Faydalı dərslər 8 – Qurani Kərim necə nazil olub?
Səid ibn Cübeyrdən belə dediyi rəvayət olunmuşdur: “Quran toplu halda Qədr gecəsində dünya səmasına endi və ulduzların mövqeyində oldu, Allah onu Rəsuluna hissə-hissə endirirdi”. O daha sonra “Kafir olanlar: “Quran ona bir dəfədə endirilməli deyildimi?” dedilər. Biz onu sənin qəlbini möhkəmləndirmək üçün belə (parça parça endirdik) və onu ağır ağır oxuduq” (Furqan 32)
Quranın hamısı bir dəfədə endirilərək dünya səmasında Beytu`l-İzzədə qoyuldu və onu Cəbrail əleyhissəlam Peyğəmbərimiz salləllahu əleyhi və səlləmə qulların suallarının və əməllərinin cavabı ilə endirdi. Buxarinin şərhində də Quranın hamısının Qədr gecəsində Lövhu`l-Məhfuza; yəni dünya səmasına nazil edilərək Beytu`l-İzzədə qoyulduğu, Cəbrailin onu səfərə Peyğəmbər salləllahu əleyhi və səlləmə parça-parça endirdiyi bildirilir. Quranın Peyğəmbər salləllahu əleyhi və səlləmə endirilməsinin əvvəli ilə sonu arasında iyirmi üç il müddət olub.
İbn Cəririn də bu məsələ ilə bağlı Şəbidən iki rəvayəti vardır ki, həmin rəvayətlərdə deyilir: “1. Bizə belə gəlib çatdı ki, Quran tam olaraq dünya səmasına nazil olundu. 2. Quranın ilk ayələri Qədr gecəsində nazil olmuşdur”. Quranın nazil olması ilə bağlı təfsirlər də elə məhz bu iki yöndə olmuşdu.
Vəsilə ibn Əsqadan Allah Rəsulu salləllahu aleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “İbrahimə aid səhifələr, Ramazanın ilk gecəsində endirilmişdir. Tövrat Ramazanın altıncı gecəsində, İncil isə on üçüncü gecəsində, Quran da iyirmi dördüncü gecəsində endirilmişdir”.
Cabir ibn Abdullahdan rəvayət olunan hədisdə isə bu əlavə vardır: “Zəbur Ramazanın on ikinci gecəsində endirilmişdir”. (Əhməd ibn Hənbəl, Müsnəd 4/107, İbn Kəsir 1/487)
İbn Kəsirin təfsirinə görə bu Səhifələr, Tövrat, İncil, Zəbur hər biri öz peyğəmbərinə toplu olaraq endirildiş Quran isə Beytul İzzədən dünya səmasına toplu olaraq endirilmişdir ki, bu da Ramazan ayında Qədr gecəsinə təsadüf edir.