Skip to main content


Qazi və Şəhid Şirvanşah I Fərrux Yəsar (1465-1500)

Fərrux Yəsar həmin dövrdə Konstantinopolu fəth etmiş Osmanlı sultanı Fateh II Mehmedlə (1451-1481) diplomatik əlaqələr qurmuş, şirvanlı dövlət xadimi xələf-ul-üməra Ziyaəddin Yusifi qiymətli hədiyyələrlə sultanın yanına göndərmişdi. 1466-cı ildə Moskva knyazı III İvanın (Qroznıy) elçi heyəti Şamaxıya gələrək knyazın göndərdiyi qiymətli hədiyyələri şirvanşah Fərruxa təqdim edərək onunla dostanə münasibətlər qurmaq niyyətini bəyan etmişdi. Fərrux Yəsar da öz səfirini Moskvaya göndərmişdi. Teymurilərlə dostluq münasibətlərini davam etdirən şirvanşah Fərrux Yəsar Ağqoyunlu hökmdarı Uzun Həsənin təzyiqi ilə bu münasibətlərə son qoymaq məcbuiyyətində qalmışdı.

Teymuri hökmdarı Əbu Səid Uzun Həsəni itaət altına almaq üçün 1468-ci ildə ordu ilə Qarabağa gəlmişdi. Şirvanşah Fərrux Yəsarın gəmilərlə göndərdiyi ərzaq Teymuri ordusunu təmin etməkdə idi. Lakin Uzun Həsənin təzyiqi ilə bu yardım dayandırılmış, beləcə Əbu Səid öz ordusu ilə Arranda çox çətin vəziyyətdə qalmışdı. Həmin il baş vermiş döyüşdə Əbu Səid Ağqoyunlulara məğlub olaraq əsir düşmüş və boynu vurularaq edam edilmişdi. Əbu Səid Teymurilərin son qüdrətli hökmdarı idi. Onun ölümündən sonra Teymurilər dövləti zəifləməyə doğru üz tutmuşdu. Sözü gedən döyüşdə Uzun Həsənə ən çox yardım göstərənlərdən biri də Ərdəbildəki ələviləşmiş sufi təriqətinin lideri Heydər Səfəvi idi.

Uzun Həsən Trabzonun yunan Komnenlər sülaləsinə mənsub hökmdarı İohannın qızı Katerina ilə evli idi. Bu nikahdan dünyaya gəlmiş qızı Həliməni (Marta) Heydər Səfəviyə ərə vermişdi. Fərrux Yəsarın xanımlarından biri Dağıstan hakimi (Qaytaq üsmisi) Adil bəyin bacısı idi. Bu nikahdan dünyaya gəlmiş qızı Gövhər sultanı Uzun Həsənin oğlu, vəliəhd şahzadə Yaqub bəylə evləndirmişdi. Beləcə bu dövrdə Qafqazın müsəlman hakimləri öz aralarında qohumluq əlaqələri də qurmuş və mehriban münasibətdə idilər. Bir nəfərdən başqa. Bu hələ ki, təqiyyə edərək özünün gerçək simasını açıqlamamış Heydər Səfəvi idi.meqale 4 2

Şafii məzhəbinə mənsub şeyx Səfiyəddin Ərdəbilinin Ərdəbildəki sufi ocağı bu dövrə qədər siyasi işlərlə maraqlanmayıb sırf dini xarakterli bir cərəyan kimi mövcud olmuşdu. Atası şeyx İbrahim Ərdəbilinin ölümündən sonra 1447-ci ildən təriqətə rəhbərlik edən Cüneyd Ərdəbili ilk dəfə səfəvi təriqətinə mənsub müridlər arasında batini-ələvi fikirləri yaymağa başlamışdı. Onun həm də siyasi fəaliyyətə başlaması Qaraqoyunlu hökmdarı Cahanşahın narahatlığına səbəb olmuş, Cahanşah şeyx İbrahimin qadaşı şeyx Cə’fər Ərdəbilidən qardaşı oğlunu xanəgahdan uzaqlaşdırmağı tələb etmişdi. Ərdəbil xanəgahından qovulan Cüneyd Anadoluya getmişdi. Buradakı sufilərin arasında şiə-batini təbliğatı apardığı üçün qazı tərəfindən Qaramanoğlu bəyinə şikayət edilmiş və onun əmri ölkədən qovulmuşdu. Anadoludan Şama gedən Cüneyd Səfəvi burada da şiə-batini təbliğatı apararaq ətrafına dəstə toplayıb onları silahlandırmışdı. Lakin Misir Məmlüklü dövlətin göndərdiyi ordu qüvvəsi Cüneydin ətrafındakı silahlı ələviləri məğlub edəndən sonra o, Şamdan qaçmalı olmuşdu. 1456-cı ildə Cüneyd hələ o vaxt tanınmış hökmdar olmayan Diyarbəkir əmiri Uzun Həsənin yanına gəlmişdi. Uzun Həsənin yanında təqiyyə edərək gerçək əqidəsini açıqlamayan və yaymayan Cüneyd onun rəğbətini qazanmışdı. Uzun Həsən Cüneyd Səfəvinin ətrafına toplaşmış sufi camaatından rəqibi Qaraqoyunlulara qarşı istifadə etmişdi. Xidmətlərini nəzərə alaraq o, bacısı Xədicə bəyimi Cüneyd Səfəviyə ərə vermişdi. Hakim Bayandurlu (Ağqoyunlular) ailəsi ilə qohumluq Cüneydin işinə yaradı. O, bu qohumluq əlaqəsindən istifadə edərək sufi camaatları arasında öz nüfuzunu gücləndirdi və ətrafına xeyli adam toplaya bildi.

