8 gerçəyi oxu və kim olduğunu düşün
1.İnsanlara baxıb gördüm ki, hər kəsin sevdiyi bir şey var. Fəqət qəbrə çatdığı zaman sevdiyindən ayrılır. Qəbrdən mənimlə bərabər olmaları üçün yaxşı əməllərimi özümə dost seçdim.
2.Allah Təalanın
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّه۪ وَنَهَى النَّفْسَ عَنِ الْهَوٰىۙ
فَاِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوٰىۜ
“..kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə arzularını (şəhvəti) qadağan etmişsə, artıq şübhəsiz (o kimsə üçün) gediləcək olan yer, ancaq Cənnətdir!” (Naziat, 40-41)
ayəsini düşündüm və Allaha davamlı bir şəkildə itaət etsin deyə nəfsimin arzularını dəf etmək üçün əlimdən gələni etdim.
3. Gördüm ki, yanında özünə görə qiymətli bir şey olan hər kəs onu qorumağa çalışır. Sonra Allah Təalanın
مَا عِنْدَكُمْ يَنْفَدُ وَمَا عِنْدَ اللّٰهِ بَاقٍۜ
“Sizin yanınızda olan tükənər, Allahın qatında olan isə əbədidir (bəqi). Əlbəttə səbr edənlərə də mükafatlarını, etdikləri əməllərinin daha gözəli ilə verəcəyik.” (Nəhl,96)
ayəsini düşündüm və nə zaman əlimə qiymətli bir şey keçsə mənim üçün, Onun yanında qalması məqsədi ilə onu Allaha əmanət etdim.
4. İnsanların mala, əsalətə və şərəfə meyl etdiyini gördüm. Halbuki bunlar bir heçdir. Sonra Allah Təalanın
اِنَّ اَكْرَمَكُمْ عِنْدَ اللّٰهِ اَتْقٰيكُمْۜ
“Allah qatında sizin ən üstün olanınız, ən təqvalı olanınızdır.” (Hucurat, 13)
ayəsini düşündüm və Allah qatında dəyərli olmaq üçün təqvalı olmağa çalışdım.
5. İnsanların bir-birinə həsəd etdiklərini gördüm. Sonra Allah Təalanın
نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَع۪يشَتَهُمْ فِي الْحَيٰوةِ الدُّنْيَا
“Dünya həyatında onların dolanacaqlarını (məişət) öz aralarında Biz bölüşdürdük.” (Zuxruf, 32)
ayəsini düşündüm və həsədi tərk etdim. Mən Allahın təqdirini necə bəyənməyə bilərdim ki.
6. İnsanların bir-birinə düşmənlik etdiyini gördüm. Sonra Allah Təalanın
اِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّاۜ
“Şübhəsiz ki, şeytan sizə düşməndir; elə isə (siz də) onu (özünüzə) düşmən tutun!” (Fatır,6)
ayəsini düşündüm və insanlara düşmənliyi buraxıb, sadəcə şeytanı düşmən olaraq gördüm.
7. İnsanların ruzi əldə etmək üçün hər cürə zillətə dözdüklərini gördüm. Sonra Allah Təalanın
وَمَا مِنْ دَٓابَّةٍ فِي الْاَرْضِ اِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا
“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, ruzisi Allaha aid olmasın!” (Hud, 6)
ayəsini düşündüm və Onun üçün etməli olduğum şeylərlə məşğul oldum. Onun yanındakı mənə aid olan şeyləri axtarmağı tərk etdim.
8. Ticarətlərində, sənətlərində və bədən sağlamlıqlarında Allaha təvəkkül edənləri gördüm, mən də Allaha təvəkkül etdim.
Mənbə: Müxtəsər Minhacul-Qasidin, Elm bəhsi.