İbn Cərir ət-Təbəri
Yeddi yaşında Qur’anı əzbərləyərək hafiz olan İbn Cərir ət-Təbəri gənc yaşlarından üstün zəkalı bir insan olaraq tanınmışdı. O, öz vətənində dövrün tanınmış alimlərindən ərəb dili və ədəbiyyatı, hədis, təfsir, fiqh, tarix kimi müxtəlif elm sahələrində dərs almış, təhsilini davam etdirmək üçün əvvəl Rey şəhərinə, sonra isə Bağdada getmişdi. Həmin dövrün məşhur mühəddisi və fəqihi olan Əhməd ibn Hənbəllə (780-855) görüşmək arzusunda olsa da o, Bağdada gəldiyi vaxt Əhməd ibn Hənbəl artıq vəfat etişdi. İbn Cərir ət-Təbəri Bağdad, Fustat, Dəməşq, Kufə, Bəsrə, Vasit şəhərlərinə səyahət etmiş, buradakı alimlərin dərslərini dinləmişdi. O, ömrünü bütünlüklə elmə həsr etmiş bir alim idi. Abbasi xəlifəsi Mu’təzid Billahın (892-902) vəziri Ubeydullah ibn Xaqan ona Bağdad qazılığı vəzifəsini təklif etsə də İbn Cərir bundan imtina etmişdi. Alim 915-ci ildə özünün tarixə dair “Tarixu’r-Rüsul və’l-Müluk” adlı coxcildli əsərini yazıb bitirmişdi. “Təbəri Tarixi” adı ilə tanınan bu əsərini qələmə alarkən müəllif öz dövrünə qədər yazılmış tarixə dair demək olar ki,bütün əsərlərdən faydalanmış və beləcə əsərini ən çox müraciət edilən əsas tarix kitabına çevirmişdi. İslam tarixinə dair rəvayətləri qeyd edərkən İbn Cərir ət-Təbəri rəvayətin səhhətini müqayisə yolu ilə deyil daha çox nəql silsiləsinin mötəbərliyi ilə dəyərləndirmişdir. Buna baxmayaraq sözügedən əsərdə səhihlik baxımından mübahisəli olan bəzi tarixi rəvayətlər mövcuddur. İslam tarixinə aid olmayan hadisələri isə daha çox özündən əvvəl bu mövzuda yazılmış əsərlərə istinad edərək qələmə almışdır. “Tarixu’r-Rüsul və’l-Müluk” yaradılışla başlayıb peyğəmbərlər tarixi ilə davam etməkdədir. Əsərdə qədim İran, yunan, Roma, yəhudi hökmdarlarının tarixinə də geniş yer verilməkdədir. İslam tarixinə dair qismlərdə isə Allah Rəsulunun (s.ə.v) həyatı və hərbi yürüşləri, riddə hadisələri, şimali Afrika, İspaniya, Şam diyarı, İraq, İran, Qafqaz, Türküstan və Sindin fəthi, Əli ibn Əbu Talibin (r.ə) xilafəti dövründəki daxili çəkişmələr, Əməvilər və Abbasilər dövründə baş vermiş hadisələr geniş şəkildə işıqlandırılmışdır. Müxtəlif elm sahələrinə dair onlarla əsərin müəllifi olan İbn Cərir ət-Təbərinin bir çox əsəri müasir dövrə gəlib çatmamışdır. Onun Qur’an təfsirinə dair otuz cild halında qələmə aldığı “Camiu’l-Bəyan fi Təfsiri’l-Qur’an” adlı əsəri də ən çox müraciət edilən təfsir kitablarındandır. Abdullah ibn Əhməd ət-Türki (öl. 972), Ərib ibn Sə’d əl-Qurtubi (öl. 979), Sabit ibn Sənan (öl. 973), Muhəmməd əl-Həmədani (öl. 1157) İbn Cərir ət-Təbərinin “Tarixu’r-Rüsul və’l-Müluk”una zeyl (əlavə) yazmış tarixçilərdir.