Skip to main content


Ramazanı mükəmməlləşdirən 30 əməl

Oruc Allah`la Qul arasında olan bir ibadətdir. Ramazanda əməllərə 700 dəfəyə qədər çox savab yazılar. Əməllərin savabının daha çox artırılması isə Allah`la qul arasındadır. Ramazan ayı bərəkətli aydır. Bu ayda müsəlman yalnız oruc tutmaqla kifayətlənməməlidir. Alimlər bu ayda edilməsi müstəhab olan əməlləri bizə bildirmişlərdir. Bunlar aşağıdakı kimidir.

1. Tövbə.

Nədamət – yəni peşman olmaq deməkdir. Hansı məsələdə xəta etmişiksə tövbə edəcəyik. Tövbə üç hissədən ibarətdir: I. Peşman olacaqsan, II. Əzimətlə əzm edəcəksən ki, mən bir də bu xətaya qayıtmayacağam, III. Qul haqqı varsa, haqq sahibindən halallıq alacaqsan. Qeybət, küfr, pis söz söyləmə, qəlb qırma, qohumluq əlaqələrini kəsmə və s. kimi xətalardan tövbə edilməlidir. Tövbə üçün haqqıyla Allah`a təvəkkül edib Ondan yardım istəməliyik. Tövbə üçün gərək imanımızı gücləndirək. Güclü iman üçün də nə lazımsa etmək lazımdır.

2. Bütün əzalarımıza sahib çıxmaq.

Burada 2 Əsas ünsür vardır: Ağız və şəhvət. Yemək içmək və şəhvətimizi tuturuq. Lakin şeytan müsəlmanlara kiçik şeylərdən yaxınlaşır. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim iki dodağı arasındakına və iki budu arasındakına (cinsiyyət orqanına) sahib çıxsa mən onun Cənnətə girməsinə zamin olaram”. Qeybət, musiqi söyləmək, ifitra, böhtan və s pis şeylərdən dilimizi qorumalıyıq. Əksinə yaxşı sözlərlə dilimizi məşğul etməliyik. Allah Rəsulu salləllahu əleyhi və səlləm başqa bir hədisdə buyurmuşdur: “Ağzınız Allah`ın zikri ilə həmişə islaq olsun”. Harama baxmamalı, eşitməməliyik. Şəhvətə aparacaq heç bir yola getməməliyik. Məsələn, televizorda seriallara, musqi proqramlarına, qadınların da iştirak etdiyi və ya musiqili idman yarışlarına baxmamaq lazımdır

3. Əlimizdən gəldiyi qədər bütün nafilə və sünnətlərə sarılmaq.

5 vaxt namazın sünnətləri qılınması lazım olan ibadətlərdir. Çünki qul Qiyamət günü ilk hesaba çəkiləcəyi əməl namazdır. Namazı qaydasındadırsa digər əməl hesabları asan keçər. Namaz qaydasında deyilsə digər əməlləri bir-bir hesaba çəkilər. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim hesabda xırdalıqlara qədər soğrulandısa, (o) yandı”. Artıq o Cəhənnəmdən xilas ola bilməz. Digər nafilələrə misal: səhər axşam zikrləri, yemək içməkdən əvvəl və sonrakı zikrlər. Digər nafilələr də öyrənilərək əməl olunmağa çalışılmalıdır. Əgər xəstələnsən və deyilsə ki, bu dərman başqa ölkələrdə tapılır, yerin dibindən də olsa o dərmanı taparsan. Çünki dərman həyati məsələdir. Bu nafilələr də həyati məsələdir. Əbədi həyat üçün bu nafilə ibadətlər canlandırılmalıdır. Nafilə ibadətlər olmasa hətta fərz əməllərin də dadı olmaz.

