Müasir təhsilin kapitalist əsasları
Osmanlı dövlətinin və eləcə də, Səfəvilərin mövcud olduğu güclü dövrlərdə Avropa Hindistan və Afrikanın zəngin torpaqlarına sərbəst gedə bilmirdi. Avropalılar Osmanlıya və Səfəvilərə vergi verdikdən sonra ticarət edə bilirdilər. Bütün bunlar onları vadar etdi ki, Şərqin və Afrikanın zənginliklərinə yeni yollar tapsınlar. Tarixdə Böyük Tarixi Kəşflər adı ilə yadda qalan dövr başlandı. Bu kəşflərə rəhbərlik edənlərin əksəriyyəti canilər və insanlığın düşmənləri idi. Kolumb, Vasqo De Qamma, Magellan əslində getdikləri yerlərin xalqını qırıb məhv etdilər. Onların sərvətlərini talayıb Avropaya daşıdılar. Bununla da Avropa iqtisadiyyatının yüksəlişinin əsası qoyuldu. Təəssüf ki, paralel olaraq Osmanlı və Səfəvilərin müharibələri nəticəsində dünyanın siyasi mənzərəsi dəyişirdi. Amerikanın tam istilası başa çatdıqdan sonra isə aAmerika və Avropa iqtisadi güc üçün yeni vasitə əldə etdilər. Bunlar qara dərili qullar idi. Beləliklə, qərbin , iqtisadi inkişafının yüksəlişi heç də iqtisadi dahiliklə bağlı deyildi. Kapitalizmin ilkin mərhələsi imperializm başlamışdı.Bunun nəticəsi də ikinci dünya müharibəsi oldu.
Kapitalizm sistemi bərqərar olduqca özünün ictimai şüurunu və müəssisələrini təsis etmək üçün yollar axtarırdı. Onlardan biri də təhsil sistemi idi. Kapitalist münasibətlər sistemi həyat fəlsəfəsinin mərkəzinə gəliri qoyurdu. Kimin gəliri çoxdursa, əlində sərmayə varsa, cəmiyyətdə özünə yer tutur. Kapitalizmi bərqərar etmək üçün onsuz da sıradan çıxmış xristianlığı sındırıb ictimai həyatdan təcrid etdilər. Çünki sərmayənin böyüməsi üçün halal haram qəbul etməyən bir iqtisadi nizam lazım idi. Kapitalizm çarxının daima gəlir axtarışında olacaq “qulları” yetişdirmək təhsil sisteminin borcu idi. Buna görə də XVIII əsrdən başlayaraq Qərb təhsil sistemi ənənəvilikdən uzaqlaşdı. Insanlara daha çox gəlir əldə etməyin yolları öyrədildi. Bir sözlə,təhsil sistemi insanı ac qurda çevirirdi. Biz isə Sovetin tərkibində olduğumuz üçün bu proses bizdən biraz yan keçdi.
Sovet təhsil sistemi kapitalizmin təhsil sistemindən fərqli idi. Bütün mənfi tərəflərinə baxmayaraq Sovet təhsili ən azından müəyyən ictimai dəyərlər verirdi.
Müstəqillik qazandıqdan sonra kapitalist şüuru əsasında təhsil sisteminə keçdik. Bu dediklərimi müvafiq təhsil sənədlərində görmək mümkün deyil, amma təhsilin fəlsəfəsində və ərsəyə gətirdiyi insanların istək və arzularında dediklərimi görmək mümkündür.
Düşünməyin ki, bu kapitalist təhsil şüuru müsəlmanlardan uzaqdır. Xeyr,əksəriyyətimiz uşaqlarımız üçün xarici dil, komputer və s. axtarışında deyilikmi? Boğazımızdan kəsib bu sahələrə pul ayırmırıqmı? İndi sual verirəm,hansımız boğazımızdan kəsib övladlarımızın mənəvi tərbiyəsi üçün çalışırıq? Ən yaxşı halda biz onları Quran kurslarına göndəririk. Uşaqlarımız da kor-koranə surələri əzbərləyir. Amma onların həyati arzularında və xəyallarında Qurani bir” Superman” görmək olmur. Bizim Quran əzbərləmiş uşaqlarımız da ibadət edən ac qurd olaraq cəmiyyətə qarışır. Halbuki onların səhifələr əzbərləməyindənsə, bir ayənin bizə verdiyi mesajı anlamağı daha vacibdeyilmi?
Bizim dini və milli irsimizdə isə təhsilin ilkin şərti şəxsiyyət yetişdirməkdir. Bəli, məhz şəxsiyyət... Ekosistemin və özünün yaradılışını Allaha bağlayan,maddi gücü nüfuz üçün deyil, cənnət üçün vasitə edən... İnsanların dərdlərinə çarə olmağı sevən insanlar ərsəyə gətirmək...
Bu gün şikayət edirik ki, filan yerdə məmur bizi incitdi, filan yerdə uşaq böyüyə yer vermədi və s.-bütün bunlar getdikcə daha da çoxalacaq. Qoy, hələ şirkətlər, ölkəmiz Qərbdə təhsil almış korporativ və şirkətpərəst qullarla dolsun. “Zaman puldur” şüarının davamçıları gəlsin,o zaman şikayətlərimiz daha da artacaq. Bunların qarşısını almaq üçün nə etməliyik? Allah Təalənin Musaya dediyi kimi evimizi qibləgah etməliyik. Evlərimizdən “Zaman pul deyil, zaman cənnətə qoyulacaq sərmayədir”- deyəcək insanlar çıxmalıdır. Məhz bundan sonra onlar işinin mütəxəssisi mühəndis, vicdanlı həkim, örnək müəllim ..... ola bilərlər.