Skip to main content


Sultan şeyx Üveys (1356-1374)

Elxanilərin son dövrünün qüdrətli hökmdarı sultan Əbu Səid Bahadır xanın (1317–1335) ölümündən sonra sülaləyə mənsub şahzadələr arasında taxt uğrunda amansız mübarizə başlamışdı. Ayrı-ayrı qüdrətli ailələr hakimiyyətə özlərinin dəstəklədikləri namizədi gətirmək uçün çalışırdılar. Bu qanlı mübarizə Elxani sarayında tez-tez hakimiyyət dəyişikliyi ilə müşayət olunmuş, nəticədə dövlət tənəzzülə uğramışdı. Ara müharibələri əhalinin və ölkənin talanmasına, varyoxdan çıxmasına səbəb olmaqda idi. Elxanilər dövrünün ən qüdrətli tayfalarından Sulduzlara mənsub olan əmir Çoban xanın sultan Əbu Səidin qəzəbinə tuş gəlib oğlu Həsənlə birlikdə edam olunmasına baxmayaraq onun nəvələri Kiçik Həsən və Məlik Əşrəf taxt uğrunda mübarizədə öz namizədlərini hakimiyyətə gətirə bilmişdilər. Sultan şeyx Üveysin atası əmir Həsən Cəlairi Təbriz uğrunda Kiçik Həsən Cobani ilə vuruşub məğlub olmuş və geri çəkilib Sultaniyyə şəhərini əlində saxlamaqla kifayətlənmişdi. O, daha sonra Bağdad və İsfəhanı ələ keçirərək buralarda öz hakimiyyətini möhkəmləndirmişdi. Kiçik Həsən Çobani Elxanilərdən sultan Əbu Səidin ögey bacısı və sultan Arpa xanın (1335–1336) xanımı olmuş Satıbəy xatunu Elxani taxtına oturdaraq (1338–1339) vəkalətən dövləti idarə etmişdi. Beləcə Azərbaycanda Çobanilərin hakimiyyəti dövrü başlamışdı. Daha sonra Ənuşirəvan xan (1344–1356) adlı birini Elxani taxtına oturdan Məlik Əşrəf bütün bu illər ərzində özünün zalımlığı və acgözlüyü ilə ad çıxarmışdı. Həmin dövrdə yaşamış dövlət xadimi və salnaməçi Həmidullah Qəzvini Məlik Əşrəfin son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs olduğunu yazmışdı. O, Təbrizdə və digər Azərbaycan şəhərlərindəki tacirlər, sənətkarlar və bütün əhalinin üzərinə əlavə ağır vergilər qoyaraq, varlı insanların əmlakını müsadirə edərək böyük bir xəzinə meydana gətirmişdi. Belə ki, məğlub olub qaçmaq məcburiyyətində qaldığı vaxt onun xəzinəsini daşımaq üçün 1000 dəvə və 400 qatır lazım olmuşdu. Məlik Əşrəfin qəddarlığı və acgözlüyü səbəbiylə qonşu dövlətlərlə də münasibətləri pozulmuşdu. Məlik Əşrəfin xaincəsinə etdiyi qarətçi hücumu səbəbi ilə onunla dostluq münasibətindən olan Şirvanşahlar düşmənə çevrilmişdilər. 1352-ci ildə Arranda Cobanilərin hakimiyyətinə qarşı Dəli Bayəzid adlı bir şəxsin başçılığı ilə qaldırılmış qiyam çətinliklə də olsa yatırıla bilmişdi. Məlik Əşrəfin zalımlığı və soyğunçuluğundan təngə gəlmiş Təbrizli tacirlər, sənətkarlar və alimlər öz şəhərlərini tərk edib Şivana üz tutur, orada məskunlaşırdılar. Məlik Əşrəfin qarətçi hücumlarına məruz qaldığı üçün düşmənə çevrilmiş Şirvanşah Kavus onun hakimiyyətdən uzaqlaşdırılması üçün çalışmışdı. Bu məqsədlə hələ Elxanilərin qüdrətli dövrlərində onları özünə rəqib görən Qızıl Orda dövlətinə müraciət etməyi düşünmüşdülər. Həmin dövrün nüfuzlu din xadimlərindən Muhyəddin əl-Bərdəi Qızıl Orda hökmdarı Canıbəy xanın (1342-1357) yanına gedərək Məlik Əşrəf və adamlarının zülmündən danışmış, ondan Azərbaycanı bu zülmdən xilas etməyi xahiş etmişdi. Canıbəy xan böyük ordu ilə Azərbaycana daxil olmuşdu. Şirvanşah Kavus Məlik Əşrəf Cobaninin hegemonluğuna son qoymaq üçün Qızıl Orda xanına yardım etmişdi. Məlik Əşrəf Təbrizdən Naxçıvana qaçsa da yaxalanıb gətirilmiş və Təbrizdə edam edilərək kəsilmiş başı məscidlərdən birində asılaraq nümayiş etidirilmişdi.Sultan şeyx Üveys