4. Camaatla Namaza təşviq.

Namazları məsciddə camatla birgə qılmağa çalışmalıyıq. Cumhur üləmaya görə kişilər üçün camaat namazı fərzdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur:: “İstərdim ki, namaz qıldırım. Sonra gedim baxım, kim camaat namazına gəlmirsə evini başına yıxım sonra kibrit vurub yandırım. Amma içərisində arvad-uşaq olduğu üçün bunu etmirəm”. Abdullah ibn Məktum kor bir sahabə olmuşdur. Bir gün Allah Rəsulunun yanına gəlir və deyir: Ey Allah`ın Rəsulu! Səhərlər namaza gələ bilmirəm. Mənimlə məscid arasında bir dərə və yırtıcı heyvanlar var. Kimsədə yoxdur ki, məni gətirsin, gələ bilmirəm”. Allah Rasulu salləllahu əleyhi və səlləm buyurdu:  “Sən gəlmə icazəlisən”. (Şəxs, namaza gəlməmək üçün hətta icazə istəyir). Adam biraz getdikdən sonra Allah Rasulu salləllahu əleyhi və səlləm deyir: “Yaxın gəl. Azanı eşidirsənmi?” O dedi: “Bəli ey Allah`ın Rəsulu” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “O zaman gəlməlisən, sənin üzərinə vacibdir ”. Qadınların isə evdə qılması daha müstəhəbdir.

5.Camaat namazına gecikməmək.

Bu ayrı bir ibadətdir. Təkbirətul-ihrama imamla çatacaqsan. Yəni azandan öncə gələcəksən. Sunnəti qılıb artiq imam təkbir gətirəndə cərgədə dayanacaqsan. Həsən əl-Bəsri demişdir: “40 il məsciddə insanların üzünü görmədim”. Yəni hər zaman ilk gəlib ön safda dayanardı. Bərəkət ilk səfdə imamım arxasında, sonra sağ tərəf, sonra sol tərəfdədir. Sonra növbəti səflərdədir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur:  “Cümə günü ilk namaza gələn dəvə, ikinci gələn inək, üçüncü gələn qoç, dördüncü gələn toyuq, beşinci gələn yumurta qurban etmiş olar”.

6. Təravih namazını qaçırtmamaq.

Allah Rəsulu salləllahu əleyhi və səlləm “Kim təravihə gedər, imamla (namaz) qılar, imam salam verib bitirənə qədər (gözləyər) ən son imam (məsciddən) ayrılar və o da ayrılayrılarsan Allah onu bağışlayar”. Və bərəkət əldə etmək üçün namaza getdikdə bütün hesab-kitablarını arxada qoy. Namazda kino, serial, arvad-usaq kimi şeylər düşünmə ki, qəlbin ləzzəti dadsın.

7.Təəccüd namazı.

Əslində təravih namazı da gecə namazıdır. Lakin gecə namazını Payğəmbər salləllahu əleyhi və səlləm gecə yarısında sonra qılardı. Təravihi qıldıqdan sonra vitri qılmamısansa təəccüd namazını da qıl. Çünki bu namazda riya yoxdur. Əksər insan yatan zaman sən Rəbb`ini axtarırsan. Sahabələrdən elə kəslər olmuşdur ki, 40 il gecə namazı qılmış, xanımının xəbəri olmamışdır. Gecenin son üçdə birində namaz qılmaq daha üstündür. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur:  “Allah gecənin son üçdə birində Dünya səmasında enər və belə çağırar: “Mənə dua edən yoxdurmu duasını qəbul edim, Məndən istəyən yoxdurmu ona verim, bağışlanma diləyən yoxmu onu bağışlayım”. (Buxari, Müslim)

8. Quran oxumaq.

Ərəbcə oxuya bilmirsənsə bu sənin höccət deyil. İmam Şafii 3 gündə bir cüz oxuyurdu. Ama ən az gündə 1 cüz oxumaq lazımdır ki, Ramazana Qurani xətm etmək mümkün olsun. Quran oxumaqda çətinlik çəkirsənsə səmimi qəlbdən Allah`dan bunu asanlaşdırmağı istə.

9. Ramazan Quranı əzbərləmə ayıdır.

Bir tanışım var. 80 yaşında qoca bir qadındır. Həmin o nənə Quranı əzbərləməyə başlayır və 82 yaşında hafizə olur. Tibb alimlərinin dediyinə görə beyin hücrələri heç vaxt ölməz. İşlətdikcə yenilənər, açılar. Hər gün çalışan kompyuter də ayda bir işlənəndən daha canlı olar. Əgər bacarmırsansa heç olmasa 1 səhifə öyrən, onu da bacarmırsansa 1 ayə öyrən. Bütün ramazanda belə 1 səhifə öyrənsən yenə kardır. İnan ki, bu dadı aldıqdan sonra buraxmarsan.

