Skip to main content


Qəbir əzabı

İlk dəfə əhəd hədisin əqidədə qəbul edilməməsi bundan törəyən qəbir əzabının inkar edilməsi fitnəsi cəhmiyyə və mötəzilə kimi zəlalət firqələrinin ortaya atdıqları şübhələr olmuşdur. Ancaq əhli sünnət alimləri onların bu şübhəsini çürütmüş və onların bu şübhəsinin heç bir əsasının olmadığını isbat etmişdir. Əhəd hədisləri rədd edən zəlalət firqəsi mötəzilə və cəhmiyyəyə ilk dəfə olaraq İmam Şafii rahimahullah özünün risaləsində cavab vermiş, bundan sonra isə İmam Buxari və digər əhli sünnət imamları onlarının bu iddiasının batil olduğunu isbat etmişdir. İmam Şafiinin ilk dəfə olaraq cavab verməsinin səbəbi isə onun zamanına qədər bu şübhəninin ümmət arasında olmaması ümmətin öz əqidəsini Quran və səhih sünnə əsasında formlaşdırması olmuşdur. Nəql olunan səhih hədislərin dəlil olaraq əhkamlarda götürülüb, əqidədə rədd edilməsi bidəti cəhmiyyə və mötəzilə firqələrinin üzə çıxmasına qədər mövcud olmamışdır. Əhəd hədisin əqidədə elm, yəqinlik, ğalibuz zənn ifadə etməsini qarşıdakı digər mövzuda inşəAllah geniş olaraq təqdim edəcəyik. İndi isə mövzumuza qayıdaq və qəbir əzabının Quran və Sünnət ilə sabit olmasını, onu isbat etməyin isə əhli-sünnəttin əqidəsinin əsası olduğunu aşağıdakı dəlillərlə isbat edək.

Əhli-sünnəttin alimləri qəbir əzabına dəlil olaraq Qurandan ilk öncə bu ayəni gətirilər.

وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın! (Ğafir 45-46)

İbn Kəsir rahimahullah bu ayəni təfsir edərkən deyir: “Onlar bərzəx həyatında qəbir əzabının olacağına dair bu ayəni dəlil olaraq gətirirlər”. Bundan sonra o, İmam Əhmədin qəbir əzabına aid olan rəvayətlərini gətirir. Sonra isə o deyir: “Bu ayə ruhların bərzəx həyatında ikən sabah və axşam oda salınacağına dəlalət edir. Orada olan əzab (ayədə dəlalət edən) onların qəbirdə olan cəsədlərinə deyil, ruhlarına veriləcəyinə bağlıdır. Ancaq o əzabın həmçinin cəsədlərə də təsir edəcəyinə dəlil sünnədə mövcuddur”. O qəbir əzabı ilə bağlı mövzunu davam etdirir. Sadəcə burada bizə lazım olan ayənin həqiqətən də qəbir əzabına aid olması haqqında təfsirçilərin görüşünü təqdim etmək idi. Həmçinin əhli sünnət imamları da qəbir əzabını isbat etməyin əhli sünnətin əqidəsi olması haqqında öz əqidə kitablarında ilk olaraq bu ayəyə əsaslanırlar. İmam Əbu Hənifə rahimahullah “Fiqhu`l-Əkbər”, “Fiqhu`l-Əbsat” kitablarında qəbir əzabının əhli sünnətin əqidəsindən olmasını isbat edərkən bu ayələri dəlil gətirir. Həmçinin digər imamlara aid olan əqidə kitablarında da buna rast gəlirik.

Qurandan ikinci olaraq isə bu ayəni dəlil göstərmək olar:

وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq. (Taha 124)

Ayəni təfsir edərkən Əbu Said əl-Xudri, “dankə” sözünün “Qəbir əzabı” olmasını demişlərdir. Əbu Hureyra radyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin onu qəbir əzabı olaraq açıqladığını rəvayət etmişdir. Həmçinin İbn Baz rahimahullah onun güzəranı sıxıntılı olacaq ayəsinin təfsirində deyir ki: “Allah`ın zikrindən üz çevirənin güzəranı həm dünya həyatında, həm bərzəxdə - qəbir həyatında, həm də axirətdə sıxıntılı olacaqdır”. İbn Kəsir və digər təfsirçilər də onun qəbir əzabı olması baradə səhabədən və tabiindən rəvayətlər gətirmişdir.

