Skip to main content


Sevgi, qorxu və ümid - Müəllif yazısı

Yazımı bu ayə ilə başlamağımda məqsəd ibadətin necə əzəmətli olduğunu oxucuların diqqətinə çatdırmaqdır. Odur ki, qayəsi insanları oda atdırmaq olan İblis, əlbəttə, boş durmayacaq və oddan qurtuluş səbəbimiz olan ibadətimizə müdaxilə etməkdən çəkinməyəcək. Şeytan müxtəlif şübhələrlə və fəlsəfi yanaşmalarla möminin etiqadını zədələyərsə, o möminin ibadəti də artıq ona fayda verməz. Məsələn, son zamanlar “Allah`dan qorxmağa ehtiyac yoxdur, Onu sevmək kifayət edər” deyənlərin iddiası şeytan vəsvəsəsindən başqa bir şey deyil. Halbuki, bu yazını yazmadan əvvəl Quranda Allah`dan qorxmağı əmr edən ayələri saymağa çalışdım. 80 bu cür ayə sayandan sonra yoruldum və davam etmədim. Bu cür şübhələrlə qəsdli şəkildə avam müsəlmanların beyinlərini bulandıranları Allah`a həvalə edir və bu şübhələrə bulaşanlara Allah`dan hidayət diləyirəm.

İslamın ibadət anlayışındakı gözəllik və özünəməxsusluq onun özündə eyni anda Allah`a qarşı həm sevgi, həm ümid, həm də qorxunu ehtiva etməsidir. Bu üç cəhəti ibadətdə cəm edə bilmək hər bir müsəlman üçün vacibdir. Belə ki, təhrif olunmuş dinlər (yəhudilik və xristianlıq) və özlərini İslama nisbət edən bəzi firqələr məhz bu məqama diqqət etmədiklərinə görə doğru yoldan sapmışdırlar. Kitab əhlinin məhz bu səbəbdən azdıqları açıq-aşkardır. Məsələn, xristianlar “Tanrı sevgidir! İsa sevgidir!” deyirlər, lakin tanrıdan həmçinin qorxmağın da lazım olduğunu göz ardı edirlər. Nəticədə isə insanların istədikləri kimi yaşayıb, bazar günü isə günahlarını kilsəyə tökməklə məsuliyyətdən azad olduqlarını təlqin edən içi boş bir din anlayışı ortaya çıxmış olur. Yəhudilərə gəldikdə isə, onların qəlbi yalnız ümidlə doludur. Onlar ümid edirlər ki, seçilmiş xalq olduqları üçün Cəhənnəm odu onlara heç vaxt toxunmayacaq.

İslamda isə hər üç keyfiyyət bir yerə cəm edilmədikcə ibadət tam sayılmaz:

1. Allah`a sevgi;

2. Onun rəhmətinə ümid;

3. Onun cəzasından qorxu.

Bunu anlamaq üçün hamımızın namazlarda gündə 40 dəfə oxuduğu Fatihə surəsinə diqqət etmək kifayətdir.

Surənin ikinci ayəsi: “Həmd olsun aləmlərin Rəbbi olan Allah`a”.

Quranın elə ilk surəsinin ikinci ayəsindəcə Allah`a sevgini görmüş oluruq. Hər dəfə bu ayəni oxuyarkən Allah`a olan sevgimizə şəhadət gətiririk. Belə ki, yuxarıdakı ayədə biz Allah`ın bizim Rəbbimiz və bütün aləmlərin Rəbbi olduğunu təqdir edirik. Rəbb o deməkdir ki, Allah hər şeyin yaradıcısıdır. O, hər şeyi himayə edir və qoruyur. O dirildir və öldürür. Bizdə olan bütün yaxşılıqlar Onun sayəsindədir. Hər şey Ondan asılıdır və Onun istəyi olmadan heç bir şey baş verə bilməz. Həmçinin, biz müsəlmanlar üçün Rəbb bizi Haqqa yönəldən və bizə ədəb və əxlaq anlayışlarını bəxş edəndir.

Ona görə də Allah`ın bizim Rəbbimiz olduğuna şahidlik edərkən Onun bizə verdiyi bu qədər neməti (o qədər ki, Onun nemətlərini saymağa cəhd etsək, sayıb bitirə bilmərik) təqdir etmiş oluruq. Elə isə biz Onu necə sevməyə bilərik?