10. Hədis əzbərləmək.

Hafizin və alimin ağlı pozuılmaz. 93 yaşında bir alimin dizləri dibində mən hədis dərsləri almışam.  “Hüsnul Müslim” (müsəlman qalası), “40 Hədis” və ya “Riyadu`s-Salihin” kitablarını al, hər gün bir hədis öyrən. Ən azından Ramazanla əlaqəli hədislər öyrən.

11. Qohumluq əlaqələrini saxlamaq.

Qohumların, qonşuların hal əhvalını soruşmaq, onları ziyarət etmək, salam vermək lazımdır. Gedə bilmirsənsə, çox uzaqda yaşıyırlarsa heç olmasa telefonla zəngləş xətrini soruş. Lakin qohumluq əlaqələrini yalnız qohumlarla məhduslaşdırmamılıyıq. Bura dost-tanış da daxildir. Çoxdan görmədiyin dost-tanışlarla əlaqə saxlamağa çalışmalıyıq. Bu bizdə imanı da artırar.

12. İftar vermək.

Əbu Hüreyrə radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Kim bir orucluya iftar verərsə, özünə onun savabı qədər savab yazılar. Üstəlik bu səbəblə oruclunun savabından heç bir şey əksilməz”. Əgər kimsə səni iftara çağırarsa icabət etmək lazımdır. Düşün ki, qardaşın sənin səbəbinlə əcr qazanır, bu əcrdən onu məhrum etmə.

13. Zikr etmək.

“Lə həulə va lə quvvətə illə billəh”, “Əstəğfirullah”, “Ləə iləhə iləllah”, “Subhənallahi va bihəmdihi”. Bunların da ən önəmlisi səhər axşam zikrləridir. Bunu əzbərləyib hər gün tətbiq etmək lazımdır. Bu zikrlər Qiyamət günü bizim sərmayəmizdir.

14. Sədəqə vermək.

Mütəmadi olaraq sədəqə vermək lazımdır. Demə ki, bu saxtakardır. Qapını döydüsə boş geri qaytarma. Yox demə. Çünki Allah quluna yox deməz. Əgər saxtakardırsa sən savabını qazandın, doğrudan kasıbdırsa, deməli düzgün yerə vermisən. Sağ əlin verdiyini sol əlin bilməyəcək qədər çox sədəqə ver. Unutma ki, sədəqə verdikcə mal əksilməz əksinə çoxalar. Sədəqə bir çox müsibətləri dəf edər.

15. Duha namazını qılmaq.

Bu çox bərəkətli bir namazdır. 2 rəkat da qılmaq olar, 4, 6 və ya 8 rəkat da qılmaq olar. Bu namazın bir adı da “Salətu`l-Əvvabin”-dir. İşraq namazı da elə duha namazıdır lakin duhanın ilk vaxtında qılınan namazdır. Bu namaz sübh namazını qıldıqdan sonra zikr edib günəş iki mizraq qalxana qədər (təxmini günəş çıxmağa başladıqdan 45 dəq sonra) gözlənilir. Sonra isə qalxıb 2 rəkat namaz qılınır.

16. Dəstəmaz namazını qılmaq.

 Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ey Bilal, dünən gecə mən Cənnətə girdim. Məndən öncə gedən ayaq səsləri eşitdim. Sən nə əməl etdin ki, məndən öncə Cənnətdə ayaq səslərini eşitdim? Bilal “Ey Allah`ın Rəsulu Allah`a and olsun ki, bir şey etmədim. Ama bir əməli əsla buraxmıram. Azana çıxarkən dəstəmaz alıram və hər dəfə dəstəmaz alanda iki rəkat namaz qılıram”. Bu iki rəkat böyük nemətdir, lakin bilən, anlayan kəsə. Ən azından gündə 1 dəfə dəstəmaz namazı qılaq. Ramazanda bunu qılsaq, il boyu bunu tərk etmərik, vərdişə çevrilər.