Həmçinin Əhli Sünnət alimləri özlərinin əqidə kitablarında qəbir əzabının isbatının əhli sünnət əqidəsindən olduğunu isbat edərkən, bu ayəni də dəlil olaraq gətirmişdir.

Sünnədən buna dəlalət edən hədislər isə çoxdur. İbn Kəsir, İbn Qayyim və s. alimlər hətda bu rəvayətlərin çox olması ilə təvatür dərəcəsinə çatacağını deyir. Elə Allah Rasulu sallallah əleyhi və səlləmdən bizə çatan namazın sonunda dua edərkən qəbir əzabından Allah`a sığınmamız bunun bütün ümmətin arasında hansı dərəcədə yayıldığına bir isbatdır. Ancaq bununla yanaşı səhih hədislər bu haqda çoxdur.

Buxari rahimahullah Aişə anamızın radyallahu anhə belə rəvayət etdiyini nəql edir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Qəbir əzabı haqdır”.

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qəbir ya cənnətin bağçalarından bir bağça ya da cəhənnəmin çuxurundan bir çuxurdur”. Hədisi Tirmizi rəvayət etmişdir. Alimlər bu hədisə əsasən cənnət bağçalarından bir bağça olmağı qəbir nemətinə, bir çuxur olmasını isə qəbir əzabına dəlil gətirirlər.

Aişə radyallahu anhə rəvayət edir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Onlar qəbirlərində əzab olunurlar, onların əzablarını yalnız heyvanlar duyur”. (Buxari, Muslim, Əhməd)

İbn Abbas radyallahu anhu rəvayət edir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “O ikisi qəbirdə əzab olunur. Onlar böyük bir iş üçün deyil, birisi özünü sidiyinindən qorumadığı, digəri isə insanlar arasında söz gəzdirdiyi üçün əzab olunurlar”. (Buxari, Muslim)

Bu baradə hədislər çoxdur. Biz yalnız bir neçəsini qeyd etməklə kifayətləndik.

Həmçinin qəbir əzabını isbat etməyin əhli sünnətin əqidəsindən olması baradə onların kitablarından bəzi qövlləri qeyd etmək istəyirəm ki, onun isbat edilməsinin əqidəyə daxil olması haqqında olan şübhələrə yer qalmasın.

Əbu Hənifə demişdir: “Kim desə ki, mən qəbir əzabının olacağını bilmirəm o kəs həlak olan cəhmiyyədəndir. Çünki o Allah`ın bu kəlamını inkar etmişdir: “Biz onları iki dəfə əzaba düçar edəcəyik”. (Fiqhu`l-Əbsat\Qəbir əzabının isbatı, 1\137)

“Munkər və Nəkir mələklərinin qəbirdə olacağı haqdır, ruhun qəbirdə ikən cismə qayıtması haqdır, qəbirin sıxması və əzabı haqdır- istər bütün kafirləri, istərsə də asi möminləri...” (Fiqhu`l-Əkbər\Qəbir əzabı, 1\65) 1

“Ondan qəbir əzabı və fitnəsi baradə soruşdular” bölməsi – ( əs-Sünnə-Abdullah bin Əhməd). Bu başlıqdan sonra oğlu imam Əhmədin qəbir əzabını isbat edən rəvayətlərini nəql etmişdir. (2\592)

Bundan başqa əhli sünnətin imamları qəbir əzabını isbat etməyin əhlü sünnətin əqidəsi olması haqqında öz əqidə kitablarında qeyd ediblər. Bütün bunlardan sonra kim onu inkar edər, yaxud əqidədən qəbul etməzsə, şübhəsiz ki, o əhli sünnətin əqidəsindən uzaqlaşmış və zəlalətə düşmüşdür. Qəbir əzabını inkar edən yaxud onu islam əqidəsi olaraq qəbul etməyən şəxsin dindən bilinməsi vacib olan məsələni inkar etdiyi üçün küfrə düşdüyünü alimlər qeyd etmişdir. Mən onlardan bu baradə sadəcə bir neçəsini qeyd edəcəm.