Ətrafındakı silahlı müridlərin çoxluğu Cüneydin siyasi hərisliyini alovlandırdı. O, Şirvana soxulub ölkəni zəbt etmək, şirvanşahların hakimiyyətinə son qoyub orada öz iqtidarını bərqərar etmək xəyalına düşdü. Suriya və Anadoludan ətrafına topladığı 10 min silahlı ələvi ilə Şirvana gələn Cüneyd Səfəvi niyyətinin Dərbənddən keçib şimali Qafqaza gedərək buradakı qeyri-müsəlmanlarla vuruşmaq, “cihad” etmək olduğunu bəyan etmişdi. Lakin şirvanlılar və cənubi dağıstanlılar onun əsl niyyətindən xəbərdar olub Şirvanşah I Xəlilullahı da agah etmişdilər. Şirvana daxil olan Cüneyd Səfəvi şimali Qafqazdakı xristianları buraxıb yerli müsəlman əhalinin canına və malına təcavüz etmiş, qətl və qarət törətmişdi. Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahanşahın göndərdiyi silahlı dəstənin də yardımı ilə 1460-cı ildə Samur çayı sahilində, Qıpçaq kəndi yaxınlığında Cüneyd Səfəvinin ordusu ilə döyüşə girərək onları məğlubiyyətə uğratmışdı. Döyüşdə oxla vurulub öldürülən Cüneyd Səfəvini müridləri indiki Qusar rayonu ərazisindəki Həzrə (Gülxan) kəndində bastırmışdılar.

Cüneyddən sonra onun ələvi-sufi müridləri oğlu Heydər Səfəvinin ətrafında toplaşmağa başlamışdılar. Bu vaxt həm Bayandurlu, həm də Şirvanşahlarda hakimiyyətə yeni hökmdarlar gəlmişdi. I Xəlilullahdan sonra oğlu Fərrux Yəsar şirvanşah olmuş, Həsən padşahın ölümündən sonra 1478-ci ildə Bayandurlu taxtına oğlu Yaqub bəy oturmuşdu. Heydər Səfəvi Ağqoyunlu hökmdarı Yaqub bəyin bacısının əri, yeznəsi idi. Yaqub bəyin xanımı Gövhər sultan isə Fərrux Yəsarın qızı idi. Yəni Fərrux Yəsar Yaqub bəyin qayınatası idi. Heydər Səfəvi silahlandırdığı təriqət üzvləri ilə şimali Qafqaza gedib oradakı qeyri-müsəlmanlara qarşı cihad etmək niyyətində olduğunu bildirmiş, qayını olan Yaqub bəyin məktubunu şirvanşah Fərrux Yəsara çatdıraraq onun torpaqlarından keçib getmək üçün izn istəmişdi. Şirvanşah ona izn verərək silah-sursatla da yardım etmişdi. Heydər Səfəvi özünün müridləri ilə Dərbənddən keçib Qafqazın şimalındakı, o vaxt hələ İslamı qəbul etməmiş çərkəz kəndlərini çapıb talayıb geri qayıtmışdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Heydər Səfəvi 6000 nəfər əsir alaraq Dərbənddən Şirvanşahların torpaqlarına daxil olub, Ərdəbilə qayıtmışdı.

