Skip to main content


Şübhə 4: İslamda boşanma çox asandır

1. Əslində islamda boşanmaq elə də asan deyil. Hətta boşanma prosesi başlamadan öncə belə yerinə yetirilməli olan şərtlər mövcuddur. Birincisi, qadın heyzli (aybaşı) ikən boşanma elan edilə bilməz. Heyz müddəti başlamadan öncə qadınlar psixoloji gərginlikdən əziyyət çəkir və əsəbi olurlar. Orqanizmlərindəki bioloji dəyişikənliklər psixoloji dəyişkənliklərə də səbəb olur ki, buna “premenstrual sindrom” deyilir. Ərin boşanma qərarının premenstrual sindromdan qaynaqlanan davranış dəyişikliyinin məhsulu olmadığından əmin olmaq üçün heyz dövrü ərzində boşanmağı qərara almaq qəti qadağandır. İkincisi, əgər iki menstruasiya arasında cütlük yaxınlıq edibsə, boşanma elan edilə bilməz. Bunun səbəbi sadədir: əgər kişinin həyat yoldaşı ilə yaxınlıq edə biləcək qədər ona qarşı intim hissləri varsa, boşanmaya varacaq qədər irəli getmədən öncə qərarını daha dərindən incələməlidir. O, boşanmanı elan etmədən öncə qadının növbəti menstruasiya dövrü bitənə qədər (onunla yaxınlıq etmədən) gözləməlidir.

2. Əgər kişi nə dediyini bilməyəcək dərəcədə qəzəbli olan zaman boşanma sözünü dilinə gətiribsə, bu söz etibarsız sayılır.

3. Boşanma elan edildikdən sonra qadın üç heyz dövrü keçmədən (təxminən 3 ay ərzində) bu qərar qüvvəyə minmir. Birinci heyz dövrü qadının hamilə olub-olmadığına əmin olmaq üçün gözlənilir. Digər iki dövr isə cütlüyün fikirlərini dəyişib barışmaları ehtimalı nəzərə alınaraq gözlənilir. Bu vaxt (üç heyz dövrü) ərzində qadın ərinin evini tərk etməməlidir. Halbuki, günümüzdə biz müsəlmanlar arasında bunun tamamilə əksini müşahidə edirik. Sözügedən gözləmə (“iddə”) müddəti bitənə qədər kişi həyat yoldaşını normal vaxtlarda olduğu kimi maddi yöndən mənəvi əziyyət vermədən təmin etməyə borcludur.

4. Boşanma elan edilərkən qadın hamilə olarsa, “iddə” (gözləmə) müddəti uşaq dünyaya gələnə qədər uzadılır. Bu prinsip uşağın gələcəyini düşünən valideynlərin barışması üçün onlara maksimum imkan yaradır.

5. Boşanma məsələsində yuxarıda qeyd olunan incə nüansları heç bir sekulyar sistemdə islamdakı kimi həssaslıqla nəzərə alındığını görməzsiniz. Bu durumda bir talaqla arvad boşayan müsəlmanları gördükdə islamı yox, lütfən, həmin şəxsin özünü tənqid edək.

6. Boşanma Allahın icazə verdikləri arasında ən çox sevmədiyi əməldir. İslamda evlilik nə sekulyar Qərbdəki kimi heç bir mənəvi əhəmiyyət daşımayan kağız üzərində qeyd olunmuş bir müqavilə, nə də katoliklərdəki kimi pozulmayacaq qədər “müqəddəs”dir. Uğursuz bir evliliyə boşanmaqdan başqa çarə qalmırsa, nə qədər acınacaqlı olsa da, boşanma gerçəkləşmək məcburiyyətindədir. İslamda katoliklərdə olduğu kimi evli cütlükləri ömür boyu mənəvi əziyyətlə yaşamağa məcbur etmək yolverilməz olduğu kimi, mənəvi bağlılıqdan yoxsun, quru müqavilədən asılı olan evliliklər də ailə anlayışından çox uzaq olduğu üçün yolverilməzdir.