Əbu Tahir əs-Siləfi
Babası və atası da dini elmlərdə yüksək bilik sahibi insanlar olduqları üçün Əbu Tahir əs-Siləfi elmi mühit içində, alim ailəsində dünyaya gəlib böyümüş, 12 yaşında ikən Quranı əzbərləyərək hafiz olmuşdu.
Onun hədis sahəsindəki ilk müəllimi İsfəhandakı hənbəlilərin şeyxi Əbu Muhəmməd Rizqullah ibn Əbdulvəhhab ət-Təmimi olmuşdur. Şeyx Rizqullah ət-Təmimi bu yeniyetmənin hafizəsinin xeyli qüvvətli olduğunu görüb onu hədis elmlərinə yiyələnməyə təşviq etmişdi. Daha sonra Əbu Abdullah əl-Mədini, Rəis Qasım əs-Səqəfi, Səid əl-Cəvhəri, Əbu Müt’i Muhəmməd əs-Səhhaf kimi dövrün tanınmış hədis şeyxlərindən dərs almışdı. Əbül-Fəth əl-Həddad, Əbu Said Nəsr əş-Şirazi, Əbu Sə’d Muhəmməd əl-Mütərriz, Əbül-Xəttab Nəsr ibn Batar, Cəfər əs-Sərrac, Sabit ibn Bundar, Mu’təmin əs-Saci, İbn Sivar, İbnut-Tuyuri, Əbu Mənsur əl-Həyyat, İbn Əhməd əş-Şaşi, Kiya əl-Hərrasi kimi alimlərdən qiraət, təfsir, şafii fiqhi kimi elmələrə dair dərslər almışdı.
Daha sonra həmin dövrün ən böyük elmi mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsinə getmiş və oradakı alimlərdən dərs almışdı. Onun ərəb dili və ədəbiyyatına dair müəllimi məşhur azərbaycanlı alim Xətib Təbrizi olmuşdur. Əbu Tahir əs-Siləfi ömrünün mühüm bir qismini elmi səyatədə keçirmişdi. O, İslam dünyasının iri şəhərlərini gəzərək oradakı alimlərlə, ələlxüsus mühəddislərlə görüşüb söhbət etmişdi. Daha sonra bu səfər qeydlərini “Mucəmü’s-Səfər” və “Ərbəinü’l-Buldaniyyə” adlandırdığı kitablarında toplayıb təsnif etmişdi. Əbu Tahir əs-Süləfinin bu əsələri, ələlxüsus “Ərbəin-ül-Büldaniyyə” həmin dövr üçün istər bütün İslam dünyası istərsə də Azərbaycandakı elmi mühit haqqında qiymətli mənbələrdən biridir.
XII əsrdə Azərbaycanda yaşamış hədis alimləri haqqında hafiz Əbu Tahir Əhməd əs-Siləfi İsfəhaninin verdiyi məlumatlar son dərəcə əhəmiyyətlidir. Belə ki, məşhur azərbaycanlı filoloq, Xətib Təbrizi adı ilə şöhrət tapmış Əbu Zəkəriyyə Yəhya Təbrizinin tələbələrindən biri olub ondan ərəb qrammatikası dərsləri alan hafiz Əbu Tahir əs-Siləfi 1107-ci ildən etibarən təhsil almaq məqsədiylə səyahətə çıxmış, İslam coğrafiyasının başlıca elm və mədəniyyət mərkəzlərini gəzmişdi. O cümlədən Azərbaycanın Marağa, Miyanə, Təbriz, Ərdəbil, Xoy, Düveyn, Şirvan, Tiflis, Dərbənd kimi şəhər və vilayətlərini gəzərək buradakı hədis alimləri ilə görüşmüş və onlardan dərs almışdı.
Əbu Tahir əs-Siləfi bu elmi səyahətlərində görüşdüyü alimlərin bioqrafiyası və onlardan aldığı dərslərin xülasəsini özünü0n “Mucəmü’s-Səfər” və “Ərbəinü’l-Büldaniyyə” adlı əsərlərində qeyd etmişdir. Əbu Tahir əs-Siləfinin haqqında məlumat verdiyi Azərbaycanlı hədis alimləri bunlardır:
1. Şeyx Əli ibn Muhəmməd əl-Babi (Dərbəndi)
2. Şeyx Əbu Muhəmməd Əbdürrəhman ibn Həməd əs-Süfyani Düveyni
3. Şeyx Əbu Səid Əbdürrəhman ibn Əbdüləziz Əbhəri
4. Qazı Əbu Əmr Məs’ud ibn Əli Ərdəbili
5. Şeyx Əbül-Qasım Mahmud ibn Səadə Səlmasi
6. Şeyx Əbu Nəsr Əhməd ibn Ömər əl-Muqri Tiflisi
7. İmam Əbu Bəkr Əhməd ibn Muhəmməd Zəncani
8. Şeyx Əbül-Qasım Mə’mun ibn Ömər Dərbəndi
9. Yəhya ibn Əhməd Dərbəndi
10. Şeyx Əbül-Qasım Yusif Ərdəbili
11. Şeyx Əbül-Leys Kəsir ibn İbrahim Maraği
12. Şeyx Muhyəddin Əbu Nəsr Əhməd Mərəndi
13. Şeyx Kəmaləddin Nemətullah Səlmasi
14. Şeyx Əbu Cə’fər Muhəmməd Sücasi
15. Şeyx Əbu Qalib Şüca’ ibn Faris Sührəvərdi
16. Vaiz Əbü’l-Həsən Əli əl-Fəzzaz Şirvani
17. Fəxr-ül-quzat Əbü’l-Fəzl Muhəmməd Urməvi
Dr.Elnur Nəsirzadə