Skip to main content


Dünyadakı İnsanlar

Şeytana çox aldandı, dünyadakı insanlar,
Dünyaya da bağlandı, dünyadakı insanlar.

Islami ad altında birləşdi xeyli millət,
Amma ki, elmsizlik zərbələr vurdu dəhşət,
Cahilliyə üz tutdu, dövranə çökdü qəflət,
Ildən-ilə korlandı, dünyadakı insanlar.

Ta əsri-səadətdə izzət məqami bitdi,
Gəldi elə bir toplum, hər namazı tərk etdi,
Qur'andan uzaqlaşdı, şeytan iziylə getdi,
Şəhvətlərə qurşandı, dünyadakı insanlar.

Darvin deyilən bir kəs, icad elədi qanun,
Guya ki, bu insanlar, bir vaxtı olub meymun,
Amma deyilən söhbət, gəlmir Qurana uyğun,
Öz keçmişini dandı, dünyadakı insanlar.

Dünya ibarət olmuş, çox maniyə, əngəldən,
Insan deyilən varlıq, acgözdü lap əvvəldən,
Heç gözlənilməz anda dünya gedərkən əldən,
Arxasıyca boylandı, dünyadakı insanlar.

Ey bəndə, həyat üçün sən xeyli xəyal qurdun,
Israf eliyib ömrü, dünyaya bəzək vurdun,
Vardır səbəbi, çünki əsli axirət yurdun,
Uydurma yalan sandı, dünyadakı insanlar.

Dünyada cəfa görsən, səbr eylə, dayan məğrur,
Allaha təvəkkül et, sarsılma və möhkəm dur,
Tənha və susuz çöldə, heç yağmasa da yağmur,
Pozmasın gərək andı, dünyadakı insanlar.

AbdulHayy