17. Elm halqalarında olmaq.

Harada zikr məclisi varsa, oralara getmək lazımdır. Çünki bu məclislərdə bərəkət vardır. Allah`ın vəzifələndirdiyi mələklər var ki, elm, zikr məclisi gördükləri zaman oraya gələrlər. Hətta həmin məclisə gecikən mələklər özlərini yerə sürtərlər, çünki bərəkəti qaçırmışlar. Bu kimi nəsihət ocaqlarını gözünüzdə kiçik görməyin. Hətta bu məclislərdə alim də olmasa, yenə mələklər o yerlərə cəmləşər. Əgər bunu edə bilmirsənsə internetdə izlə. Bunu da bacarmırsansa qulaqlıq və mp3 dinləməklə yolda gedərkən, boş vaxtında dərsləri dinlə.

18. Hər gün bir fiqh məsələsini öyrənmək.

Məsələn bu gün dəstəmazı ətraflı şəkildə öyrən, sabah başqa bir fiqh məsələsini öyrən. İman dadı qəlbə girdimi insan ona aludə olar. Uşaq ikən iman etmiş kəs sonradan imandan uzaqlaşsa da əvvəl axır ona qayıdar. Çünki qəlbi imanın dadına baxdısa, artıq yenə onu istəyər. Ona görə fiqh məsələlərini gözümüzdə böyütməmək lazımdır. Birdən deyil, az az öyrənib biliyi artırmaq lazımdır. Damla damla göl olar. 

19. Hər gün sira (Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatı) oxumaq lazımdır.

Əvvəlcə Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatını oxumaq lazımdır. Allah Rəsulu dini necə yaymış, hansı əziyyətlərə qatlanmış, bu dinə necə tətbiq etmiş, bunları bilmək lazımdır. Cahil bilmədiyinin düşmənidir. Sirayla öyrənəcəyimiz ikinci özəllik isə Peyğəmbər salləllahu əleyhi və səlləmin ibadət, alış-veriş, dostlarıyla necə davranması və s. kimi həyat sünnətlərini öyrənmək lazımdır. İstənilən alimə desən ki, “imanım zəifləyib nə edim?” bütün alimlər eyni cavabı verər – “Sira oxu”. Çünki sira Allah Rəsulu ilə bitmir. Ondan sonrakı sahabələr, tabiinlər və ətbəə tabiinləri də içinə alır. Məsələn insan əgər şikayət etsə ki, yayda oruc tutmaq olmur, o zaman ən isti günlərdə oruc tutan və eyni zamanda əkin işləriylə məşğul olan, döyüşlərdə iştirak edən səhabələri və onların səbr etmə şəkillərini örnək alsan imanın artar. Deməli, tutmaq mümkündür deyərsən. Unutma ki, sira ilə etiqat bir vəhdətdir. Payğəmbər salləllahu əleyhi və səlləm məhz etiqadını yaymaq üçün səbr etdiyini sira kitablarında oxuyuruq. Bir sira kitabı götürüb evdə ailənlə birgə oxuyub, uşaqlarına izah etməklə bütün ailənin imanını artıra bilərsən.

20. Müsəlmanların arasını düzəltmək.

 Bu ən böyük əməllərdən sayılır. Hətta yalanı haram sayan Allah təala iki nəfərin arasını düzəldərkən yalanı caiz görmüşdür. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bir möminlə digər mömin 3 gündən artıq küsülü qalmaz”. Küsülü qalarsa vəbal altına girər. Bunu üçün də gərək niyyətin saleh olsun. Bir gün Ömər ibn Xəttab radiyallahu anhunun xəlifəliyi zaman bir ər-arvad küsüşürlər. Kişi Ömərin yanına gələrək yoldaşıyla arasına hakim təyin etməsini istəyir. Ömər də onları barışdırmaq üçün iki nəfər təyin edir. Bir müddət sonra gəlirlər. Ömər radiyallahu anhu onlardan nə olduğunu soruşunca “Ey möminlərin əmiri. Bunları arası dəyməyib. Bunları məsələsi daha çətindir” deyə cavab verirlər. Ömər “Bura gəlin” deyərək, ikisini də şallaqlayır. “Allah təala deyir ki, əgər niyyətiniz saleh olarsa mütləq siz aranı düzəldərsiniz. Demək ki, niyyətiniz saleh deyil. Mən sizi göndərdiyim bu işin əhli deyildiniz”. Unutmayaq ki, bu gün zəif olmağımızın səbəbi bölünməyimizdir. Hər kəs öz üzərinə düşəni etsə bu ümmət birləşər.

