Skip to main content


Şübhə 5: Miras məsələsində ikili standart

1. İslamın miras bölgüsündə ailənin qadın üzvləri üçün ayırdığı pay məsələsinə toxunmadan əvvəl, gəlin Qərbin miras hüququ haqqında qanununa nəzər salaq. Qadınlara miras və mülkiyyət hüququ 20-ci əsrin əvvəllərində verildi. Halbuki, İslam bu hüququ qadınlara ta 1400 il əvvəl vermişdi. Həmçinin, müasir Qərbdə istənilən vətəndaş rəsmi şəkildə vəsiyyətnamə yazıb, arvadına, uşaqlarına və qohum-əqrəbasına bir qəpik də vermədən bütün var-dövlətini itinə və ya pişiyinə miras qoya bilər. Bu məsələ ilə bağlı İslamafob həmyerlilərimizdən niyəsə səs çıxmır. Bu məqamda qadın hüquqlarını müdafiə edən qeyrət mexanizmi öz funksionallığını itirir. Mövzu İslam olanda isə bu cür insanların şir-pələngə dönmələri onların nə dərəcədə qeyri-səmimi olduqlarından xəbər verir. İslami sistemdə isə qadınların, uşaqların və qohumların vərəsəlik hüququ tam şəkildə qorunur. Hər bir ailə üzvünə düşəcək miras payı Quranda açıq-aydın qeyd olunur. Heç kim nə şəriətə zidd olan vəsiyyətnamə yaza, nə kiminsə vərəsəlik hüququnu əlindən ala, nə də vərəsəlik hüququnda dəyişiklik edə bilər. Ölən kəs var-dövlətinin yalnız 1/3-ni qanunla varis hesab edilməyən kimsəyə vermək üçün vəsiyyətnamə yaza bilər. Lakin malının 1/3-ni belə heyvanlara miras qoymağa cəhd etsə, dövlət varislərin hüquqlarını qorumaq məqsədiilə məsələyə müdaxilə edərək bu vəsiyyətnaməni ləğv edər. Belə ki, bu cür hal və hərəkət şəxsin ruhi xəstəliyindən və ya psixoloji problemlərinin olmasından xəbər verir.

2. İslami cəmiyyətdə kişilər qadınların hamisidirlər. Yəni ailənin qadın üzvlərini maddi  yöndən təmin etmək kişinin üzərinə düşən vəzifədir. Bu da o deməkdir ki, ailənin qadın üzvləri miras əldə etsələr belə ailənin kişi üzvünün himayəsindən çıxmış olmurlar və həmin qadınların maddi təminatı yenə də kişinin üzərində olur. Məhz buna görə də şəriət mirasdan oğula qızdan iki qat çox pay verir.

3. Lakin buna baxmayaraq, miras bölgüsündə 1/3 prinsipi həmişə tətbiq olunmur. Kişinin qadından iki qat artıq miras payı almasının səbəbini öyrəndikdən və yuxarıdakı məlumatı insaf süzgəcimizdən keçirdikdən sonra bu məsələdə təfsilatlı məlumat əldə etmək üçün Nisə surəsinin 11-ci ayəsini oxumağınız kifayət edəcəyini ümid edirəm: “Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”
Şübhəsizki, Rəbb olan Allah ən böyük ədalət sahibidir!