İslamda qardaşlıq 3 - Unutduğumuz ən önəmli dəyər!
Biz bəzən unuduruq ki, İslam toplum dinidir və yalnız cəmiyyət arasındakı münasibətlərlə bərqərar olar. Müsəlmanın ən əsas vəzifələrindən biri daim qardaşına sahib çıxmaq, nə olursa olsun onun yanında olarkən maddi və mənəvi dəstək olmaq, qiyabında isə namusunu, şərəfini qorumaqdır.
Allah Rəsulu salləllahu əleyhi və səlləm və əshabının həyatından öyrənmişik ki, qardaşlıq İslamı ayaqda tutan və dünyaya yayan ən vacib dəyərdir. Bu dəyəri qazanmaq çox çətin itirmək isə asandır – nəfsə uymaq kifayət edir. Halbuki unutmuşuq ki, bu dəyər bizə dinimizi yaşamağı, halal və haramlara riayət etməyi asanlaşdırır, Rəbb`imizin rızasına çatmağa səbəb olur. Bu dərsimizdə Allah`ın izni ilə Quran, hədis, sahabə və alimlərin gözündə qardaşlığa necə dəyər verildiyinə toxunacağıq.
Allah Təala buyurur:
“Rəbb`indən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər.” (Zümər 73) İbn Qayyim bu ayənin açıqlamasında belə deyir: “Allah insanların Cənnətə tək-tək girmələrini istəməmişdir. Bütün dostlar Cənnətə bərabər girəcəklər”.
Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona Xəyanət etməz. Yalan deməz və onu sahibsiz buraxmaz. Müsəlmanın hər şeyi; namusu, malı, qanı müsəlmana haramdır. Təqva bax buradadır (qəlbdədir). İnsana müsəlman qardaşını təhqir etməsi pis əməl olaraq kifayət edər. (Buxari, Müslim)
Yenə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Müsəlman, xəstə qardaşını ziyarət etdiyi zaman (oradan) dönənə qədər cənnət bağçalarındadır”. (Müslim/Birr: 41; Tirmizi/ Cənaiz: 2)
Əli ibn Əbu Talib radıyallahu anhu demişdir: “Təqva sahibi və dindar qardaşınla yoldaş ol ki, güvəndə olasan. Ondan doğru yola bələdçilik istə ki, qənimətə çatasan. Qardaşlarla gözəl yoldaşlıq etmək imanın şərtlərindəndir”.
Ömər ibn əl-Xattab radıyallahu anhu demişdir: “İslamdan sonra qula saleh qardaşdan daha xeyirli bir nemət verilməmişdir”.
İmam Şafi demişdir: “Əgər sənin itaətdə sənə yardımçı olan bir qardaşın varsa ondan bərk yapış. Çünki dostu tapmaq çətin, ondan ayrılmaq isə çox asandır”.
Həsən əl-Bəsri rahiməhullah demişdir: “Qardaşlarımız bizə əhlimizdən də övladlarımızdan da daha sevimlidir. Çünki əhlimiz bizi dünyada anar, Qardaşlarımız isə bizi axirətdə axtararlar”. (İhya Ulumu`d-Din: 2/437)
Hikmətli Loğman öz oğluna demişdir: “Ey oğlum! Allah`a imandan sonra qazanacağın ən birinci şey sadiq qardaş olsun. Çünki onun misalı ağac misalı kimidir. Əgər kölgəsində otursan səni kölgələndirər, əgər ondan nə isə dərsən səni doyurar və əgər sənə heç bir fayda verməsə belə heç zərəri də toxunmayacaq”.
Günlərin bir günü İmam Əhməd xəstələnir və yatağa düşür. Bu vaxt dostu İmam Şafi onu ziyarət etməyə gəlir. İmam Əhmədin üzərində şiddətli xəstəlik əlamətlərini gördükdə onu hüzn bürüyür və o da xəstələnir. Bundan xəbər tutan İmam Əhməd özünü toplayıb İmam Şafinin evinə onun ziyarətinə gedir. İmam Əhmədi görən İmam Şafi deyir: “Dostum xəstələndi, onun xəstəliyindən kədərləndiyim üçün mən də xəstələndim və (bu səbəblə) dostum sağaldı və məni ziyarət etdi. Mən də onu (sağalmış) görən kimi sağaldım”.
“Ən çox sevdiyim, mənə ayıb və qüsurlarımı xəbər verəndir” (İmam Süyuti, Tarixu`l-Xuləfə: 130) Əbu Hüreyrə radıyallahu anhudan nəql edildiyinə görə, belə demişdir: “Mömin qardaşının güzgüsüdür. Onda bir eyib gördüyü zaman onu düzəldir”. (Ədəbu`l-Mufrad)
Digər bir hədisdə isə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Mömin, qardaşının güzgüsüdür və mömin möminin qardaşıdır, onun zərər və ziyana düşməsini, başına gələnləri önləyər, arxasınca da onu qoruyar və ehtiyaclarını qarşılayar”. (Əbu Davud, Ədəbu`l-Mufrad)
Ən son olaraq Allah Rəsulu salləllahu əleyhi və səlləmin İslam qardaşlığına verdiyi dəyərin dərəcəsini bu hədisdə görə bilərik: “Birinizin din qardaşının bir ehtiyacını qarşılamaq üçün çalışması bu məscidimdə bir ay etikafda qalmaqdan daha xeyirlidir”. (Təbərani, Munziri)
Allah`dan diləyirik ki, bizi bir-birimizin əlindən tutaraq Cənnətə girən dostlardan etsin! Əziz qardaşlar bir-birimizin qədrini bilək, bir-birimizi Allah üçün sevək, bir-birimizə hər halımızda dəstək olaq.!! Ümid edək ki, nə qədər gec deyil düşünüb yenidən bu nemətin arxasınca qaçmağa çalışacağıq. Allah bizi müvəffəq etsin. Amin