Zəkat nədir, şərtləri nələrdir? kimlər zəkat verməlidir?
Zəkat İslamın beş rüknündən biridir. Namaz və oruc kimi, fərzi-ayındır. Ancaq onlar kimi, bədənlə deyil mal ilə edilən bir ibadətdir. Hicrətin ikinci ilində fərz edilmişdir. Zəkat lüğətdə artma, çoxalma, təmizləmə, bərəkət və mədh etmə kimi mənalara gəlir. İslam hüquq terminologiyasında isə şəriətcə zəngin sayılan bir müsəlmanın, ildə bir dəfə malının müəyyən bir miqdarını Allah rızası üçün kasıb müsəlmanlara verməsidir. Allah rizası üçün seçilib verilən mala ona görə zəkat adı verilmişdir ki, geridə qalan malı təmizləyir və fəlakətlərdən mühafizə edir. Allah-Taala belə buyurur: “(Ey Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan”.
Həqiqətən də namaz, dini həyatın əsas dirəyi, İslamın yaşanması üçün təminatdır. Zəkat isə sosyal həyatda əhəmiyyətli bir rola malik olduğu üçün ictimai yardımın əsas dayanacağıdır. Namaz qılınmayan bir cəmiyyətdə İslami həyat və dini yaşam zəifləyib sönəcəyi kimi, İslamın zəkat əmrinin yerinə yetrilmədiyi bir cəmiyyətdə də ictimai sülh, fərdlər arasında birlik və bərabərlik, qayda-qanun təmin edilə bilməz. Kasıb və zəngin siniflər arasında dayanışma və yardımlaşma ortadan qalxar, yəni sevgi və hörmət duyğuları yox olar. Fərdlər bir-birlərinə düşmən kəsilər. Günümüz cəmiyyətlərinin də halı buna açıq bir dəlildir.
Zəkat Nə Vaxt Ödənir?
Qüvvətli və ən səhih (doğru) olan görüşə görə, üzərinə zəkat düşən mal və pulların zəkatı, o mal və pulun üzərindən bir il keçdikdən sonra, tez bir zamanda, yəni il bitər-bitməz dərhal verilməsi lazımdır. Üzrsüz olaraq təxir etmək caiz deyil.
Zəkatın Şərtləri
Zəkat Verməklə Mükəlləf Olmanın Şərtləri Nələrdir?
Bir kimsənin zəkat verməklə mükəlləf olması üçün bəzi şərtlər vardır:
- Zəkat verəcək şəxs, ağıllı başında, yetkin və müsəlman olmalıdır. Qeyri-müsəlman, məcnun və yetkinlik yaşına çatmamış uşaqlara zəkat fərz deyil.
İmamı əş-Şafiyə görə, uşaqlar və ağıl xəstələrinin malları varsa, o mala zəkat düşər. Zəkat vermə işini də valideyinləri yerinə yetirərlər.
- Zəkat verəcək kimsə, “havayic-i asliyə” deyilən zəruri ehtiyaclarından və son olaraq varsa, borcundan başqa nisab miqdarına və ya daha çox bir mala sahib olmalıdır. Nisab miqdarı qədər malı olmayana zəkat düşməz. Nisab, zəkatın fərz olması üçün şəriətin təyin etdiyi mal miqdarıdır. Bu miqdar maldan mala dəyişər.
- Zəkatı veriləcək mal, sahibinin şəxsən əlində olmalı, yəni sahibi malına tam malik olmalıdır.
Bu səbəbdən, ərindən mehrini almamış bir qadına və girovda olan bir mala zəkat tələb olunmur. Çünki girovdakı mal, bir borca qarşılıq olduğu üçün, sahibinin tam mülkiyyəti altında deyil. Buna bənzər şəkildə borcu olan bir şəxs, borcuna qarşılıq olan bir malından ötəri zəkat ilə mükəlləf olmaz. Səfərdə olan bir şəxs, malının zəkatı ilə mükəlləfdi, amma malı yanında deyilsə, bir vəkil və ya naib vasitəsi ile malına qənaət edə bilər.
- Zəkatı veriləcək malın üzərindən tam bir il keçməsi lazımdır. Buna “havl-i havəlan” deyilir.
Çünki bu müddət içində, malın neması, yəni artması və qiymətlənməsi ortaya çıxar. Nisab miqdarı, həm ilin başında, həm də sonunda olmalıdır. Bu miqdarın il içində müvəqqəti olaraq azalması zəkata mane deyil. Zəkat hesabında əsas olan qəməri ildir ki, bu da 354 gündür.
- Zəkatın vacib olması üçün malın namə, yəni böyümə və artma qabiliyyəti də olmalıdır. Qızıl, gümüş, pul və zinətlər, ticarətdə istifadə edilən hər hansı bir əşya və ya heyvan zəkata tabe olduğu kimi, sayını artırmaq və ya südünü sağmaq üçün çöllərdə otladılan heyvanlar da zəkata tabedir. Çünki bunlarda “namə” vardır.
Hansı Mallar Zəkata Tabedir?
Zəkat verilməsi gərəkli olan mallar beş növdür:
- Qızıl və gümüş; nağd pul.
- Ticarət malları.
- Mədənlər və xəzinələr.
- Əkin və meyvələr.
- Dəvə, mal, qoyun, keçi...
Hansı Mallar Zəkata Tabe Deyil?