“əl-Ləcnətu`d-Dəimə” - Elm və fətva komitəsində əhəd hədisləri əqidədə qəbul etməyərək qəbir əzabını inkar edən şəxs haqqında soruşuldu:

Cavab:

وأكدت أنه إذا ثبت حديث الآحاد عن الرسول صلى الله عليه وسلم كان حجة فيما دل عليه اعتقادا وعملا بإجماع أهل السنة، ومن أنكر الاحتجاج بأحاديث الآحاد بعد إقامة الحجة عليه فهو كافر

“Allah Rəsulu salləllahu əleyhi və səlləmdən sabit olan bir əhəd hədisin əqidə və əməldə höccət olması əhli sünnətin icmasıdır. Kim ona höccət qaldırıldıqdan sonra əhəh hədislə dəlil gətirməyi inkar edərsə o kafir olar”.

İbn Cibrin rahimahullah demişdir:

إنكار شيء من الأمور الغيبية التي أمر الله بالإيمان بها وأخبر بثبوتها وأحقيتها في كتابه وعلى لسان رسوله صلى الله عليه وسلم؛ كالملائكة والكتب والرسائل والبعث بعد الموت وحشر الأجساد والجنة والنار، وكذا عذاب القبر ونعيمه ونحو ذلك، فإن من جحد منها شيئا فقد كذب الله وكذب رسوله صلى الله عليه وسلم، وذلك أكبر الطعن في الرسالة وما اشتملت عليه، فهو يخالف ما تستلزمه الشهادتان.

“Allah`ın iman etməyi əmr etdiyi qeybi işləri, Onun kitabı və Rəsulu salləllahu əleyhi və səlləm vasitəsi ilə isbatını və həqiqətini xəbər verdiyi şeyləri - mələklərə, kitablara, peyğəmbərlərə, ölümdən sonra dirilməyə, cəsədləri ilə birgə cənnətə və cəhənnəmə taplaşmağına, qəbir əzabını və neməti və bu kimi digər şeyləri – inkar etmək, onlardan birini qəbul etməmək Allah və Rasulu salləllahu əleyhi və səlləmi yalanlamaqdır. O isə risalətə və onu əhatə edən şeylərə ən böyük tənədir. Onu edən iki şəhadət kəliməsinin tələblərinə müxalif olmuşdur”.

Artıq buradan məlum oldu ki, qəbir əzabının olmasına iman etmək və onun İslam əqidəsi olması Quran, sünnə və icma ilə sabitdir. Hər bir müsəlmana isə öz əqidəsini bunlar üzrə qurmalı müxaliflərin ona gətirdiyi şübhələri əhli sünnətin alimlərinə üz tutmaqla dəf etməlidir. Çünki əhli sünnətin əqidəsinə, üsul və mənhəcinə müxalif olan bütün fikirlər batildir və bidətdir. Hər bir bidət zəlalətdir və hər bir zəlalət oddadır. Uca Rəbb`im bizi səhih əqidə də sabit etsin və əhli-sünnəttin əqidəsindən və mənhəcindən ayırmasın. Amin!


1 Əhəd həsidi əqidə də qəbul etməyənlər Munkər və Nəkir mələklərini və s. dində zəruri olaraq bilinən məsələləri də inkar edirlər yaxud əqidədən qəbul etmirlər. Əhəd hədisi əqidə də qəbul etməməyin bu və digər gətirdiyi fəsadlar haqqında inşəAllah qarşıda sırf ona həsr olunmuş mövzuda qeyd edəcəyik.