Skip to main content


İslama necə dəvət etməli – 7-ci mərhələ

Belə ki, dəvətçi gözəl bir şəkildə iman etmiş şəxsə digər bacı və qardaşlarını da unutmaması, onlara imkan daxilində dualar etməsi, maddi və mənəvi dəstək verməsinin İslamın vacib etdiyi şeylərdən olduğunu izah etməlidir.

Dinimiz bizim sadəcə fərdi müsəlman olmağımızı istəyib bununla kifayətlənmir. Yəni “fərdi ibadətimizi edək, gözəl əxlaqlı olaq, heç kimin işinə qarışmayaq” anlayışı  İslami anlayış deyil. Bu fərdi yaşayış anlayışı Qərb dəyərlərinin İslama yeridilməsi nəticəsində ortaya çıxan bir anlayışdır.

 İslam bizə həyatımızı şəkilləndirərkən dinin, öncə ailə daha sonra isə yaxın ətrafa yayılması üçün əlimizdən gələni əsirgəməməmizi öyrədir. Müsəlman digər müsəlman bacı-qardaşlarından qopmuş şəkildə, bir kənara çəkilməklə kamil imana qovuşa bilməz. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Müsəlmanların dərdi ilə dərdlənməyən onlardan deyildir”.  

Digər hədisdə isə deyilir: “Mömin möminin qardaşıdır, onun zərər və ziyana düşməsini, başına gələnlərin qarşısını almağa çalışar, arxasınca da onu qoruyar və ehtiyaclarını qarşılayar”. (Əbu Davud, Ədəbu`l-Mufrad).

Dəvətçi qarşı tərəfə Allah`a yaxınlaşdıracaq namaz, oruc və s. kimi yolları göstərərkən, ona bu yolların ən çətini lakin savabının ən çox olanını da göstərməilidir. Bu yol- “Müsəlmanlara əlindən gəldiyi qədər dəstək olmaq” yoludur.

Bu yolun Allah təala qatında necə üstün olduğunu göstərmək üçün Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu hədisinə baxaq: 

"Sizdən birinin din qardaşının bir ehtiyacını qarşılamaq üçün çalışması bu məscidimdə bir ay etikafda (bütün günü məsciddə  qalıb zikr etmək)  qalmaqdan daha xeyirlidir”. (Təbərani, Munziri)

Əgər məsciddə etikafda qalmaq İslamda ən üstün əməllərdən hesab olunursa, bir qardaşın ehtiyacını qarşılamağın nə qədər üstün olduğunu artıq siz təsəvvür edin.

Dinimiz toplum dinidir. Həyat nizamıdır və cəmiyyət nizamıdır. Dəvətçinin qarşı tərəfə İslamı bu şəkildə izah etməsi həmin şəxsdə digər müsəlmanlara, cəmiyyətinə qarşı məsuliyyət anlayışını formalaşdıracaqdır. Bu məsulliyyət hissi isə onu Allah`ın əmrini icra etməyə yönəldəcəkdir.