Gəzir
Dünyayə olan sevgi coşur damarlarda gəzir,
Axirət sevgisi bir xeyli kənarlarda gəzir.
Qulunu Özünə qulluq üçün yaratmış Yaradan,
Veribdi xidmətinə baxça, bağ və mal-qaradan,
Yenə doymur gözü Adəm övladının paradan,
Mali-mülk yığmaq üçün özgə diyarlarda gəzir.
Axirət tarlasıdır dünya, onu əkib-suvar,
Kafirin Cənnətidir, mömin üçünsə dört divar,
Nur ilə xəlq olunan ali mələk toplumu var,
Allahı zikr eliyən əhli yuxarlarda gəzir.
Allahın halallarına haram qatır insanlar,
Axirət yurdunu dünyayə satır insanlar,
Cahiliyyat bataqlığında batır insanlar,
Kömək axtarmaq üçün pirdə, məzarlarda gəzir.
Ölüm hər bir kəsi bir gün salacaqdır yadə,
Insansa badə verir ömrü fani dünyadə,
Zənn edir ölməyəcək, şövqlə gəzir azadə,
Necə bülbül çəməni fəsli baharlarda gəzir.
Nə zaman ki, qayidar dininə millət, düzələr,
O zaman bəlkə bu millətdə vəziyyət düzələr,
Biz ümid eyliyirik ki, bəşəriyyət düzələr,
Görərik haqq sözü dillərdə, şüarlarda gəzir.
Muhəmməd Cureyc