Skip to main content


İslama necə dəvət etməli? – 2-ci mərhələ

Halbuki dəvət olunan şəxsdə təqva, qəlb əməlləri, cəmiyyətə dəstək, qarşılıqlı etimad, fədakarlıq anlayışı mərhələrlə formalaşmadıqda o adamın islama girməsi özündən başqa heç kimə fayda verməyəcək. Çünki bu gün cəmiyyətdə kapitalizmin təzahürü olaraq fərdi həyat, fərdi ibadət, başqalarının işinə qarışmama və ya başqasının onun işinə qarışmasını xoşlamamaq kimi anlayışlar geniş yayılıb. Təsssüflər olsun ki, bu gün müsəlmanlarda  da bu kimi cəhətləri görə bilirik. Səbəb isə İslam-Müsəlman anlayışlarının onların üzərində düzgün inşa olunmamasıdır.

Bəs dəvəti necə etməliyik? İlk öncə nədən başlamalıyıq? Dəvət əsnasında nələrə daha çox önəm verməliyik? Bütün bunlara cavab vermək üçün, yəni bir kəsi dəvət edərkən parlaq bir müsəlman yetişdirmək üçün hansı mərhələləri nə cür üsulla tətbiq edəcəyimizə baxaq.

Bir şəxsi İslama dəvət edərkən tətbiq edəcəyimiz ilk mərhələ düzgün şəxsi müəyyən etməkdir. Bu zaman hər şeydən öncə İslam və cəmiyyət üçün daha çox fayda verəcək kəsləri müəyyənkəşdirmək və bu məsələdə qarşı tərəfin xarakterinə xüsusilə yaxından bələd olmaq lazımdır.  Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin həyat metodu ilk mərhələni anlamaq üçün bizə açıq bir yol göstərir. O, Müddəssir surəsinin nazil olmasından sonra insanları İslama dəvət etməyə başladı (İbn Səd 1/199; Bəlazuri 2/116; Təbəri  2/318,322). Onun həyatına baxsaq dəvəti ilk öncə ailəsindən, qohumlarından, daha sonra yaxın ətrafından başlamışdır. Lakin Peyğəmbərimiz ümumi dəvət etsə də onun həyatında İslam davasını ayaqda tutacaq şəxsləri yetişdirmək üçün fərdi dəvətin xüsusi önəmi vardır. Bəs Peyğəmbər salləllahu əleyhi və səlləm bu fərdləri necə seçirdi?

Dəvətin ilk illərində Ərqamın evində İslamı ilk qəbul edən sahabələrə baxsaq, onlar heç də sıravi şəxslər deyildilər. Dəvətin güclənməsi, xüsusilə onun açıq şəkil aldığı zaman düşmənlərin ağır təzyiq və işgəncələri qarşısına tab gətirəcək, İslam davasını öz mətanətiylə qoruyacaq, daha çox insanın hidayətinə səbəb olacaq şəxslər ortaya çıxarır və məhz dəvəti onların üzərinə yoğunlaşdırırdı. Gəlin Allah Rəsulu salləllahu əleyhi və səlləmin dəvət edəcəyi şəxsləri necə müəyyən etdiyini öyrənək:

1. Məsuliyətli və əziyyətə qatlanmağa həvəsli olanlar.

Allah Rəsulu salləllahu əleyhi və səlləm o gün üçün yük olacaqları deyil, yük alacaq insanları seçirdi. Dəvətin ilk illərində artıq bir çox ağır məsuliyyətlər var idi.  Bir də problemli şəxslərin yüklərini daşımaq kimi, insan potensialını aşacaq bir vəziyyətin yaranmasına imkan verilmirdi. Belələrini o gün üçün dəvətin ikinci mərhələsinə buraxır, belinə yük ala biləcəklərə öncəlik verirdi. Məhz Bilal radiyallahu anhu İslamı qəbul etdikdə qul olduğu halda, bütün işgəncələrə baxmayaraq “Allah təkdir” mənasını verən “Əhədun, Əhəd” deməkdə davam edirdi (İbn Hişam, Sira, 1/340; İbn Sad, Tabaqat 3/232). Atəş üzərinə yatırılan və yalnız bədənindən əriyib axan piyin atəşi söndürdüyü Habbab ibn Ərət bir az da olsa dinindən güzəştə getmədi. Əksinə Allah Rəsulu salləllahu əleyhi və səlləmin ona verdiyi tapşırığa əsasən yenicə İslama girənlərə Quran öyrətməyə davam edirdi (“Müsnəd” 5/108, 6/395). Onların bu dözümlülüyü Məkkə əhalisini təsirləndirməyə bilməzdi. İnsanlar bu kimi halları gördükcə bu dinin nə qədər üstün olduğunu anlamağa başlıyır, bir kölənin bu qədər dirəniş gücünün mənbəyinin yalnız güclü bir inanc olduğunu görürdülər.