21. İftar duası.

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “İftar etdiyin zamanda mələklər sənin üçün bağışlanma duası edər, duan qəbul olar”. Əlində xurma tutub iftarı gözləyincə dualar etməyi unutma. Bu zaman edilən duaların müstəcab (qəbul) olma zamanıdır. Bu mübarək zamandır. Bunun zamanı sən oturduğun müddət qədərdir. İstər iftardan 5 dəq, istər yarım saat öncə. Bu zaman dualar sərbəstdir istədiyin duanı edə bilərsən. Bir də iftarı açdığın əsnada edilən bir dua vardır, bu də məşhur bir duadır. “Zəhəbə`z-zəməu vəbtəllətu`l-uruqu və səbətə`l-əcru inşəallah (Susuzluq getdi, damarlar islandı, orucun savabı inşəallah sabit oldu.”

22. Comərd olmaq.

Allah yolunda xəsis olmamaq lazımdır. Sahabələr deyir ki, insanların ən comərdi olan Allah Rəsullu salləllahu əleyhi və səlləm Ramazan ayında daha comərd olurdu, fırtına kimi idi. Yəni heç yox deməzdi. Ağıllı olan müsəlmanlar zəkatlarını Ramazan ayına saxlıyarlar. Kasıblara verilən sədəqələrini çoxaldarlar, çünki  bu ayda əməllərin savabı qat-qat çox yazılır. Ramazanda cibini qısma, ver, Allah yerini doldurur. Şeytan xəsisliyi əmr edər, “vermə, arvad–uşaq var, özünün ehtıyacın var” kimi şeylər deyər. Daha sonra kasıbları tapıb onlara yemək verə bilərsən. Məsələn onlara 1 aylıq ərzaq ala bilərsən. Daha sonra Bir möminə iftar etdirə bilərsən. İftar saatında əvvəlcə qohumdan və qonşudan başlayacaqsan. Dəvət olunan zaman da sənin səbəbinlə qardaşının əcr qazanmasına dəstək ol. Ama bunun da ölçüsü var. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur:  “Möminlə dost ol və sənin yeməyini ancaq müttəqi insanlar yesin”. Evə dəvət olunanın müttəqi olmasının səbəbi, yəni Allah`dan qorxan birisinin olması lazımdır ki, evinə bir şər gətirməsin.

23. Yaxşılığa əmr edib pislikdən çəkindirmək.

Bəzi alimlər demişlər ki, İslamın şərti 5-dir. Yaxşılığı əmr edib pislikdən çəkindimək də altıncısıdır. Yaxşılıq Allah`ın sevdiyi və razı qaldığı bütün əməllərdir. Pislik isə Allah`ın xoşlamadığı, qadağa qoyduğu bütün şeylərdir. Sən bunu insanlara öyrətməyə çalışmalısan. Bunu etmədikdə İslam çökər. Necə ki, indi İslam çökmüş vəziyyətdədir. Osmanlının çökməsinin səbəbi odur ki, heç kim gəlib sultana “Ey Sultan sən burada xəta etmisən” demirdi. Alimlər deyirdilər ki, mən öz canımı qurtarım, sultana nə edə bilərəm ki? Ona görə də Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Şəhidlərin əfəndisi iki nəfərdir. Biri Həmzə, digəri isə zalım hökdarın qarşısına çıxıb ona “sən zalımsan” deyən və zalımın da onun başını kəsdiyi şəxsdir”. Lakin bunun da fiqhi vardır. Yerindən durub kiminsə qabağına çıxıb bunu demək düzgün olmaz. Məsələn sıradan birisi desə, onun cəmiyyətə faydası olmaz. Lakin alim birisi, tanınmış birisi desə insanlar bundan daha çox təsirlənər. Çünki hər kəs onu tanıyır. Yaxşılığı əmr etmə və pislikdən çəkindirmə məsələlərində ilk öncə özün və ailəndən başlamalısan. Daha sonra ətraf.

