Skip to main content


Qadın ərinin ailə adını (soyadını) götürə bilərmi?


Qadının ata soyadını tərk edərək ərinin və ya onun ailəsinin soyadını götürməsi caiz deyil. Bu kafirlərin adətlərindən biridir. Uca Allah buyurur: “Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır...” (Əhzab 5)

“Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi...” (Təhrim 12)

Peyğəmbər salləllahu əleyhi və səlləmin dərəcəsinin böyüklüyünə baxmayaraq, Onun xanımları həm Allah qatında, həm də müsəlmanlar nəzdində Peyğəmbərin nəslinə (soyuna) nisbət edilməmişdir. Onlara belə deyilirdi: Aişə bint Əbi Bəkr, Hafsa bint Ömər, Zeynəb bint Cəhş və s.

Əgər qadının adı öz ərinə nisbət (mənsub) edilərsə, bu nəsli (soyla bağlı) nisbət deyil, ailəvi nisbət olmalıdır. Aşağıda keçən ayədə olduğu kimi: “Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər...” (Təhrim 10)

Belə deyilə bilər: Filanın arvadı, Filanın xanımı. Nəsəblə (soyla) əlaqədar olan sənədlərdə isə ancaq belə deyilər: Filan qızı filan.

Sual: Ərim Amerika vətəndaşıdır. Amerika qanunlarına görə qadın ərinin ailə adını götürməlidir. Sualım budur ki, ərimin soyadını götürsəm, mənə və ya ərimə günah varmı? Bu məsələdə şəri hökm necədir? 

Cavab: Əgər dövlət bu şeyə sizi vadar edir və bundan yayınmaq qeyri-mümkündürsə, ümid edirik ki, sizə günah olmaz. Uca Allah belə buyurur: “...Halbuki məcbiriyyət qarşısında qaldığınız şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir...” (Ənam 119)

Ancaq bu kağız üzərində qalmalı, danışıq zamanı istifadə edilməməlidir. Uca Allah belə buyurur: “Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...” (Əhzab 5)