Heydər Səfəvi 1488-ci ildə padşah Yaqubun bəyin vasitəçiliyi şirvanşahlardan izn alaraq onların torpaqlarından keçib şimali Qafqaza getmək istəmişdi. Heydər Səfəvi Ərdəbildən çıxıb Qarabağa doğru üz tutdu. Yolda Talış və Qarabağdan atasına bağlı olmuş bir çox mürid gəlib ona qoşuldu. Qarabağa gələn Heydər Səfəvi Arranın baş qazısının mülkü olan, cizyə ödəyən zimmət əhli xristianların yaşadıqları Çelabert və ətrafındakı yerlərə hücum təşkil etdi. İslam hüququna görə cizyə ödəyən zimmilərə toxunmaq qadağan ikən Heydər Səfəvi onları qarət edib öldürdü, bir qismini isə əsir aldı. Daha sonra o, elçisini Şirvanşah Fərrux Yəsarın yanına göndərib ordusu ilə Dərbənddən şimali Qafqaza keçmək istədiyini bildirdi. Lakin bu dəfə Heydər Səfəvinin niyyəti şimali Qafqaza getmək deyildi. O, elçini də casusluq üçün göndərmişdi. Şirvanşah Fərrux Yəsar Heydər Səfəvinin həqiqətən qeyri-müsəlmanlarla “cihad” etmək üçün izn istədiyinə inanıb ona izn verdi. Hətta “cihad”a yardım məqsədiylə ona çox miqdarda zireh, at və silah-sursat da göndərmişdi. Şirvanşah Fərrux Yəsar özünün elçisini də Heydərin elçisinə qoşub göndərmişdi. Heydər Səfəvinin elçisi qayıdıb gördüklərini və öyrəndiklərini ona danışmışdı. O, şirvanşahın başının övladlarından birinin toyuna qarışdığını, sülh və əmin-amanlıq olduğu üçün Şirvan ordusunun səfərbər olmayıb ölkə ərazisində dağınıq vəziyyətdə olduğunu bildirmişdi. Heydər Səfəvi bunun ən münasib fürsət olduğunu düşünüb şirvanşahın elçisini yanına çağırdı. Onu hədələyərək niyyətinin Şirvanı zəbt etmək olduğunu bildirdi və bunu şirvanşaha çatdırmasını söylədi. O, elçinin atını belə özünə verməyərək piyada yola saldı. Buna görə də Şirvanşah Fərrux Yəsar uğradığı xəyanətdən xeyli gec xəbər tuta bildi. O, Heydər Səfəvinin ordusu ilə Kürü keçib Şamaxıya yaxınlaşmaqda olduğunu öyrənəndə ailəsi, dövlət ərkanı, xəzinə və Şamaxı əhalisinin bir qismini götürüb Gülüstan qalasına çəkildi. Heydər Səfəvinin dinc əhali ilə işi olmayacağını düşünülərək əhalinin əksəriyyəti Şamaxıda qalmışdı. Lakin Heydər Səfəvi və yanındakı silahlı ələvilər Şamaxıya soxulanda qadın-uşaq demədən böyük bir qətliam törətdilər. Səfəvi qoşunu Şamaxını qarət və talan etdi, əhalisini qılıncdan keçirdi, sonra şəhərə od vurub yandırdı. Sonra isə Heydər Səfəvi Gülüstan qalasına doğru üz tutdu. Şamaxının başına gələn müsibəti eşidən Şirvan kəndliləri qeyri-peşəkar ordu təşkil edib Heydər Səfəviyə hücum etdilər. Lakin məğlub olub geri çəkilməli oldular. Şirvanşah Fərrux Yəsar Gülüstan qalasında 7 ay mühasirədə qalaraq inadla müqavimət göstərmişdi. O, bu müddətdə ordusunu səfərbər və təchiz etmək üçün tədbir görmüş, Ağqoyunlu hökmdarı, nəvəsi Yaqub bəyə məktub yazaraq onun tövsiyəsi ilə gəlmiş adamın etdiyi xəyanəti bildirmiş və kömək istəmişdi. Heydər Səfəvinin bu hərəkəti padşah Yaqub bəyin qəzəbinə səbəb olmuşdu. O, müsəlmanların tökülmüş qanının qisasını almaq üçün şəxsən ordusuna başçılıq edərək Sultaniyyə şəhərindən Şərvana doğru yola çıxdı. Ağqoyunlu ordusunun yaxınlaşdığı xəbərini alan Heydər Səfəvi Gülüstan qalasının mühasirəsini buraxıb Mahmudabad şəhərinə getdi, bu şəhəri də talan edib dağıldandan sonra şimala, Dərbəndə doğru getdi. Dərbəndə çatıb şəhəri mühasirəyə aldı. Əmir Süleyman Bicəkoğlu və əmir Ayabanın başçılığı altındakı Şirvan və Ağqoyunlu orduları Heydər Səfəvi və quldur dəstəsini haqlamaq üçün Dərbəndə tərəf yola çıxdılar. Onu Təbərsəranda haqladılar. 9 iyul 1488-ci ildə dağlıq və döyüş üçün əlverişsiz yerdə tərəflər arasında şiddətli vuruşma baş verdi. Döyüş vaxtı atılan bir ox Heydər Səfəvini boynundan ağır yaraladı. Ətrafındakı ələvi-sufilər onu dövrəyə alaraq vuruşsalar da tezliklə cərgələri dağıldı və onlar yaralı şeyxlərini döyüş meydanında qoyub qaçdılar. Qapıçı Əli ağa Heydər Səfəvinin başını kəsərək gətirib əmir Süleyman Bicəkoğluna verdi. Tezliklə ələvi-sufilərin qalan qismi də məğlub və məhv edildi. Kəsik baş Ağqoyunlu hökmdarı Yaqub bəyə göndərildi. Padşah Yaqub bəy Heydər Səfəvinin arvadını (öz bacısı idi) oğulları Sultanəli, İsmayıl və İbrahimlə birikdə Şiraz yaxınlığındakı İstəxr qalasına sürgün etdi. Yaqub bəydən sonra Ağqoyunlu taxtına oturan Rüstəm bəy onları İstəxrdən çıxarıb Van gölündə, Axtamar monastırını olduğu eyni adlı adaya sürgün etmişdi. Daha sonra fikrini dəyişib Heydər Səfəvinin oğularını öldürtmək istəmişdi. Onların göndərilməsini tələb edəndə Axtamar manastırının erməni keşişləri İsmayıl Səfəvi və qardaşlarını qorumaq üçün onları Qarabağa qaçırmış və oradakı ermənilərin yanında gizlətmişdilər. Onlar daha sonra Gilana gedərək orada atalarına sadiq olan adamların yanında gizlənmişdilər. Lakin Sultanəli Ərdəbil yaxınlığında yaxalanıb öldürülmüşdü.