2. Başqalarına təsir etmə qabiliyyəti olanlar.

Allah Rəsulu salləllahu əleyhi və səlləm toplum içərisində təsiri olan insanları seçir, onların üzərində dəvəti yoğunlaşdırırdı. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm əsas kadrların inşasında o gün belə sosyal çevrədə aktiv şəxslərin üzərində hesablar aparırdı. Varlı ailəyə məxsus Musab ibn Ümeyrin böyük bir Mədinə əhalisini İslama dəvət etməsi onun təsir etmə qabiliyyətinə, zəkasına görə o dövrün insanlarından öndə getdiyini göstərir. Həmçinin, Allah Rəsulu  salləllahu əleyhi və səlləm  cahiliyyə illərində toplum içərisində bəlli mövqeyi olanlara öncəlik verir, bu şəxslərin insanlar üzərində daha təsirli olacağını diqqətə alırdı. Məsələn Ovs qəbiləsinin ən öndə gedənlərindən olan Sad ibn Muaz İslamı qəbul etməklə Abdüləşhəl oğullarının, daha sonra Ovs qəbiləsinin demək olar hamısının İslama girmələrinə səbəb olmuşdu (Buxari, “Tərixu’l-kəbir” IV/49, İbn Hacər, əl-İşabə (Bicavi) III/55-56, İbnu’l-Əsir “Usudu’l-ğabə” (Bənna), II/346-347).Bundan başqa, Rəsulullah  salləllahu əleyhi və səlləm o gün üçün qul olanlar içərisindən seçdiklərində belə bu xüsusiyyətləri müşahidə edir, hər qulu deyil, yuxarıdakı özəlliklərə sahib olanları seçirdi.

3. Gənclər.

Allah Rəsulu salləllahu əleyhi və səlləm  yaş mövzusuna da ciddi bir məhdudiyyət gətirmir, amma dəvəti xüsusilə gənclərə daha çox yönəldirdi. İlk dəvət olunan 45 nəfərin ümumi orta yaş həddi 25 yaşdır. Yaşı 35-dən yuxarı olarkən İslamı qəbul edənlərin çox az, yəni Allah Rəsulunun həyat yoldaşı Xədicə (55), Haşimilərdən Ubeydə (50) və Teym oğullarından Əbu Bəkr (38) olduğunu görürük. (A.Kurt “Demografik Değişkenler Açısından ilk Müslümanlar” 18/2, 2009 s. 27-41). Səbəb odur ki, gənclər yaşlı nəsil kimi uzun cahiliyyə keçmişə sahib deyillər, çirkin günahlara hələ bir o qədər də bulaşmayıblar, onların qəlbi küfr üzərində daşlaşmamışdır, ona görə də daha asan şəkildə dəvətə icabət edirlər. Digər tərəfdən gənclər enerjili, həyat dolu ruha sahib olduğundan İslamda yaşlı nəsilə nisbətən daha dinamik rol oynayır, zülmə qarşı daha dayanıqlı davranış sərgiləyirlər. Əbəs deyil ki, Allah Rəsulu sallləllahu əleyhi və səlləm gənclər haqda belə buyurmuşdur: “Mənə gəncliyin yardımı lütf edildi” (Buxari “Mutabiu`ş-Şuub V/ 2.).

4. Dünyaya bağlılığı az olanlar.

İqtisadi vəziyyətə gəldikdə görürük ki, müsəlman olan ilk 45 nəfərdən 34-ü varlı, 11-i isə kasıbdır. Bu onu göstərir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm ayaqları yerə sağlam basan insanları tərcih edərək, maddi problemləri qismən həll etmiş insanlara daha çox önəm vermişdir. Buna görə də ilk İslamı qəbul edən müsəlmanlar arasında yoxsul və kölələr azlıq təşkil edirdi, onların böyük əksəriyyəti orta təbəqənin, bəziləri isə varlı ailələrin nüməyəndələri idi. Misal üçün Sad ibn Əbu Vaqqas, Musab ibn Ümeyr, Əbu Ubeydə ibn Cərrah, Xalid ibn Səid, Abdurrahman ibn Afv, Əbubəkr Siddiq, Osman ibn Affan və s. kimi sahabələr ticarətlə məşğul olur və ya varlı ailə nüməyəndləri idilər (A.Kurt “Demografik Değişkenler Açısından ilk Müslümanlar” 18/2). Lakin bu maddi durumu aşağı olanlara qarşı ayrı-seçkilik kimi anlaşılmamalıdır. Burada əsas məqsəd dəvət olunan şəxsin fiziki ve zehni olaraq dünyəvi deyil (dolanışıq və digər ehtiyaclar üçün maddi qazanc arxasınca qaçmaq) daha çox uxrəvi (islama dəvət, ibadət və itaət)  işlərə həsr edə biləcək durumda olması nəzərdə tutulmuşdur. (Daha doğrusunu Allah bilir). İslam tarixində maddi durumu aşağı lakin bir çox varlı müsəlmanlardan daha çox fədakarlıq edənlər də kifayər qədərdir.

5. Üstün xarakterə sahib olanlar

Əbu Bəkr radiyallahu anhu tez-tez “Ey Allah`ın Rəsulu! Filan qəbiləyə mənsub tələbəmiz yoxdur, onlardan birini qazanmağımız lazımdır, çünkü o qəbilənin bu cür, bu cür xüsusiyyəti var” deyir ve xəbərdar edirdi. Buradan aydın olur ki, dəvət edəcəyin insanın xarakteri çox önəmlidir. Məsələn, İslamdan əvvəl comərd, xeyirxah işlər görən, mərd, sadiq, sirr saxlayan və anlayış sahibi olanlar İslamdan sonra cəmiyyətə daha da faydalı olurlar. Əgər dəvət olunacaq insanda bu kimi sifətlər yoxdursa, əksinə dedi-qodu yaradan, əmanətə xəyanət edən, başqalarına böhtan atan və s. kimi xarakterlərə sahib biridirsə, ilk öncə belə kəslərin mənfi xüsusiyyətlərini “müalicə etməli” daha sonra onları imana, ixlasa dəvət etməliyik. Əks halda həmin şəxslər mənfi cəhətləriylə İslama girir və cəmiyyətdə çox böyük fəsadlar törədir.

(davamı növbəti mərhələdə...)  İslama necə dəvət etməli? – 3-cü mərhələ

öncəki mərhələ üçün baxın- İslama necə dəvət etməli − 1-ci mərhələ (hazırlıq)