Skip to main content


Şübhə 6: İslam yalnız kişiyə boşanmaq haqqı verir

Qısaca desək, İslami nöqteyi-nəzərdən qadının boşanmaq hüququ kişininkinə nisbətən məhduddur, lakin əsla onun hüququ yoxdur deyə bilmərik. Bu hökmün arxasında dayanan hikməti anlasaq, İslamın sosial ədaləti çox yüksək səviyyədə mühafizə etdiyini də görmüş olarıq. Gəlin bu məsələyə 4 bənddə aydınlıq gətirək:

1. Ailə başçısı olduğu üçün boşamaq hüququ (talaq) əsasən kişiyə məxsusdur. Bu hüquq istisnasız olaraq qadınlara da tanınsa, onların heyzli olmaları (bu müddət ərzində onlar həssas olurlar) və emosional təbiətləri cəmiyyətdə boşanma hallarını əhəmiyyətli dərəcədə artırar.

2. Əgər qadın ərinin ona qarşı rəftarını dözülməz hesab etsə və boşanmaqdan başqa çıxış yolu görməsə, məhkəməyə müraciət edə bilər. Əgər hakim (qazı) məsələni araşdırdıqdan sonra həqiqətən boşanmadan başqa çıxış yolunun olmadığına əmin olsa, cəmi bir heyz (menstruasiya) müddəti gözləmək şərtilə boşanma qərarını verə bilər.

3. Bununla belə, əgər ər nikah müqaviləsində arvadının boşanma hüququna sahib olması şərtini qəbul edərsə, həmin qadın boşanmaq haqqına tam sahib olmuş sayılar.

4. Qadınlara yuxarıda qeyd edilən hüquqların tanınmasının onların əşya kimi alınıb- satıldığı, qız uşağının utanc kimi qəbul olunduğu və diri-diri torpağa basdırıldığı dövrə təsadüf etdiyini nəzərə alsaq, İslamın qadınların dəyərini necə ucaltdığının, onları necə qoruduğunun və onların necə qayğısına qaldığının bir daha şahidi olmuş olarıq.