Əmir Mərziban ibn Muhəmməd əs-Salari (942-957)
O, Deyləmdəki (Gilan) bəzi şəhərlərin hakimi olan Mərziban ibn Muhəmməd ibn Müsafir əs-Salari ilə yaxın münasibət quraraq onu Deysəmə hücum edəcəyi təqdirdə onu asanlıqla məğlub edib hakim olduğu torpaqlara yiyələnə biləcəyinə inandırmışdı. Mərziban ibn Muhəmməd Əli ibn Cəfərin təhriki ilə 942-ci ildə Azərbaycana hücum etmişdi. Saci ordusunda muzdlu döyüşçü olaraq xidmət edən deyləmlilərlə kürdlərin Mərzibanın tərəfinə keçməsi Deysəmin məğlub olub Van gölü hövzəsinə qaçmasına səbəb olmuşdu. Deysəmin ordusunu məğlub edən Mərziban ibn Muhəmməd Azərbaycanda hakimiyyəti ələ keçirir. Əli ibn Cəfəri isə şərtləşdikləri kimi özünə vəziri təyin edir. Lakin çox keçmədən bədxahları vəzir əleyhində kampaniya başladaraq onu əmir Mərzibanın gözündən salmağa nail olurlar. Əmir Mərzibanın izni ilə güya Təbriz şəhərinin mali vəziyyətini təftiş etmək məqsədiylə bu şəhərə gələn Əli ibn Cəfər şəhər əhalisini əmir Mərzibana qarşı qaldırmaq üçün çalışır, əmir Deysəmə məktub yazaraq onu yenidən Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün Təbrizə dəvət edir. öz mənafeyi xatirinə gah Deysəmin, gah da Mərzibanıntərəfini tutan hiyləgər vəzirin məkrliliyi bir çox insanın qanına bais olmuşdu. Deysəmlə Mərziban əvvəlcə Təbirzdə, sonra isə Ərdəbildə vuruşurlar. Bu hərc-mərclikdə bir çox şəhərlinin qanı tökülür. Bu hərc-mərcliyə son qoymaq üçün Deysəmin vəziri Nəimi əmir Mərzibanla dil tapa bilir. O, öz əmiri Deysəmi də razı salaraq tərəflər arasında sülhə nail olur. Əldə edilmiş razılığa görə Tarom şəhəri əmir Deysəmin ixtiyarına verilir. O, ailəsi və yaxın adamları ilə birlikdə Taroma gedib orada yaşamağa başlayır.
Deysəm üzərindəki qələbədən sonra Azərbaycanın tam hüquqlu hakiminə çevrilən Mərziban ibn Muhəmməd bu ərazidə Salarilərsülaləsi hakimiyyətinin əsasını qoyur. Məhz onun hakimiyyət başındaolduğu illər bu dövlətin çiçəklənmə dövrünə təsadüf edir. Salarilərin bu zamankı sərhədləri Sacilər dövlətinin ən yüksək inkişaf dövrü hüdudları ilə üst-üstə düşürdü. Demək olar, bütün Azərbaycanı ələ keçirmiş Mərziban ibn Muhəmməd bir müddət sonra Ərməniyyəni də öz hakimiyyəti altına almışdı. O, həm Şirvanşahları, həm də Dərbənd Haşimi əmirliyini itaət altına alaraq bir vaxtlar Yusif ibn Əbus-Sacın hakim olduğu ərazilərdə öz hakimiyyətini möhkəmləndirmiş və bu torpaqları bir dövlətin sərhədləri daxilində birləşdirmişdi.
