Skip to main content


İbn İshaq və “Siratu`n-Nəbəviyyəsi”-si

Əbu Abdullah Muhəmməd atası İshaqla yanaşı İbn Şihab əz-Zuhri, Asim ibn Ömər, Abdullah ibn Əbu Bəkr kimi Mədinənin tanınmış alimlərinin tələbəsi olmuşdu. Məkkə, Mədinə və Misirdə yaşamış, gələcəkdə qələmə alacağı əsərləri üçün material toplamışdı. Tarix sahəsinə marağı misirli müəllimi Yəzid ibn Əbi Həbiblə tanışlığından sonra başlamışdı. İbn İshaq adı ilə tanınmış Əbu Abdullah Muhəmmədin yaşdığı dövr siyasi qarşıdurmalar, keşməkeşlər və ziddiyətlərlə yadda qalmış bir dövr idi.

VIII əsrin ikinci yarısının əvvəlində Əməvilər iqtidardan uzaqlaşdırılmış və hakimiyyət Abbasilərin əlinə keçmişdi. İbn İslaq Hicazı tərk edərək İraq, əl-Cəzirə, Rey kimi məmləkətlərə səyahət etmişdi. Onun, aralarında kitab əhlindən də olan, 110-dan çox şəxsdən tarixi hadisələrə dair rəvayətləri dinlədiyi söylənmişdir. Bu səbəbdən də İbn İshaq imam Malik ibn Ənəs (712-795) kimi hədisçilərin tənqidinə məruz qalmaqda idi.

İbn İshaqın İslam tarixi araşdırmaçılarının ən çox müraciət etdikləri mənbələrdən biri olan “Sirətu’n-Nəbəviyyə” adlı əsəri müasir dövrə qədər gəlib çatmışdır. Bu əsər bəhs etdiyi mövzular baxımından üç əsas qismə ayrılmaqdadır; İslamdan əvvəlki peyğəmbərlərin tarixi, Muhəmməd peyğəmbər salləllahu əleyhi və səlləmin dünyaya gəlməsindən hicrətə qədərki həyatı və hicrətdən sonra Peyğəmbər salləllahu əleyhi və səlləmin siyasi-hərbi fəaliyyətləri, yəni məğazi.

İlk bölümdə, yəni İslamdan əvvəlki peyğəmbərlərin tarixini yazarkən əhli-kitabın rəvayətlərindən istifadə etməsi hədis almiləri tərəfindən tənqid olunmasının əsas səbəblərindən biri olmuşdur. Qeyd etdiyimiz kimi İbn İshaqın yaşadığı dövr Əməvilərin devrildiyi və Abbasilərin iqtidara gəldiyi bir dövr idi. İraqdakı Əməvi əleyhdarı mühitlə müttəfiq olan Abbasilər iqtidara gələrkən onların sahib olduqları siyasi və ictimai gücdən istifadə etdikləri üçün bu dövrdə Haşimilər rəvacda idilər. Yaşadığı dövrdəki siyasi abhavanın təsiri bir çox tarixçi kimi İbn İshaqın da əsərində öz əksini tapmışdı. Əbu Muhəmməd Əbdulməlik ibn Hişam əl-Himyəri (öl. 833) İbn İshaqın bu əsəri əsasında özünün “Sirətu’n-Nəbəviyyə” adlı tarix kitabını qələmə almışdır. İbn Hişamın “Sirətu’n-Nəbəviyyə”sinin İbn İshaqın adı çəkilən əsərinin genişləndirilmiş nüsxəsi adlandıra bilərik.