İsmayıl Səfəvi 13 yaşına çatandan sonra atasının sadiq adamları onun ətrafında toplaşaraq İsmayılı özlərinin mürşidi saymışdılar. 1500-cü ildə ətrafına öz həmfikirlərini toplayıb kifayət qədər gücləndiyini düşünən İsmayıl Səfəvi atası və babasının qisasını almaq üçün Şirvana hücum etmişdi. Şamaxı yaxınlığındakı Cəbani düzənliyində İsmayıl Səfəvinin qızılbaş ələviləri ilə Şirvanşah Fərrux Yəsarın ordusu arasında döyüş baş vermişdi. Şirvanşah Fərrux Yəsar və əmirləri bu qeyri-bərabər döyüşdə sona qədər mərdliklə vuruşub həlak olmuşdular. Şahgəldi adlı bir qızılbaş ələvi şəhid olmuş Şirvanşah Fərrux Yəsarın başını bədənindən ayıraraq İsmayıl Səfəviyə gətirmişdi. İsmayıl Səfəvinin əmri ilə Cəbani düzündəki döyüşdə həlak olmuş Şirvanlı döyüşçülərin başları kəsilərək 7000 kəllə üst-üstə yığılmışdı. meqale 4 3

Şirvanşah I Fərrux Yəsarın adı bu gün də mövcud olan, onun əmri ilə inşa olunmuş bəzi abidələrin üzərində mövcuddur. Bunlardan biri Dərbənddəki cümə məscidinin və mədrəsəsinin, digəri Dağıstandakı Axtı qalası və məscidinin, bir digəri isə Mərdəkandakı Tuba məscidinin daş kitabəsidir. Şirvanşah I Fərrux Yəsarın Dərbənddə inşa etdirdiyi mədrəsənin daş kitabəsində belə yazılmışdır: “Uca və pak olan Allah buyurur: " Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın (Mücadilə surəsi 11)". Allahın xalis bəndəsi və onun istəklərinə talib olan və onun qəzəbindən qorunan, dünyada gözəl  əxlaq sahibi, zəmanə əmirlərinin ən ədalətlisi, Şirvanşah orada (mədrəsədə) qiyamət gününə qədər  şəriət elmləri təhsil edən tələbələrin xatiri üçün bu mübarək mədrəsənin tikilməsindən ötrü hicri səkkiz yüz yetmiş doqquzuncu ildə əmr etmişdir”.