Mərzban ibn Muhəmməd tərəfindən Ərdəbildə zərb etdirilmiş gümüş dirhəmlərin bir nümunəsi
Əmir Mərziban əs-Salarinin hakimiyyəti dövrünə təsadüf edən ən böyük tarixi hadisələrdən biri Bərdənin süqutu ilə nəticələnmiş rus işğalıdır. Qədim Bərdə Tərtərçayın sol sahilində, 30 km2ərazidə yerləşməkdə idi. Bərdə 647-ci ilin yayında Salman ibn Rəbiə əl-Bahilinin (r.ə) əmrindəki xilafət orduları tərəfindən fəth edilmişdi. Əməvilərin dövründə xilafət canişinləri Bərdə şəhərində yaşayır, Arranla yanaşı Ərməniyyəni də buradan idarə edirdilər. İnzibati idarə mərkəzi olmaqla yanaşı, ölkədaxili və beynəlxalq ticarət yolları üzərində yerləşməsi xilafət dövründə Bərdənin sürətlə inkişaf edərək Azərbaycanın ən böyük iqtisadi, mədəni və elm mərkəzlərinə çevrilməsi üçün əlverişli zəmin hazırlamışdı. Bu şəhərdə bütün İslam dünyasında şöhrət tapmış çox sayıda alim yetişmişdi. Bu da onu göstərir ki, Bərdə VII-X əsrlərdə Azərbaycanın, eləcə də xilafətin ən böyük elmi və dini mərkəzlərindən biri olmuşdur. Miladi X əsrdə yaşamış əl-İstəxri Bərdə haqqında “Bərdə şəhəri həqiqətən çox böyük şəhərdir” deyərək onun Dərbənd və Tiflislə birlikdə Arranın ən böyük şəhəri olduğunu qeyd etmişdir. X əsrdə yaşamış digər bir coğrafiyaşünas İbn Hövqəl isə Bərdəni “Arranın anası” adlandırmış, bu şəhərin İsfəhan və Reydən sonra regionun ən böyük şəhəri olduğunu bildirmişdi. Şəmsəddin əl-Məqdisi (947-990) Bərdəni bu yerlərin Bağdadı adlandırmaqda idi. Həmin dövrdə Bərdənin əhalisi 100 mindən çox idi. Şəhərdə 4 böyük bazar, ayrıca sənətkar məhəllələri, bir neçə hamam, məscid, mədrəsə kimi çoxlu dini, ictimai binalar mövcud olmuşdu. Bərdə xilafət dövründə, Bab-ül-Əbvab (Dərbənd) və Yəzdiyyə (Şamaxı) ilə birlikdə, zərbxananın fəaliyyət göstərdiyi regionun üçüncü şəhəri idi. Bərdə zərbxanasında qızıl, gümüş və mis pullar kəsilirdi. Fəqət Salarilərin (942-981) hakimiyyətinin ilk illərində isə Bərdə özünün ən fəlakətli günlərini yaşamış, 944-cü il Bərdə tarixinə ağır və müsibətli illərdən biri kimi daxil olmuşdu. X əsrin birinci yarısında bir neçə dəfə Azərbaycan torpaqlarına basqın edən ruslar 944-cü ildə Xəzər xaqanının izni ilə Volqa çayından Xəzər dənizinə keçirdikləri gəmiləri ilə Azərbaycan sahillərinə yanaşmış, Kür çayı ilə üzərək Bərdə şəhərinə yaxınlaşmışdılar. Salarilərin Bərdə canişininin əmri altındakı 5000-dən çox əsgər gəmilərindən enən ruslara hücum etmişdilər. İbn Miskəveyh yazır ki, “onlar (şəhər müdafiəçiləri-E.N) ruslar barədə yanılmışdılar, onları yunan və ermənilər kimi zənn etmişidlər”. İbn Miskəveyhin yazdığından anlaşıldığına görəbir-iki qılınc zərbəsindən sonra onların da yunan və ermənilər kimi arxalarını dönüb qaçacağını zənn etmiş şəhər müdafiəçiləri düşməni lazımınca qiymətləndirmədikləri üçün özlərinə arxayın olmuş, döyüşdən əvvəl zəruri hazırlıq və planlaşdırmanı aparmamışdılar. Bu səbəbdəndir ki, hücumu cəmi bir saat davam etdirəbilmiş, rusların güclü əks hücumu qarşısında Bərdəyə tərəf qaçmağa məcbur olmuşdular. Sadəcə ordudakı deyləmli əsgərlər geri çəkilməyərək hamısı şəhid olana qədər vuruşmuşdular. Ruslar müdafiəsiz qalan Bərdəyə daxil olandan sonraşəhərin istehkamlarında möhkəmlənmişdilər. İbn-ül-Əsir rusların dinc əhaliyə aman verərək onlara toxunmayacaqlarına dair söz verdiyini yazır. Müəllif qeyd edir ki, buna baxmayaraq bərdəlilər şəhərin rusların əlində qalması ilə heç cür razılaşa bilmir, tez-tez təkbir nərələri ilə onlara hücum edirdilər. Hətta silahsız olanlar da işğalçılara daş ataraq mübarizə aparırdılar. İşğalçılar xalqı müqavimət