstünlük bilib, öz şüuraltlarında da Allah təalaya minnət qoyan insanlar yanılırlar. Allah inancını Allah təala sanki mikrocip şəklində bizim beynimizə yazmışdır. Allah təala buyurur: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allah`a şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz. Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qayıdalar.” (Əraf172-174)

Ancaq axirət inancı hər insanda mövcud olan inanc deyildir. Yəqin ki, bu cur səhnələrlə qarşılaşmısınız. “Allah`a qurban olum” deyən bəzi insanlarla danışdıqda mövzunun

kökünə getdikdə, “kim gəlibe o tərəfdən?” və ya “Cənnət də, Cəhənnəm də bu dünyadadır” deyə cavablar almısınız. Allah təala buyurur:

Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə 10-11)

Bütün peyğəmbərlərin missiyası insanlara axirət gününü xatırladıb, Allaha itaətə çağırmaq olmuşdur. İnsanları Allah`a inandırmaq kimi problem olmamışdır.

“Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allah`a ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”. (Əraf 59)

“Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allah`a ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?” (Əraf 65)

“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allah`a ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur.” (Əraf 73)

“Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allah`a ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur.” (Əraf 85)

“Biz hər ümmətə: “Allah`a ibadət edin, tağutdan uzaq olun” – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!” (Nəhl 36)

“Onlara önlərindən və arxalarından: “Yalnız Allah`a ibadət edin!” – deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!” – demişdilər.” (Fussilət 14)

Sonuncu ayədə gördüyünüz kimi “Rəbbimiz istəsəydi mələklər endirərdi” deyə cavab verirlər, Rəblərinə hətta Rəblərinin mələklərinə də inanırlar ancaq elçinin gətirdiyi mənfəətlərinə zidd olduğundan inkar edərək itaət etmirlər. Bütün bu dəlillərdən aydın olur ki, Allah inancı hər kəsdə var, amma insanlar axirətə inamlarında inananlar və inanmayanlar olaraq iki hissəyə ayrılırlar və kimlər inanırsa Allah`a ibadət etmək onlara ağır gəlmir, kimlər də inanmırsa onlara ağır gəlir.

Ağıl sahibi olmaq xeyiri və şəri bilmək deyil. Ağıl sahibi olmaq xeyiri bilib onu icra etmək, şəri bilib ondan uzaq olmaqdır. Yəni ağıl sahibi olmaq haqq olan Rəbbimizin göndərdiyi risaləni, Qurani Kərimi qəbul edib özümüzə həyat rəhbəri, Rəbbimizin göndərdiyi sonuncu Rəsulu Muhamməd salləllahu əleyhi və səlləmi özümüzə nümunə və lider seçməyimiz, bununla birgə Allah`dan başqa bütün batil ilahlardan və idealogiyalardan uzaq olmağımızdır.