Skip to main content


Bəlkə bunu öz ailən üçün edəsən?!..

İlk öncə məlumdur ki, Qurana görə müsəlman qadınların naməhrəm kişilərə qarşı təbii və ya süni gözəlliklərini göstərmələri qadağandır: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). (Nur 31)

Belə olan halda qadınlar ipək paltarları və qızıl zinət əşyalarını, makiyajını, əlbəttə ki, ilk növbədə ərlərinə qarşı geyinib göstərməlidirlər. Lakin bu gün təssüflər olsun ki, qadınlar öz həyat yoldaşları üçün deyil, çölə çıxarkən bir növ başqaları görsün deyə bəzənirlər. Axşam yoldaşları evə gəldikdə isə onları normal gündəlik vəziyyətdə (heç bir xüsusi bəzənmək olmadan) qarşılayırlar. Bəzənmək qadına xüsusi gözəllik bəxş etdiyi üçün evdən kənarda kişi ancaq bu cür qadınlar görür, nəticədə təbii olaraq onlara qarşı daha çox meyillilik hissi oyanır. Lakin kişi evdə eyni vəziyyəti yaşamadığı üçün öz yoldaşına olan sevgisi və istəyi zaman keçdikcə azalır. Bu kimi hallar cəmiyyətdə bir çox fəsadlara səbəb olur, bəzən ailənin dağılmasına kimi gətirib çıxarır. 

Peyğəmbərimiz salləllahu əleyhi və səlləmdən rəvayət olunan hədislərdən birində buyrulur “Ərindən başqası üçün bəzənən qadın Qiyamət günü nuru olmayan bir qaranlıq kimi olacaq”. (Tirmizi 1167) Digər bir hədisdə isə belə buyrulur: “Hər hansı bir qadın ətirlənər və sonra  qoxusunu duysunlar deyə bir topluluğun yanına çıxsa, o qadın mənəvi olaraq zinakardır. Şübhəsiz (harama baxan) hər göz də zinakardır”. (Əbu Davud)

Bəlkə bunu öz ailən üçün edəsən?!..

Qadın çölə çıxdıqda bəzənməsə və yalnız öz yoldaşı üçün evdə bəzənsə, bu həm yoldaşının sevgisini qazanmağa kömək edər, həm də çöldəki naməhrəm şəxslərin baxışını öz üzərindən çəkmiş olar ki, bu da zinanın azalmasına səbəb olar. Nəticədə həm ailə, həm də cəmiyyət islah olmuş olar. Unutmayaq ki, bir şəxsin həyat yoldaşı üçün bəzənməsi və özünə qarşı sevgi və diqqəti artırması səbəbilə ailə bağlarının güclənməsi, Allah`ın razı olacağı bir hal olduğu üçün Allah təala tərəfindən mükafatlandırılacaq bir əməldir. Br hədisdə deyilir: “Ər-arvad bir-birlərinə məhəbbətlə baxdıqda, Allah təala onlara Rəhmət nəzərilə baxar və əllərini əllərinə aldıqlarında (bir-birinin əlindən tutduqda), günahları barmaqları arasından tökülər”. (Rəfi)

Bu məqalədə qadının daha çox qabardırlması təbiət etibarilə onların bəzənməyə, gözəl görünməyə daha çox meyilli olduqları üçündür. Lakin kişinin də öz həyat yoldaşı üçün bəzənməsi, təmiz olması xüsusi önəm daşıyır. Belə olduqda qadın da öz yoldaşına olan məhəbbətini artırar və onun istəklərini yerinə yetirməyə daha çox həvəsli olar. Bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm kişilərə də bəzənməyi, təmizliyi tövsiyə etmiş və belə buyurmuşdur: “Paltarınızı yuyun. Saçlarınızı düzədin. Dişlərinizi misvaklayın. Tərtəmiz olmağa və gözəlləşməyə çalışın. Çünki İsrailoğulları belə etmədiyi  üçün qadınları zinaya düşdülər”. (Cəmiu`s-Sağir 1/48). Məşhur sahabələrdən İbni Abbas radiyallahu anhu belə demişdir: “Arvadım mənim üçün bəzəndiyi kimi, mən də onun üçün bəzənirəm”.

Bütün bunlardan anlaşılır ki, ilk öncə qadın, sonra kişi nə qədər çox öz həyat yoldaşını razı salmağa, illər  keçsə də yenə də onun üçün bəzənib gözəl görünməyə çalışsa, bu onlar arasında sevginin və qarşılıqlı hörmətin güclənməsinə səbəb olar.  Sevginin artması isə ailənin daha sağlam təməllər üzərinə inşa olmasını gətirib çıxarar. Hər bir ailədə qarşılıqlı sevgi bağlarının olması ümidi ilə!