Hələ insanlar arasında bizə qarşı mehriban olan və bizə hədiyyə verən insanları sevməyə bilmirik. Məhz buna görə Allah`ın elçisi salləllahu əleyhi və səlləm müsəlmanları öz aralarında hədiyyələşməyə təşviq etmişdir. Çünki bu cür etmək müsəlmanlar arasında sevgi bağını gücləndirir və onların qəlbində bir-birlərinə qarşı sevgini artırır. O salləllahu əleyhi və səlləm demişdir:

“Bir-birinizlə hədiyyələşin ki, bir-birinizi sevəsiniz”. (Buxari, Ədəb`l-Mufrad)

Hələ insanların bir-biri ilə münasibətlərində sevgi vacib olduğu halda bizə hər şeyi (gözəl ailə, sığınacaq, rahatlıq, qida, səhhət və ələlxüsus hidayət) verən Rəbbimizə qarşı sevginin dərəcəsini varın siz düşünün. Ona olan sevgimiz ağlasığmaz dərəcədə çox olmalıdır. Ona görə də biz Ona həmd edir, Ona şükr edir və deyirik: "Həmd olsun aləmlərin Rəbbi olan Allah`a”.

Surənin 3-cü ayəsi: "O, Rahman (bu dünyada hamıya mərhəmətli) və Rahimdir (Axirətdə isə ancaq möminlərə rəhmlidir)".

Fatihə surəsinin 2-ci ayəsində Allah Özünün Rəbb olduğunu qeyd edir. Bu ayədə isə Onun daha iki gözəl adı zikr olunur: Ər-Rahman və Ər-Rahim. Ər-Rahman “O ən mərəhəmətlidir” deməkdir. Ər-Rahim “O, Rəhmət bağışlayandır” deməkdir. Yəni Onun feilləri Rəhmətlə doludur və O, Öz məxluqatına qarşı Rəhmətlə yanaşır.

Allah`ın bu iki adını zikr etdikdə içimizdə ÜMİD yaranır. Belə ki, O, Rəhmət doludur və biz ümid edirik ki, O bizim xəta və nöqsanlarımızı əfv edəcək. Biz heç vaxt ümidimizi itirməməliyik, çünki Allah Quranda belə buyurur: “(Qullarıma mənim bu sözümü) de: 'Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah`ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zümər 53)

İbadətdə qorxuya olan ehtiyacımız isə Fatihə surəsinin növbəti ayəsində ifadə olunur.

Surənin 4-cü ayəsi: “Haqq-hesab gününün Hökmdarına!”

Bu ayəni oxuyarkən biz Məhşər Gününü xatırlayırıq. Elə dəhşətli gün ki, bütün bəşəriyyət Allah`ın qarşısında çılpaq, ayaqyalın, zəlil olaraq dayanacaq. İnsanlar dəhşətdən sərxoş kimi görünəcəklər, halbuki, onlar sərxoş olmayacaqlar. O gün hər bir kəs hətta ən kiçik günahının belə Allahdan gizli qalmadığını bilərək Onun qarşısında dayanıb hesab verəcək: “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır”. (Zəlzələ 7-8)

Odur ki, Fatihə surəsinin 4-cü ayəsini oxuyarkən Məhşər Gününü və hesabı xatırlayırıq, bu da öz növbəsində içimizdə qorxu hissi yaradır. Belə ki, pis əməllərimiz Qiyamət Günü dağlar boyda olarsa, biz buna görə cavab verməli olacağıq. Allah bizi bu cür aqibətdən qorusun! Növbəti ayədə isə deyilir: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”. Bu ayə ibadətdə Allah`ı birləməyə və ona ibadət etmək üçün hər hansı bir vasitənin istifadə olunmasının qadağan olunmasına dəlildir. Bəs biz Ona necə ibadət etməliyik? SEVGİ, ÜMİD və QORXU ilə. Bu keyfiyyətlərə nail olmaq üçün isə Allah`ın yardımına ehtiyacımız var. Ona görə də ayədə gəldiyi kimi “…yalnız Səndən kömək diləyirik” deyirik.