Canıbəy xan Təbirzdə qalmayıb ölkəsinə qayıtmış, Azərbaycanın idarəsi üçün oğlu Bərdibəyi (Berdibek) Təbirzdə qoymuşdu. Lakin Bərdibəy 1357-ci ildə atası Canıbəyin ölüm xəbərini alıb taxta yiyələnmək üçün öz ölkəsinə getmişdi. Yenidən meydana gələn hakimiyyət boşluğu bəzi əmirlər və iri feodalların azğınlaşmasına səbəb olmuşdu. Azərbaycan və Arranda başlayan hərc-mərclik baş alıb getmişdi. Bərdibəyin öz yerinə naib qoyub getdiyi əmir Əxicik (Əxicuq) öz idarə üsulunda Məlik Əşrəfdən geri qalmamaqda idi. Məlik Əşrəfə sadiq adamlar bu dəfə onun ətrafında toplaşmışdılar. Əxicik və onun məmurları əhaliyə amansız divan tuturdular. Onlar əhalidən saysız-hesabsız vergi və mükəlləfiyyət tələb edirdilər. Təbrizin yoxsul təbəqəsi Əxiciyin zülmünə qarşı etiraz əlaməti olaraq yenidən şəhəri tərk etməyə məcbur olmuşdular.

Təbriz əyanı və nüfuzlu alimlər İraq və İran Əcəminə hakim olmuş sultan şeyx Üveysi Azərbaycanı Əxicik və əşrəfilərin zülmündən xilas etmək üçün ölkəyə dəvət etmişdilər. 1359-cu ildə ordusu ilə Təbrizə yaxınlaşan sultan şeyx Üveysin gəldiyini eşidən Əxicik və əşrəfi əmirləri Arazı keçib Arrana getmiş, Bərdə və Beyləqanda möhkəmlənmişdilər. Onlar Arran və onun dağlıq qismi olan Qarabağda qarətçiliklə məşğul olurdular. Sultan şeyx Üveys Əxicik və ətrafındakıları bütünü ilə dağıltmaq üçün onların üstünə ordu göndərmişdi. Lakin əmir Əli Piltən adlı şəxsin səriştəsizliyi nəticəsində bu hərbi səfər uğursuzluğa düçar olmuşdu. Sultan şeyx Üveys geri çəkilərək qüvvələrini səfərbər etmiş və yenidən Əxiciyini üstünə getmişdi. 1359-cu ilin avqustunda Fars hakimi Məhəmməd Müzəffər Yəzdi ilə Əxiciyin ordusu arasında baş vermiş döyüş birincinin qələbəsi ilə bitmişdi. Əxicik və ətrafındakı əşrəfi əmirlər yenidən Arrana qaçmalı olmuşdular. A.Bakıxanov “Gülistani-İrəm”də sultan şeyx Üveysin Əxiciyi yaxaladıb edam etdirdiyini qeyd etmişdir. Sultan Muizzəddin Üveys Təbrizi ələ keçirəndən sonra qısa müddət ərzində Naxçıvan, Arran, Mosul və Diyarbəkiri də ələ keçirib dövlətinin sərhədlərini genişlətişdi. O, həmçinin Şirvanşahları da itaət altına alaraq özünün vassalına çevirmişdi.

