Skip to main content


Abdullah ibn Abbasın (radiyAllahu ənh) İslam tarixşünaslığındaki yeri

Mədinə tarix məktəbi təməlinin daha erkən qoyulması, mənsublarının çoxluğu və sahib olduğu elmi potensialın zənginliyi baxımından daha irəlidə idi. Məkkə, Mədinə və Dəməşq kimi şəhərlərdə yaşayan alimlər bu məktəbə, bu cərəyana mənsub idilər. Belə bir qənaət hasil olmuşdur ki, Abdullah ibn Abbas (619-697) Mədinə tarix məktəbinin ilk təmsilçisi və təsisçisidir. Abdullah (r.ə) Allah Rəsulu Muhəmmədin (s.ə.v) əmisi Abbasın (r.ə) oğlu idi və Peyğəmbərin (s.ə.v) Mədinəyə hicrətindən üç il əvvəl Məkkədə dünyaya gəlmişdi. Tabiundan olduğu söylənsə də Peyğəmbərin (s.ə.v) dövründə dünyaya gəlib böyüdüyü üçün səhabə olduğunu deyənlər də olmuşdur. Əli ibn Əbu Talibin (r.ə) xilafətinin sona çatmasından bir müddət əvvəl siyasi hadisələrdən uzaq durmağa üstünlük verərək İraqdan Hicaza qayıtmış və Mədinədə dərs verməyə başlamışdı. Əyyamü’l-ərəb, sira və məğazi kimi mövzularda Abdullah ibn Abbasdan (r.ə) bir çox rəvayətlər nəql edilmişdir. Mədinədə təfsir, hədis, sira, məğazi, fiqh (hüquq), ənsab, əyyamü’l-ərəb mövzularında dərslər vermişdi. Abdullah ibn Abbasın (r.ə) müəllifi olduğu hər hansı bir əsər müasir dövrə qədər gəlib çatmasa da onun müxtəlif elm sahələrinə dair qeydlərinin olduğu dəftərlərin mövcudluğu söylənmişdir. Onun tələbələri arasından məğazi sahəsinin iki ən məşhur təmsilçisi Urvə ibn Zubeyr və Vəhb ibn Münəbbih yetişmişdir.