Tarazlığı qorumağın əhəmiyyəti

İbadətdə sevgi, ümid və qorxunun əhəmiyyətini anladıqdan sonra bu hisslərin hansının daha çox, hansının daha az miqdarda olmalı olduğunu təbii olaraq soruşa bilərsiniz. Cavab üçün yenə də Qurana müraciət edək:

“…Allah`a qorxu və ümidlə yalvarın…”. (Əraf 7)

“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allah`ın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər”. (Səcdə 32)

Odur ki, həm qorxu, həm də ümid qəlbimizdə bərabər miqdarda olmalıdır. Ənəs ibn Malik radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm ölüm döşəyində olan bir oğlan uşağının otağına daxil oldu. O “Necəsən?” deyə soruşdu. Oğlan cavab verdi: “Ey Allah`ın elçisi, mən Allah`ın Rəhmətinə ümidlə günahlarıma görə qorxunun arasındayam”. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Allah quluna ümid etdiyi şeyi bəxş etmədikcə və qorxduğu şeydən onu qorumadıqca onun qəlbində bu iki keyfiyyəti (qorxu və ümidi) birləşdirməz”. (Hədis Tirmizi və İbn Məcənin “Sünən”ində qeyd olunub. Şeyx Albani “Əhkamu`l-Cənaiz” kitabında bu hədisə “səhih” demişdir).

Ona görə də xeyir bir əməl işlədikdə onun Allah tərəfindən qəbul olunduğuna ümid etməliyik. Lakin eyni zamanda həmin xeyir əməlin Allah tərəfindən qəbul olunmaması ehtimalından da qorxmalıyıq. Eyni şəkildə günah etdikdən sonra ümid etməliyik ki, Allah bizim tövbəmizi qəbul edəcək, amma həmçinin hesaba çəkiləcəyimizdən də qorxmalıyıq.

Bu tarazlıq dəvətimizdə də (bu da özlüyündə bir ibadətdir) öz əksini tapmalıdır. İnsanları Haqqa dəvət edərkən onlarda narahatlığa heç bir səbəb yox imiş kimi bir təəssürat yaratmamalıyıq. Həmçinin, onlara heç vaxt bağışlanmayacaqlarını, geriyə dönüşün olmadığını da aşılamaqdan uzaq olmalıyıq. Əksinə xəbərdarlıq etməklə yanaşı ruhlandırmağı da unutmamalıyıq. Onlara Cəhənnəmin dəhşətindən xəbər verməklə yanaşı Cənnətdəki səadətdən də bəhs etməliyik. Allah`ın Quranda bizə bildirdiyi kimi:

"O zaman Rəbbin onlara Qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir”. (Əraf 167)

Ona görə də İslam alimləri deyirlər: “Allah`a yalnız ümidlə ibadət edən murciə, Ona yalnız qorxu ilə ibadət edən həruridir (xəvaricdir). Allah`a yalnız sevgi ilə ibadət edən isə zındıqdır (məsələn, sufilər, xristianlar və s.). Lakin Allah`a qorxu, sevgi və ümidlə ibadət edən isə muvahhid mömindir”. (İbn Rəcəbin “Ət-Təxvifu minə`n-Nər” kitabından)

Murciə İslamın ilk əsrində meydana çıxmış bir firqədir. Bu firqənin mənsubları inanırlar ki, günahların imana təsiri yoxdur. Yəni insan nə günah işləsə də, imanı tam və kamil olaraq qalar. Onlar Allah`a ancaq ümidlə ibadət edirlər, çünki elə düşünürlər ki, kəlimeyi-şəhadəti gətirən kəs xeyir əməlləri olmasa belə Cənnətə daxil olar.

Təəssüflər olsun ki, günümüzdə bir çox müsəlmanlarda bənzər hallarla tez-tez qarşılaşırıq. Ona görə də bir müsəlmana Allah`ın dininə qayıtmağı, günahları tərk etməyi nəsihət edəndə “Mənim qəlbim təmizdir”, ”Qəlbimi Allah bilir”, “Allah bağışlayar” və s. bu kimi cavablar eşidirsən.