Bağdadda baş vermiş bir üsyanı yatırmaq üçün İraqa getmiş sultan şeyx Üveysin Bağdadda olmasından istifadə edən Şivanşah Kavus iki dəfə Qarabağa gəlib əhalinin bir hissəsini Şirvana köçürmüşdü. Buna görə də Bağdad səfərindən sonra sultan şeyx Üveys şirvanşahı cəzalandırmaq qərarına gəlmişdi. Cəlairi qoşunu əmir Bayram bəyin başçılığı ilə 1367-ci ildə Şirvana daxil olmuş, 3 ay orada qalmışdı. Şirvanşah Kavus ölkənin vəziyyətini nəzərə alıb Cəlairilərlə danışıqlara başlamışdı. Əmir Bayram bəy Şirvanşah Kavusu sultanın hüzuruna aparmışdı. Sultan şeyx Üveys onu həbs etdirmiş, 3 aylıq həbsdən sonra yenidən Şirvana hakim təyin etmişdi.

Sultan şeyx Muizəddin Üveys mömin, çox ibadət edən, saleh, yumuşaq qəlbli, alim və mücahid bir şəxs idi. O, Təbrizi Cəlairilər dövlətinin paytaxt şəhərinə çevirmişdi. Hakimiyyəti illərində bir sıra islahatlar aparmış, haqsız vergiləri aradan qaldırmışdı. Dövlət başçısı və alim kimi üstün keyfiyyətləri səbəbiylə Məkkədə cümə namazı x&uuuuml;tbələrində onun adı çəkilirdi. O, Məkkə hakimi İclan ibn Rumeysəyə qiymətli hədiyyələrlə yanaşı Kə’bəni  işıqlandırmaq üçün düzəltdirdiyi qızıl qəndillər də göndərmişdi. Onun hakimiyyəti illərində Azərbaycanın iqtisadi və ictimai həyatında canlanma baş vermişdi. Sultan şeyx Üveys elm əhlinə hörmət bəsləyir, alimləri himayə edirdi. Onun möminliyi, salehliyi və alimliyi haqqında tanınmış müəlliflərdən, onun müasiri olmuş İbn Həcər əl-Əsqəlani (İbna-il-Ğumr, II/23) və daha sonrakı əsrlərdə yaşamış Əbdulhəyy ibn əl-İmad əl-Hənbəli (Şəzərat-üz-Zəhəb, VI/720) öz əsərlərində məlumat vermişdilər.

Sultan şeyx Üveys mülki işləri və mühüm vəzifələri dövrün fəzilətli və bacarıqlı alimlərinə həvalə edirdi. Azərbaycanın tanınmış alimlərindən Hinduşah Naxçıvaninin oğlu Şəmsəddin Muhəmməd Naxçıvani (öl. 1376) sultan şeyx Üveys tərəfindən saraya cəlb olunmuş, bir müddət baş qazı (qazı-ul-quzat) vəzifəsində çalışmışdır.  Şəmsəddin Muhəmməd Naxçıvani özünün “Dəstur-ul-Katib fi Təyin-ul-Məratib” adlı dövlət təşkilatlanması, idarəçiliyi və protokol qaydalar haqqındakı əsərini sultan şeyx Üveysə təqdim etmişdi.

