İNQİLABİ AYƏLƏR-1 (Şura, 13)
Quranın möcüzəvi xüsusiyyətlərinə və ehtişamına dair çox məqalələr oxuyub, çox dərslər dinləyə bilərik. Sadəcə İxlas surəsinin fəzilət və məna etibarı ilə bütöv Quranın üçdə birinə bərabər olduğunu, Əsr surəsinin isə bütöv Quranın ümumi mesajının xülasəsi olduğunu alimlərimiz sayəsində öyrənmişik. Bəs bu surələrin mahiyyətini ağıldan çox qəlbimizlə hiss edib qavraya bilmişikmi? Əgər ayələr qəlbimizdə , vicdanımızda yer etməyib,yaddaşımızda “quru” əzbərdən irəli getməməsi Qiyamət günü əleyhimizə olacaqdır.
Quranda düşünən, şüurlu hər bir insanın həyatına inqilabı təsir göstərəcək ayələr mövcuddur. Elə ayələr var ki, onlarla tanış olduqda insanın dini dünyagörüşündə və dinə yanaşmasında və ümumən həyatında inqilabi dəyişikliklər baş verir. Bu səbəbdən qərara gəldim ki, şəxsi həyatımda və dünyagörüşümdə inqilabi təsiri olan ayələri və o ayələr haqqında təfsirlərdən oxuduğum, müxtəlif dərslərdən dinlədiyim məlumatları öz təfəkkür və tədəbbürümlə ətirləndirərək sizlərə təqdim edim.
Dinə, ümmətə və onun problemlərinə, həmçinin şəxsi həyatıma yanaşma tərzimdə inqilabi dəyişikliyə səbəb olan ayələrdən ilk üçü - bir çox müfəssirlərin Məkkədə nazil olmuş surələrin xülasəsi kimi qəbul etdiyi- Şura surəsinin 13, 14 və 15-ci ayələridir. Rəbbimiz 13-cü ayədə belə buyurur:
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.
“(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi:” cümləsindən görürük ki, müxtəlif peyğəmbərlər (Allahın salamı onların üzərinə olsun) vasitəsi ilə göndərilən səmavi dinlərin hamısı son peyğəmbər Muhammədə (Salləllahu aleyhi və Səlləm) gələn dinlə eynidir;yəni İslamdır. Tək Allaha, onun mələklərinə, vəhyə (və ya ilahi kitablara) peyğəmbərlik missiyasına və axirətə iman bütün peyğəmbərlərin ortaq dəvəti olmuşdur. Cəmiyyəti ayaqda tutan təməl əxlaqi dəyərlər də bu qəbildəndir.
Ayənin davamında Uca Allah qoyduğu qanunlardan birini belə açıqlayır: “Dinə doğru-düzgün etiqad edin...” Dinə doğru düzgün etiqad etmək əqidəvi məsələlərə ciddi yanaşmaqdır. Tövhidi zədələyəcək məsələlərə yaxın durmamaq, “Allaha qurban olum, amma mələklər mənə nağıl kimi gəlir”, “Quranda filan ayə ağlıma yatmır”, “O necə peyğəmbərdir ki, azyaşlı qızla evləndi?”, “O dünyaya gedib-gələn var?” kimi sözlərə nə dildə ,nə qəlbdə yer verməmək və həyatı bu cür şübhələrin təhrik etdiyi tərzdə yaşamamaqdır.
“...və onda bölünüb firqə-firqə olmayın!” cümləsindən görürük ki, dində əsas olan məsələlər (Allaha (şəriksiz olaraq), mələklərə, kitablara, peyğəmbərlərə, Axirət gününə və qəza və qədərə iman) üzərində birləşməyib, əksinə xırdaçılıq etməklə füru məsələləri gündəm edənlər ümmətin parçalanmağına (ixtilaf bundan fərqlidir) səbəb olur. Və bu kəslər Allahın peyğəmbərlərə (Allahın onlara salamı olsun) möminlər tətbiq etsin deyə əmr etdiyi iki maddədən biri olan “...onda bölünüb firqə-firqə olmayın!” əmrinə tabe olmamış olurlar. Elmin az və ya çox olması gerçəyi dəyişmir.Müsəlmanlar hər şeydən öncə anlamalıdırlar ki, bir qövm ayədə keçən peyğəmbərlərə vəhy olunanları qəbul edirsə, ikinci addım onlarla qardaş olmaqdır. Əvvəlcə iman, sonra qardaşlıqdan daha vacib heç nə yoxdur. Bir bu ayədə deyilənləri düşünək, bir də onun şeyxini dinləmədiyi üçün müsəlman qardaşından salamı kəsən müsəlmanları. Bu vəziyyətdə ümmətin hələ islamı yaşamağa çalışan camaatlarının belə Quranın düsturundan necə uzaq düşdüklərinin şahidi oluruq.
“Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi”. Bu dəvətdə müşriklərə ağır gələn nə idi? Namaz qılmaq? Oruc tutmaq? Dəvətin ilkin- Məkkə dövründə namaz,oruc fərz deyildi. Həcc desəniz, müşriklər onsuz da həccə edirdilər. Həm də Kəbənin ətrafında yaşayırdılar. Məkkə müşrikləri yalnız bir şeyə - tövhidə dəvət olunurdular. Bəs tövhiddə onlara ağır gələn nə idi? İlk baxışdan tövhid dəvətini qəbul etmək insana asan gəlir. “Daşdan və taxtadan yonulan ilahları rədd edib, ibadətdə Allahı birləməkdən asan nə ola bilər!”- deyə düşünürsünüz, elə deyilmi? Amma məsələnin məğzi bu deyildi, diqqət etsək, bunun o qədər də asan olmadığını görürük. Tarix boyu tövhidi qəbul etməyən müşrik və kafirlər iki qrupa bölünüblər:
1. İdarə edənlər;
2. İdarə olunanlar.
İdarə edənlər öz idarəçilik sistemlərini şirk və küfr çirkabının üzərində inşa etdikləri üçün tövhid inancını qəbul etmək onların hakimiyyətinin əldən çıxmasına səbəb olacağını düşünürlər və peyğəmbərlərin dəvətini hər vəchlə rədd edir , özlərinə tabe olan şəxsləri isə, onların cahilliklərindən istifadə edərək, müxtəlif şaiyə və böhtanlar yaymaq yolu ilə peyğəmbərlərə qarşı təhrik edirdilər. Həmçinin, idarəçi zümrə idarə olunan zümrəyə, bugünün sözləri ilə desək, maaş verdiyinə görə idarə olunanların bir çoxu “çörək ağacını” itirməmək üçün tövhidi yaşamaqdan qorxurdular.
Beləliklə, idarəçilərin hidayət yolunu kəsən iki böyük əngəl mövcuddur:
1. Hakimiyyət, pul və vəzifə sevgisi;
2. Təkəbbür.
İdarə olunanların hidayətinə mane olan əngəllər isə;
1. Cəhalət;
2. Ruzi dərdi.
Müşriklərin peyğəmbərlərə qarşı “Dədə-babamızdan belə görmüşük”, “Əgər sən peyğəmbərsənsə, niyə bizim kimi yeyirsən, içirsən, evlənirsən, bazarlarda gəzirsən?”, “Varlılar dura-dura Allah niyə aramızdan kasıb olan birini özünə elçi seçdi?” və ya “Allah niyə elçi olaraq mələk göndərmədi?” kimi əsli olmayan bəhanələr gətirirdilər. Peyğəmbərlərdən (Allahın onlara salamı olsun) möcüzə göstərməyi tələb etmələri isə haqqı qəbul etmək üçün deyil,əksinə bununla tövhid dəvətini qəbul etməmək və cahil insanları bu dəvət barəsində şübhəyə salmaq üçün idi.
Fikir verin, müşriklər Allahı inkar etmirdilər. Onlar da Allahı qəbul edirdilər. Lakin Onun hakimiyyətini bir növ “məhdudlaşdırmışdılar”. Müşriklərdən olan idarəçi zümrə göyü Allaha (haşa) həvalə edib, yerdəki işləri idarə etmək üçün isə bütlər icad edib, onlar vasitəsi ilə insanları aldadır, batil ilahları oyuncaq edərək insanları idarə edirdilər. Bir növ Allaha iman edir, amma təşkilatlanmanı tağutlaşdırdıqları məfhumlar ətrafında həyata keçirdirdilər. Dövrümüzə baxsaq, görərik ki, özlərini tövhid əhli adlandıranlar belə Allaha iman edir, lakin təşkilatlanmanı, camaatlaşmağı, firqələşməyi elm tələbəsi, dəvətçi cildinə girənlər və ya dünyalıq mənfəətlər ətrafında qururlar. Bu insanları müşrik olmaqla qınadığımı keç kəs düşünməsin.Onlar da bizim müsəlman qardaşlarımızdır. Bunu deməkdə məqsədim tövhid anlayışındakı əksikliyi diqqətə çatdırmaqdır. Muhammədin (Salləllahu aleyhi və Səlləm) dəvətini qəbul etsək də, Əbu Cəhlə oxşarlığımız hələ də davam edir. Məsələ budur.
Ayənin son cümləsində Rəbbimiz xüsusilə Peyğəmbərimiz (Salləllahu aleyhi və Səlləm), ümumən isə dəvətçilər üçün çox mühüm bir məsələni qeyd edir: “Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər”. “Bunu dəvət eləməyin xeyri yoxdur. Onsuz da bu, adam olan deyil” -demə. Sən dəvətini et. Kimin hidayətə gələcəyini, kimin gəlməyəcəyini təyin edən sən deyilsən. Sən yalnız hüccət çatdıransan. Dəvət etdiklərinin arasından seçən isə Allahdır. Ümumiyyətlə, hidayət Allahın əlində olan bir şeydir. Allah isə onu layiq olanlara verir. Burada dəvət edilənin səmimiyyət dərəcəsi, qəlb halı, dəvətə qarşı münasibəti, xarakteri, fitri xüsusiyyətlərinin kənar təsirlərdən nə dərəcədə qorunmuş olması və s. öz rolunu oynayır. Ən doğrusunu bilən isə Rahman və Rahim olan Allahdır.