Skip to main content


Ramazanda kimlər oruc tutmaya bilər?

Allah təala Quranda buyurur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar (ağır xəstələr, qocalar, hamilə qadınlar, uşağa süd verən analar) isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə 183-184).

Orucdan azad olan şəxslər aşağıdakı kimidir:

1. Orucun özünə zərər verəcəyi xəstə və namazı qasr (qısaltma) edə bilən namazı qısaldacaq qədər uzun bir məsafəyə səfər edən yolçu.[1] Bu iki sinif üçün oruc tutmamaq daha üstündür və bunlar oruc tutmadıqları günlərin sayı qədər qəza edərlər. Xəstə və səfərdə olmalarına baxmayaraq yeməz və oruc tutarlarsa, orucları keçərlidir. İslam dini səfərdə olanlara oruc tutub tutmamaqla bağlı məcburi bir hökm gətirməmişdir. Bununla birlikdə, özünə bir zərər vermirsə tutması tövsiyə edilmişdir. Hənəfi və şafi məzhəblərinə görə, bu vəziyyətdə oruc tutmaq məndubdur. Maliki məzhəbinə görə çətinlik yoxdursa oruc üstündür. Hənbəli məzhəbinə görə oruc tutmaq hər vəziyyətdə məkruhdur, tutmamaq sünnətdir.

2. Heyzli və nifaslı qadınlar. Belə halda qadınlar oruc tutmaya bilər və daha sonra tutmadıqları günlərin sayı qədər qəza edərlər. Əgər belə halda oruc tutarlarsa, onların orucları etibarsız olar. Aişə radiyallahu anhədən “Heyzli qadın orucu və namazı qəza etməlidirmi?” deyə soruşdular. O belə cavab verdi: “Biz orucun qəzasını əmr edərdik, lakin namazın qəzasını əmr etməzdik”. (Müslim 508).

3. Hamilə və əmzikli qadın. Əgər özlərinə bir zərər gələcəyi üçün qorxarlarsa, oruc tutmaz və daha sonra oruclarını qəza edərlər. Əgər hələ doğulmamış və ya ana südü ilə qidalanan körpələrinə bir zərər gələcəyi üçün qorxarlarsa, oruc tutmazlar, daha sonra qəza edərlər və oruc tuta bilmədikləri hər gün üçün bir miskini (kasıbı) doyurarlar. Bu hənbəli məzhəbinin görüşüdür.[2]

Hənəfi məzhəbinə görə, isə Ramazan ayında hamilə olan və ya uşaq əmizdirən qadınlar, oruc səbəbindən özünə və ya əmizdirdiyi uşağa zərər gəlməsindən narahat olsa, niyyət etmədən oruc tutmaya bilər. Belə qadınlar oruc üçün niyyət etmiş olsa belə, oruclarını aça bilərlər. Sonra münasib bir zamanda hər günə görə bir gün qəza orucu tutarlar və fidyə ödəmələrinə ehtiyac olmaz.

Ənəs ibn Malik radıyallahu anhudan rəvayət edildiyinə görə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Özünə zərər gəlməsindən qorxan hamilə qadın və uşağına zərər gəlməsindən qorxan əmzikli qadın üçün Ramazan orucunu tutmamağa icazə vardır.” (İbn Məcə)

Şafi məzhəbinə görə isə, süd əmizdirən qadının, tutmadığı orucları qəza etməsi lazım olduğu kimi hər gün üçün oruc fidyəsi verməsi də lazımdır. Hamilə və ya əmzikli qadın, uşağından ötrü deyil özü üçün narahat olub oruc tutmazsa, yalnız qəza edər. Kəffarə verməsi isə lazım deyil.

4. Yaşlı olması səbəbilə və ya sağalma ümidi olmayan bir xəstəlikdən ötrü, oruc tuta bilməyənlər. Belə birisi isə oruc tuta bilmədiyi hər gün üçün bir miskini doyurar. Əgər belə bir şəxs fidyə ödədikdən sonra yaxşılaşıbsa o orucunun qəzasını tutmaz. Yox əgər fidyəni ödəməmiş yaxşılaşıbsa o zaman orucunun qəzasını tutar. Bu hənbəlilərin görüşüdür.