göstərmək əzmindən daşındırmağaçalışmanın faydasız olduğunu görüb bərdəlilərdən üç gün ərzində şəhəri tərketmələrini tələb etdilər. Lakin onların əksəriyyətinin Bərdəni tərk etmədiyini görüb dinc əhaliyə hücum etdilər. Onlar əhalinin tamamına yaxınını qırıb mallarını talan etmiş, qadın və uşaqları isə əsir götürmüşdülər. Bu vaxt ətraf əyalətlərdən toplanan könüllülərdə Bərdəyə gəlib dörd bir tərəfdən ruslara hücum edirdilər. Salari hömdarı Mərzuban ibn Muhəmməd 30 minlik ordusu ilə aylarla Bərdəni işğaldan azad etmək üçün vuruşmuş, ruslara ağır itgi verdirmişdi. Əmir Mərziban əs-Salari ruslara yenidən hücum etdi. Bu dəfə o, hərbi hiyləyə əl ataraq, yalnız müəyyən işarədən sonra həmlə ruslara edəcək dəstəni pusquda saxladı. Döyüş başlandı, Mərzibanın qoşunu qəsdən qaçmağa üz qoyaraq, pusquda dayanan dəstənin yanından keçdi. Lakin ruslara qarşı ürəklərdə elə böyük qorxu vardı ki, geri çəkilən döyüşçülər pusquda dayanan dəstəyə hücum işarəsi vermədilər. Vəziyyəti belə görən əmir Mərziban əs-Salari həyatı bahasına olsa da, qorxuya düşmüş döyüşçüləri öz ardınca aparmaq qərarına gəlir. İrəli atılaraq, pusquda dayanmış dəstəyə işarə verən döyuşçüləri də öz ardınca aparır. Ruslar məğlubiyyətə uğrayırlar. Onların sərkərdəsi isə həlak olur. Şəhərin mühasirəsi hələ də yarılmamış, uzun müddət davam etmişdi. Lakin Bərdə qalasında möhkəmlənmiş rusları heç cür oradan sıxışdırıb çıxarmaq mümkün olmamışdı. Bu vaxt əmir Mərzuban əs- Salari Mosul hakiminin Səlmasa hücum etdiyi xəbərini alaraq rusların Bərdədə mühasirəsinidavam etdirmək üçün burada 4000 əsgər qoyaraq özü orudunun əsas hissəsi ilə ölkənin cənubuna üz tutmuşdu. 945-ci ilin isti yay günlərində rusların arasında yayılan yoluxucu xəstəlik onların bir çoxunun qırılmasına səbəb olmuşdu. Nəhayət ruslardan sağ qalanlar aldıqları əsir və qənimətlərlə avqustun 12-də Bərdəni tərk edib gəldikləriyolla geri qayıtmışdılar. Mosul hakimi ölkənin cənubuna basqın etməsəydi bəlkə də işğalçıları tamamən məhv etmək mümkün olardı. Bu hadisədən sonra Bərdə şəhəri bir daha dirçəlib əvvəlki ehtişamına qayıda bilmədi. X əsrin ikinci yarısından etibarən Gəncə əhəmiyyət qazanaraq Azərbaycanın şimalındakı ən böyük siyasi, iqtisadi və mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı.
Dövlətinin cənub-şərq sərhədlərini möhkəmləndirmək məqsədilə əmir Mərziban Həmədan və İsfahan hakimi, şiə Buveyhilər sülaləsindən olan Rüknəddövlə (941-977) ilə müharibəyə başlamaq qərarına gəlir. 949-cu ildə Qəzvin yaxınlığındakı döyüşdə Mərzibanın qoşunları məğlubiyyətə uğrayır, o özü və bir neçə sərkərdəsi isə əsir alınaraq, İsfahandan cənubda yerləşən Samiram qalasına göndərilir. Əmir Mərziban üzərində qələbə qazanan Rüknəddövlə öz sərkərdələrindən Muhəmməd ibn Əbdürrəzzaqı Azərbaycan hakimi təyin edir. 953-cü ildə Samiram qalasının zindanında saxlanılan əmir Mərziban ibn Muhəmməd özünə sadiq adamlarının yardımı ilə həbsdən qaça bilir. O, Ərdəbilə gələrək Azərbaycanda öz hakimiyyətini bərpa etmiş və ölkəsini Büveyhilərdən təmizləmişdi. O, Dərbəndə hərbi səfər edərək burada da hakimiyyətini yenidən bərqərar etmişdi. Bundan sonrakı dövrdə regiondakı müxtəlif qüvvələr arxalanaraq özü ilə hakimiyyət uğrunda mübarizəyə girişən Deysəm ibn İbrahimi məğlub edərək zindana saldıran əmir Mərziban ibn Muhəmməd 957-ci ilin sonunda vəfat etmişdi.
Mənbələr
İbn Cərir ət-Təbəri, Tarix-Ur-Rusul Vəl-Muluk.
İbn Hövqəl, Surət-ul-Ərz.
İbn Miskəveyh, Təcarib-Ul-Uməm.
İbnü'l-Əsir, Kamil Fit-Tarix.
İstəxri, Məsalik-ul-Məmalik.
Məqdisi, Əhsən-ut-Təqasim.