24. Müsəlmanları düşünüb, yanlarında olub, onlara dəstək olmaq.

 Niyə biz bu gün zəifik? Niyə ölkələrimiz zəngin, lakin insanlarımız kasıb halda yaşıyır? Bunu düşünmək lazımdır. Daha sonra darda olan, zülmə uğrayan müsəlmanın yanında olacağıq. Bacarırıqsa özümüz, bacarmırıqsa malımızla, bacarmırıqsa duamızla yanında olacağıq. Bu da imanın ən zəifidir. Əgər müsəlman rahat yatırsa, başqalarını düşünmürsə deməli imanında problem vardır. Bugunki zamanda əslində müsəlman tikan üzərində yatmalıdır. Çünki peyğəmbər salləllahu əleyhi və səlləm “Qonşusu ac yatan, özü isə tox yatan bizdən deyildir” buyurmuşdur.  Bu gün müsəlmanlar haqqında dünyanın hər yerindən gələn acı xəbərlərə qarşı göz yaşlarıyla Allah`dan yardım istəmək lazımdır.

25. İftarı açmaqda tələsmək. Sübh yeməyini isə gecikdirmək.

Müəzzin ilk Allah kəliməsini dediyi zaman artıq oruc açılır. Lakin yəhudilər iftarı ulduz çıxana kimi gecikdirir. Təəssüf ki, bəzi müsəlmanlar da onlar kimi edir.  

26. Ana-ataya yaxşı baxmaq, qohumlara yaxşılıq etmək. Ölüləri anmaq.

 Ramazanda xüsusilə olaraq valideynlərin xidmətində olaq. Onlara maddi yardım edək ki, onlar da Ramazanda istədiyini ala bilsin, sədəqə verə bilsin. Müsəlman gərək dünyasını dəyişmiş qohum əqrəbaları üçün dua etsin. Hətta övladlara da bu haqda məlumat verib, onların da ölülər üçün bağışlanma duası etmələrinə təşviq etmək lazımdır.

27. Etikaf.

Son 10 gündə etikaf etmək gözəl əməllərdəndir. Allah Rəsulu salləllahu əleyhi və səlləm son 10 gündə məscidə gedər və oradan çıxmamaq şərtiylə dünyayla əlaqəni kəsərdi. Yeməyi də özüylə götürərdi. O hər il etikafa girərdi. Buna vərdiş edən kəs artıq evində də etikaf etməyə başlayar. Məsələn namazdan sonra yarım saat yerindən durma. Allah`ın ayələrini, yaratdıqlarını və yaradılış məqsədlərini düşünmək də bir növ etikafdır.

28. Ümrə.

Ramazanda ümrəyə gedən şəxs, zərrə qədər də imanı olsa ümrədən imanı artmış şəkildə geri qayıdar. Çünki ümrə zamanı edilən təvaflar, təravihlər, iftarlar insanın imanını xeyli artırar, Allah`a yaxınlaşdırar. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Ramazanda ümrə etmək bir həccə bərabərdir”.

29. Bayram namazını mühafizə etmək.

Bayram namazını tərk etmək olmaz. Bu namaz bir çox alimlərə görə vacibdir. Əlavə olaraq da bu namazın fiqhini bilmək lazımdır. Məscidə getmədən öncə ağzına bir xurma atıb gedirsən. Bu sənin oruclu olmadığın, bayram günündə olduğunun bir nişanəsidir. Daha sonra məsciddəkilərlə, qohum-qonşuyla bayramlaşmaq lazımdır.

30. Şəvval orucunu tutmaq.

Şəvvalda 6 gün oruc tutmaq 1 il oruc tutmağa bərabərdir. Çünki Ramazan 30 gün 10 dəfəyə vurulsa 300 gün, Şəvval ayının 6 gün orucu da 60 günə bərabərdir ki, bu da topladıqda bir il edir. Bu 6 gün orucu ard-arda və ya ayrı-ayrı tuta bilərsən.

Bu verilən 30 əməli Ramazan boyunca tez-tez təkrar edək, və unutduqlarımızı xatırlayıb əməl etməyə çalışaq İnşəAllah. Bu ay yatma ayı deyil, saleh əməllər ayıdır. Allah hamımızı salehlərdən edib, bu 30 əməli işləyənlərdən, insanlara faydalı olanlardan etsin. Amin.

Bu məqalə Abdullah Yolçunun dərslərindən yazılmışdır.