Hənəfi məzhəbinə görə, xəstəlik halında tutula bilməyən oruclar, daha sonra qəza edilir, yaxşılaşmaq ümidi olmadıqda isə fidyə ödənilir. Yaxşılaşmaq ümidi olan xəstələr isə fidyə ödəməzlər. Eyni şəkildə əvvəlcə yaxşılaşmasından ümid kəsilib fidyə verilib və lakin sonradan yaxşılaşıbsa həmin şəxsin sonradan oruclarını qəza etməsi lazımdır.

Şafi məzhəbinə görə, yaşlılıq və yaxşılaşması ümid edilməyən xəstəlikdən ötrü oruc tuta bilməyən kimsəyə oruc fərz olmadığı kimi daha sonra bu orucu qəza etmək də lazım deyil. Lakin, yaxşılaşması umulmayan xəstəlikdən xilas olma imkanı olduqda, orucun qəza edilməsi lazımdır.

Yoldaşı ilə yaxınlıq edərək orucu pozan şəxs istisna olmaqla orucu pozan digər şəxslər (dözməyib yemək və ya su içmək kimi) yalnız və yalnız oruclarını pozduqları günlərin sayı qədər qəza orucu tutarlar. Belə şəxslər üçün qəzadan başqa bir şey yoxdur.[3]

Cinsi əlaqə ilə orucu batil edən şəxsin isə orucu qəza etməsi və əlavə olaraq da bir kölə azad etməsi lazımdır. Əgər bunu edə bilməsə həmin şəxs iki ay fasiləsiz oruc tutmalı, iki ay oruc tuta bilmədiyi halda altmış miskini doydurmalı, bunu da edə bilməsə onun üzərindən öhdəlik düşər.

Cinsi əlaqə yoluyla orucu pozan şəxs hələ kəffarəsini ödəməyib və ardından ikinci dəfə cinsi əlaqədə olsa bu vəziyyətdə onun üçün bir kəffarə vardır. Əgər kəffarəsini ödəyib ikinci dəfə cinsi əlaqədə olsa bu vəziyyətdə onun üçün ikinci kəffarə vacibdir.

Ramazanda orucu pozan şeylərdən çəkinməsi lazım olan hər kəsə (məsələn o günün Ramazan olduğunu gün ortasında öyrənən adam kimi) cinsi əlaqədə olduğu halda kəffarə vardır.

İnsan qəza orucunu bir bəhanə ilə (tuta bilmədikləri orucu) qəza etməyib bir sonrakı Ramazana qədər ertələyərsə, onun üzərində qəzadan başqa bir öhdəlik yoxdur. Əgər səhlənkarlığa görə bunu etmişdirsə bu halda tuta bilmədiyi orucu qəza etməkdən başqa əlavə olaraq hər gün üçün bir miskini doyurar.[4]

Əgər qəza etməyi ölənə qədər etibarlı bir bəhanədən ötəri tərk etmişsə, ona heç bir şey lazım deyil. Əgər bəhanəsiz olaraq bunu etmişsə öldükdən sonra onun adına tutmadığı hər gün üçün bir miskin doyurmaq lazımdır. Ancaq tutmalı olduğu oruc nəzirdirsə (əhd orucudursa) bu vəziyyətdə onun adına birinin oruc tutması lazımdır.

Qaynaq: İbn Qudamə əl-Məqdisi “Kitəb'u-Siyam: Babul Ahkam'ul Muftirin fi Ramadan” 50-51 (Ramazanda oruc tutmaqdan azad olanlar bölməsi)

 

 

[1] İbn Qudəmənin “əl-Muğni”də söylədiyi kimi səfərdə olan şəxs ancaq yaşadığı yerin evlərini tərk etdikdən sonra orucunu aça bilər. (“əl-Muğni”: 3/141)

[2] Xiraqi isə belə demişdir: “Heyzli və nifaslı qadın imkanı olduğu halda ölənə qədər orucunu qəza etməzsə öldükdən sonra (yaxınları) tutmadığı hər gün üçün bir kasıbı doyurarlar.”

[3] Xiraqi belə demişdir: “Ramazan orucunun qəzası dağınıq olaraq qala bilər. Ancaq ara vermədən dalbadal tutulması daha üstündür”.

 

[4] Xiraqi demişdir: “Qəzasını bu şəkildə təxirə salmış olan xəstənin və yolçunun hökmü də yaşayarkən və öldükdən sonra eyni şəkildədir. (Tutmadığı hər gün üçün ölünün adına bir kasıb doyurulmalıdır)”