Xəvaricə gəlincə isə onlar Allah`a yalnız qorxu ilə ibadət edirdilər. Çünki düşünürdülər ki, böyük günah işləyən kəs dərhal kafir olar və o günah ucbatından əbədi Cəhənnəmdə qalar. Əlbəttə ki, bu açıq-aydın ifrata varmaq və doğru yoldan sapmaqdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm demişdir: “Bəni-İsraildən eyni dövrdə yaşayan iki kişi var idi. Onlardan biri günah işlər tutar, digəri isə özünü ibadətə verərdi. İbadətlə məşğul olan hər dəfə digərini günah içində gördükdə deyərdi: “Buna son qoy”. Bir gün o həmin günahkarı günah işləyərkən gördü və yenə “Buna son qoy” dedi. O isə cavab verdi: “Məni Rəbbimin öhdəsinə burax. Mənim üstümə nəzarətçi göndərilmisən?” İbadət edən dedi: “Allah`a and olsun ki, Allah səni nə bağışlayacaq, nə də Cənnətinə qəbul edəcək”. Üstündən zaman keçdikdən sonra bu iki nəfər canlarını tapşırdılar və birlikdə aləmlərin Rəbbinin qarşısına çıxdılar. Allah özünü ibadətə verən kişiyə dedi: “Elmimdən bir paya da sən sahib idin, yoxsa mənim əlimdə olan qüdrətdən bir pay səndə də var idi?” Və Allah günahkara dedi: “Rəhmətimlə Cənnətimə daxil ol”. Digərinə isə “Onu Cəhənnəmə atın!” dedi. Əbu Hüreyrə radiyallahu anhu daha sonra dedi: “Canım əlində olana and olsun ki, o elə bir söz dedi ki, dünyası da, Axirəti də həmin sözlə məhv oldu”. (Əbu Davud)

Ona görə də biz heç bir müsəlmana “cəhənnəmlikdir” və ya “cənnətlikdir” deyə bilmərik. Bu, Allah adından danışmaqdır və böyük günahdır. Bununla belə, biz böyük günah işləyən kəslərin halından qorxuruq, çünki böyük günah sahibləri (fasiqlər) həm Quranda, həm də Sünnətdə cəzalandırılmaqla təhdid ediliblər. Lakin onları cəzalandırma və ya əfv etmə haqqı yalnız Allah`a aiddir.

Məsələn, dinlərini xristianlığa bənzətmiş bir çox bidətçi və zındıq sufi təriqətləri islamı ixtisar edərək təkcə “sevgi”dən ibarət hala salıblar. Odur ki, onların bütün söhbətləri və mistik ritualları yalnız “sevgi” artırmaq üzərində qurulub.

Beləliklə, biz açıq-aydın görürük ki, ibadətdə bu üç keyfiyyət (sevgi, qorxu və ümid) arasındakı tarazlığı qoruya bilməmək böyük azğınlığa və doğru yoldan sapmağa gətirib çıxarır. Məhz bu səbəbdən hər üç keyfiyyəti qəlbdə düzgün bir şəkildə cəm etmək vacibdir. Yuxarıda qeyd edildiyi kimi, qorxu və ümid bərabər miqdarda olmalıdır. Bu, əksər sələflərimizin rəyidir. Fudeyl ibn İyad rahiməhullah demişdir: “Səhhətiniz yerində və kefiniz kök olduğu zaman, çalışmalısınız ki, qəlbinizdəki qorxu ümidi üstələsin. Xəstələndiyiniz və naçar qaldığınız zaman isə qəlbinizdəki ümid qorxunu üstələməlidir. Bu cür etməklə siz nə səfa anında saleh əməldən əl çəkər, nə də cəfa anında Allah`ın Rəhmətindən ümidinizi üzərsiniz. Sevgiyə gəldikdə isə o ən üstün olmalıdır”. (Ət-Təxvif minə`n-Nər)

Fudeyl ibn İyad rahiməhullah həmçinin demişdir: “Sevgi qorxudan üstündür. Əgər qorxu bizi günah işlər görməkdən qoruyursa, sevgi bizə əmr olunanları zövqlə icra etməyə kömək edir” (İbn Rəcəbin “Ət-Təxvif minə`n-Nər” kitabında nəql olunmuşdur). Həmçinin qeyd etməliyik ki, bəzi alimlər qorxunun sevgidən daha xeyirli olması rəyini üstün tuturlar. Lakin ən doğrusunu Allah bilir.

Allah bizi ümid etdiyimizlə mükafatlandırıb, qorxduğumuzdan bizi qorusun!

Allah`ın salavat və salamı Peyğəmbərimiz Muhammədin, onun əhli-beytinin, səhabələrinin və Qiyamətə qədər onların yolu ilə gedənlərin üzərinə olsun!

AMİN!

_______________

Fərhad Hacıyev