Skip to main content


Hələ

İllər ötdü və ömür bitdi bu dövranda hələ,

Getmədi səcdəyə baş gör neçə insanda hələ.

 

Iblislə eynidi səcdə etməyən xislətdə,

Çün mələklərlə tən idi bir vaxtı, Cənnətdə,

Kibri sövq etdi onu asiliyə xəlvətdə,

Ol səbəbdən də qovulmuş idi şeytan da hələ.

 

Ol deyib var elədi insanı yoxdan Yaradan,

Qərq etdi ne'mətə varlıqları çoxdan Yaradan,

Yenə üsyan eşitdi ac ilə toxdan Yaradan,

Bax sən bu mərhəmətə Xaliqi Subhanda hələ.

 

Elə məxluqsan ey insan, sənə baş əydi mələk,

Verdi Xaliq sənə çox dəyər, anlayasan gərək,

Səni xəlq eyliyənə dəyər verməmək nə demək?

Gec deyil anla, gücün var nə qədər canda hələ.

 

Adəm övladı asiliklər edir dayanmadan,

Ar bilir Rəbbi üçün ibadəti utanmadan.

Xəlq olannan bəri  ta indiyəcən usanmadan,

Var mələklər ki, səcdədədir asimanda hələ.

 

Hami şahiddi bizim cəmyətimizdə gündəlik,

Açılıb mərifət, əxlaqda sanki yumru dəlik,

Allahın əmrlərini tərk eliyib və üstəlik,

Arsız arsız eliyir əlavə nöqsan da hələ.

 

Ağlın işlətmədikcə bəndə yenə səhv edəcək.

Əməlsiz ümid eliyir Rəbbi onu əfv edəcək,

Bu günahlar bu gediş ilə bizi məhv edəcək,

Dayanıb qəsdimizə dağ, dərə, ümman da hələ.

 

Ey Adəm oğlu sarıl həyatının qayəsinə,

Və ibadətlə yönəl uxrəvi sərmayəsinə.

Zariyət surəsinin 56-cı ayəsinə,

Nəzər etsən, görəcəksən bunu Qur'anda hələ.

 

Abdullah b. Rəvaha

 

"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım."

[Zariyət, 56]