- Bir şəxsin və ailəsinin ehtiyacları zəkata tabe deyil: İqamətgahlar, evin içindəki əşyalar, paltarlar, silahlar, minik heyvanlar və ya taksi kimi minik vasitələri, şəhərdə evin bir aylıq nəfəqəsi (aylıq maaş) kənddə isə bir illik nəfəqəsi, elm sahiblərinin kitabları, sənət mütəxəssisinin alət və dəzgahları hamısı təməl ehtiyaclardan sayılar. Ticarət üçün olmayan ehtiyacdan çox ev əşyasından, paltarlardan, yemək və içməli maddələrdən ötəri də zəkat lazım gəlməz. Təməl ehtiyacdan sayılmayan kitab və sənət alətləri də zəkat şümulüne, yəni tələb etdiyi mallar siyahısına girməz. Qızıl və gümüşün xaricindəki platin və buna bənzər materiallar, zinət dəstələrindən; yaqut, zümrüd, inci, almaz kimi, ləl-cəvahiratdan ötəri də zəkat lazım deyil.
- Təməl ehtiyaclar kimi, borc qarşılığı olan pul və mallara da zəkat düşmür. Borcunu ödəyən bir kimsə, artıq qalan malı nisab miqdarına çatmırsa, zəkatdan azad olar.
- Yalnız kirayədə olan evlər, dükanlar və buna bənzər gəlir gətirən alət və nəqliyyat vasitələrinə zəkat lazım gəlməz. Lakin bu vasitələrin gətirdikləri gəlirlər təməl ehtiyaclara xərcləndikdən sonra qalan məbləğ nisab miqdarına çatırsa, o miqdardan zəkat verilməlidir.
- Haram mal üçün zəkat verilməz. Əgər bu haram malın sahibi bəllidirsə, sahibinə qaytarılmalıdır. Əks halda, kasıblara tasadduk (sədəqə verilməsi) edilməsi lazım gəlir. Ancaq haram mal, halal mala qarışmış və ayırd etmək mümkün olmadıqda, bütün maldan zəkat verilməlidir.
Zəkata Tabe Malların Cinsləri
Qızıl və Gümüşün Zəkatı:
Nisab, Gümüş üçün 200 dirhəmə (595 qram) və qızıl üçün 20 miskalə (85 qram) bərabərdir. Borcundan və təməl ehtiyaclarından artıq olaraq bu miqdarda qızıl və gümüşü olan biri zəkat ödəməlidir.
Qızıl və gümüş üçün zəkat nisbəti 40-da 1-dir (1/40=0.25). Buna görə 595 qram gümüşü olan biri 14.875 qram, 85 qram qızılı olan isə 2.125 qram zəkat verər.
Qızıl və gümüşün nisablarının təyini üçün, onların bazar qiymətlərinə deyil, ağırlıqlarına baxılır. Bunda ittifaq vardır. Üzərindəki işçilik və sənət səbəbiylə bazar qiyməti nisab miqdarını keçsə belə, ağırlığı nisab miqdarı qədər deyilsə, o qızıl və gümüşə zəkat düşməz.
Kağız Pulların, Təhvil Və Səhmlərin Zəkatı:
Qızıl və gümüşə çevrilə bilən kağız və metal pulların zəkatı fərzdir. Bu pullar ticarətdə istifadə edilməyib, kassada saxlansalar belə, zəkatlarını vermək lazımdır. Çünki belə pullar, təməldən alış-veriş və ticarət üçün “tədavülə” buraxılmışdır. Hökmən ticarət malı cinsindən sayılırlar.
Şirkətlər tərəfindən buraxılan təhvillər, səhmlər şirkətə olan ortaqlıq miqdarını göstərən dəyərlərdir. Eynilə ticarət malı kimi hər il zəkatlarını vermək lazımdır. Ayrıca əldə edilən karların(qazancların) da zəkatı ayrı olaraq verilər.
Torpaq Və Ev Zəkatı:
Torpaqlar iki məqsədlə alınar:
Ya üzərində ev və ya başqa bir bina tikmək üçün, Ya da torpağı torpaq olaraq alıb qazanc əldə etmək üçün...
Birinci niyyətlə alınan torpaqlarda ticarət niyyəti olmayıb mülk əldə etmək məqsədi olduğundan, qiymətləri etibarilə zəkata daxil olmazlar. Əldə etdikləri kirayə pulundan zəkatları verilər
Ticarət məqsədi ilə satın alınan torpaqlar hissələrə ayırılaraq və ya bütün olaraq satışa buraxıldıqlarından ticarət əşyası qisiminə girərlər. Bunların qiymətləri üzərindən zəkatları verilər.
Tikilərək kirayəyə verilən və ya oturulan binaların qiyməti üzərindən zəkat yoxdur, əldə etdikləri kirayə puluna zəkat düşər.
Satış üçün tikilən bina və mənzil dairələri, ticarət malı qisiminə girdiklərindən dolayı, bunların da qiymətləri üzərindən zəkatları verilər.
Heyvanların zəkatı
Dəvələrdə zəkat nisabı 5-də 1-dir. Üzərindən bir il keçincə, 9 dənə dəvəyə qədər olan orta səviyyəli bir qoyun zəkat verilir. İnək və öküzlərdən 30 ədəd olarsa və üzərindən də bir il keçsə, zəkat olaraq iki yaşına çatan erkək və ya dişi bir dana verilər. Qoyunlarda isə say 40 olarsa və üzərindən də bir il keçsə, o zaman bir qoyun zəkat verilər. Ticarət məqsədi olmadıqca qatır və eşşəklərin də zəkatı yoxdur. Ticarət üçün alınıb satılan it, quş və bənzəri heyvanlar da, ticarət əşyası kimi, qiymətləri üzərindən zəkata tabedirlər. Qiymətlərinin 40-da 1-i zəkat olaraq verilər.