Sultan şeyx Üveyslə yaxın münasibəti olan, dövrün digər bir  alimi də qazı Əbdussəməd ibn Bəyaz Təbrizi (öl. 1364) idi. İbn-ul-Cəzəri özünün “Qayət-un-Nihayə” adlı əsərində qazı Əbdussəmədin gözəl əxlaqlı, xoş davranışlı, son dərəcə dindar və təqvalı insan olduğunu, qazılıq vəzifəsini icra edərkən heç bir məmurun və əmirin iltimasını dinləmədiyni, hətta sultan şeyx Üveysin belə onunla ziddləşməyə cəsarət etmədiyini qeyd edir. Gənclik illərində Şama gedib oradakı alimlədən təhsil almış Təbriz şəhərinin şeyxi qazı Əbdussəməd Təbrizi şafi’i məzhəbinə mənsub fəqih və qari idi. “Muxtəsər-uş-Şatibiyyə” adlı təcvidə dair əsərin müəllifi olan alim xüsusən Qur’ani-Kərimin qiraəti və təcvidi sahəsində ixtisaslaşmışdı. Məşhur qari şeyx Məs’ud əl-Əxlati onun tələbəsi olmuşdu.

Sultan şeyx Üvesy tərəfindən himayə edilmiş digər bir tanınmış şəxs də ədib və şair Şərəfəddin Həsən ər-Rami Təbrizidir (öl. 1393).  Şərəfəddin ər-Rami Təbrizi özünün “Ənis-ul-uşşaq” və “Hədayiq-ul-həqayiq” adlı əsərlərini sultan şeyx Üveysə ithafən qələmə almışdı.

Sultan şeyx Üveys tacirləri, sənətkarları və kəndliləri haqsız vergilərdən azad edərək ticarətin və təsərrüfatın canlanması üçün bir sıra islahatlar aparmışdı. Onun hakimiyyəti dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında nəzərəçarpacaq canlanma baş vermişdi. Suvarma kanalları çəkilmiş, memarlıq abidələri inşa olunmuş, kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli şərait yaradılmışdı. O, haqsızlığa uğrayan tacir və sənətkarların şikayətlərini şəxsən dinləyərək bir başa müdaxilə edir, suçluları cəzalandırırdı. Sultan şeyx Üveys Təbrizin məhvə uğramış keçmiş ticari əhəmiyyətini bərpa  etməyə cəhd göstərmişdi. O, gömrük vergilərini xeyli azaldaraq Təbriz bazarlarını əcnəbi tacirlər üçün cazib hala gətirmiş, xarici ticari əlaqələrin qurulması üçün çalışmışdı. Sultan şeyx Üveys Trabzon hökmdarı vasitəsilə Venetsiya hökmdarına məktub göndərərək Venetsiya tacirlərini Təbrizə dəvət etmişdi. O, vəd edirdi ki, Venetsiya tacirləri Təbrizdə yaxşı qəbul olunacaq və keçmişə nisbətən az gömrük haqqı alınacaqdır. Azərbaycanla Venesiya arasındakı ticarət əlaqələri 1344-cü ildən bəri kəsilmiş halda idi. Sultan şeyx Üveysin səyi nəticəsində bu əlaqələr bərpa edilmiş, Venetsiyanın Təbrizdə daimi ticarət nümayəndəliyi açılmışdı.

Sultan şeyx Üveys ticarət yollarının, körpülərin bərpası, yeni yolların çəkilməsi, ölkənin abadlaşdırılması istiqamətində də çox iş görmüşdü. Təbrizin Sahibabad meydanında sultan şeyx Üveys tərəfindən böyük bir hökumət binası inşa etdirilmişdi. Bu bina “Dövlətxana” adı ilə tanınırdı. O, Təbrizin Çaharminar səmtində möhtəşəm bir mədrəsə inşa etdirərək alimlərin və tələbələrin istifadəsinə vermişdir. 1374-cü ildə vəfatından sonra Cəlairi taxtına sultan şeyx Üveysin oğlu sultan Hüseyn (1374-1382) oturmuşdu.