Skip to main content


Dəvətin inşa mərhələləri

Deyib gedənlər təəssüf ki, ictimaiyyət arasında son vaxtlar çoxdur. Onlar deyir və gedirlər.

İstər virtual aləmdə, istərsə də real həyatda onların dedikləri ilə din yaşayan müsəlmanlar isə bir-birini qırır, qəlblər ayrılır, dillər korlanır.

Deyib getmək çox asandır. Deyib gedəndə sənin kimliyin də müqəddəs rahiblər kimi bilinməz qalır. Real həyatda isə sən necə birisən bilinmir.

Kişi olaraq kişisənmi (Allah deyəndən nəzərdə tuturam, heç kim öz üzərinə götürməsin), həyat yoldaşı olaraq həyat yoldaşısanmı, ata olaraq atasanmı, dost olaraq dostsanmı. Bilinməzlərdən olma, qardaşım!

De! Qal və inşa et! Bu olduqca çətin, amma dəyərli bir işdir. Sən deyəndə inşa etmək üçün qalacaqsan. Bir İslam şəxsiyyətini öz nəfsində, həm də dəvət etdiklərinin nəfsində yetişdirəcəksən. İnsanlar səni tanıyacaq. Bir kişi kimi, həyat yoldaşı kimi, ata kimi, dost kimi bilinəcəksən. Bilindinsə, insanlar səni sevsə real sevəcək. Alsa, səndən real alacaq. Ölsə, səninlə real öləcəkdir. Qalsa, səninlə real qalacaqdır.

Baxıram, sahə buraxmadın. Əqidədən girdin, fiqhdən çıxdın, təfsirə baş vurdun, nəsihətdən danışdın.

İnan ki, bəzən düşünürəm, dəvətçi qardaşlarım, sizin statusları yığsaq kitablar olar. İbn Teymiyyələrin, İbn Qayyimlərin, Əhməd ibn Hənbəllərin, Əbu Hənifələrin kitabları kimi.

Amma bilmirəm, mən avamdan və siz alimlərdən şam zindanının divarlarına əsər yazan İbn Teymiyyələr olarmı? Zalımdan vəzifə almağı ar sayan Əbu Hənifələr olarmı? Ümmətin fitnəyə düşməməsi üçün qamçıya çiyin verən Əhməd ibn Hənbəllər olarmı? Yaxud da zalımların qarşısında dik dayanan İbn Zubeyrlər olarmı? Tək gəzən, tək ölən Əbu Zərrlər olarmı?

Bu halımızla olmaz. Bu halı olmayanlar isə inşa etməz. Ancaq deyər və gedər.